Modern.az

Bakıda 60 min şagird buraxılış imtahanları verəcək

Bakıda 60 min şagird buraxılış imtahanları verəcək

23 İyun 2016, 12:05

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) iyunun 25-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

TQDK-dan Modern.az-a bildirilib ki, həmin gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.

İmtahanlarda ümumilikdə 55 908 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 31254, XI sinif üzrə 24654).

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 13-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, 16 yaşı aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Xatırladaq ki, IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 79 imtahan mərkəzi ayrılıb.

Həmin gün 31254 (Yasamal rayonunda 2744, Binəqədi rayonunda 3770, Səbail rayonunda 1683, Xətai rayonunda 3397, Nərimanov rayonunda 2337, Nəsimi rayonunda 2089, Nizami rayonunda 2474, Sabunçu rayonunda 4611, Xəzər rayonunda 2908, Suraxanı rayonunda 2925, Qaradağ rayonunda 2067, Pirallahı rayonunda 249) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 72 imtahan mərkəzi ayrılıb.

Həmin gün 24654 (Yasamal rayonunda 2382, Binəqədi rayonunda 3125, Səbail rayonunda 1523, Xətai rayonunda 2874, Nərimanov rayonunda 2197, Nəsimi rayonunda 1719, Nizami rayonunda 2072, Sabunçu rayonunda 3074, Xəzər rayonunda 1934, Suraxanı rayonunda 2140, Qaradağ rayonunda 1408, Pirallahı rayonunda 206) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 79 ümumi imtahan rəhbəri, 207 imtahan rəhbəri, 2474 nəzarətçi-müəllim ayrılıb.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir