Modern.az

BDU alimlərinin “Spider effekti”ni tanınmış kimyaçılar qəbul edib

BDU alimlərinin “Spider effekti”ni tanınmış kimyaçılar qəbul edib

21 İyun 2016, 13:13

ABŞ-ın akademik nəşrlər üzrə ixtisaslaşmış Wiley (Uayli) nəşriyyatında 25 bölmədən ibarət ingilis dilində "Yeni birləşmələrin sintezi və dizaynında qeyri-kovalent qarşılıqlı təsirlər" monoqrafiyası (465 səh.) çap olunub. 1807-ci ildən fəaliyyət göstərən, indiyədək 350-dən artıq Nobel mükafatçısının kitabını çap edən ABŞ-ın akademik nəşrlər üzrə ixtisaslaşmış həmin məşhur nəşriyyatında 200 il ərzində ilk dəfədir ki,  azərbaycanlı alimlərin kitabı çap olunur. BDU-nun rektoru, akademik Abel Məhərrəmovun ümumi rəhbərliyi ilə nəşr  edilən bu kitabda kimyanın yeni sahəsi olan qeyri-kovalent yeni tipli rabitələrin maddələrin sintezində və kristal qəfəsin formalaşmasında (molekulyar quruluşun dizaynında) əhəmiyyətli rolu müəyyən edilib. Bu elmi yenilik alimlərimiz tərəfindən ilk dəfə olaraq "hörümçək (spider) effekti" adı ilə ədəbiyyata daxil edilib. Təklif olunan bu elmi yeniliyi təsdiqləyən dünyanın 17 ölkəsindən olan (İspaniya, İtaliya, Portuqaliya, Almaniya, ABŞ, Yaponiya və s.) tanınmış alimlərin elmi tədqiqat işləri də həmin kitabda yer alıb. Monoqrafiyanın azərbaycanlı alimlərin təklif etdiyi ideya və elmi redaktorluğu ilə hazırlanması Azərbaycan elminin müasir səviyyəsinin dünyada qəbul olunmasından xəbər verir. Kitabın nüfuzlu nəşriyyat tərəfindən böyük tirajla çap olunması, tanınmış ali məktəblərə və elmi mərkəzlərə tövsiyə edilməsi, xüsusi internet səhifələrində reklamının yerləşdirilməsi onun yüksək məziyyətlərinin göstəricilərindəndir. Bu kitab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda elmin inkişafı istiqamətində aparılan mühüm işlərin nəticələrindən biri hesab edilə bilər.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir