Yanvarın 18-də Təhsil Nazirliyində İctimaiyyətlə əlaqə şöbəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib.
İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə rəhbərlik etdiyi şöbənin vəzifələri, fəaliyyət istiqamətləri, strukturu, əməkdaşların vəzifə bölgüsü və 2010-cu il üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söz açıb. Bildirib ki, 200-ə yaxın tədbirdə media nümayəndələrinin iştirakı təmin olunub, mətbuat konfransları keçirilib, nazirliyin 30-dan çox əməkdaşının, tanınmış təhsil mütəxəssislərinin, beynəlxalq məsləhətçilərin müxtəlif televiziya və radio verilişlərində iştirakı, 450-yə yaxın müsahibəsi təşkil edilib, rəsmi məlumat, press-reliz və təqdimatlar kütləvi informasiya vasitələrinə çatdırılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva bildirib ki, müəllimlər müsabiqə yolu ilə işə götürülərkən məktəbdə həmin ixtisas üzrə işləyən müəllimlərin orta dərs yükünün ən azı 18 saat olması ciddi tələb kimi qarşıya qoyulub. İdarə müdiri BŞTİ-nin tabeliyindəki məktəbəqədər, məktəbdənkənar təhsil müəssisələri və ümumtəhsil məktəblərində tədrisin vəziyyəti, aparılan təmir-tikinti işləri barədə göstəriciləri nəzərə çatdırıb, Bakıdakı ümumtəhsil məktəblərinin V-XI siniflərində təhsil alan 21 şagirdə bir kompüter nisbətinin təmin edildiyini söyləyib.
Nailə Rzaquliyeva bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 264-ü genişzolaqlı internet şəbəkəsinə, bütün məktəblər lokal şəbəkəyə, bir sıra tədris ocaqları isə “Elektron məktəb” layihəsinə qoşulub. Audiovizual dərs vəsaitlərinin tətbiqi yönündə görülən işlərə toxunan N.Rzaquliyeva paytaxtın əksər məktəblərində biologiya, fizika, Azərbaycan tarixi və kimya fənlərinin artıq elektron dərsliklər əsasında tədris edildiyini nəzərə çatdırıb. Ötən illərlə müqayisədə 2010-2011-ci dərs ilində ali məktəblərə qəbul imtahanlarında Bakı məktəblərini bitirənlərin 44,83 faizinin tələbə adı qazandığını önə çəkən idarə müdiri xarici ölkələrin ali məktəblərinə və xüsusi təyinatlı ali məktəblərə qəbul olunanlarla birlikdə bu göstəricinin 48 faizə yüksəldiyini deyib.
O qeyd edib ki, ötən il 5867 müəllim ixtisasartırma kurslarına, 2014 müəllim müxtəlif tematik kurslara, I-III siniflərdə dərs deyəcək 1681 müəllim isə kurikulum kurslarına cəlb olunub.
Sonda təhsil naziri Misir Mərdanov hər iki hesabatda səslənən fikirlərə münasibət bildirib, bir sıra məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.
Modern.az