Modern.az

3 manata görə bağça müdirinə töhmət verildi

3 manata görə bağça müdirinə töhmət verildi

24 İyun 2016, 09:41

Bakının Binəqədi rayonunda yerləşən 210 saylı bağçada tərbiyə alan uşağın 3 manatı ödəmədiyinə görə tədbirdən kənarlaşdırılması cəmiyyətdə böyük hay-küyə səbəb olmuşdu.

Həmin uşağın valideyni Vəfa Səfərova bir daha Bakı Şəhər İcra Hakimiyyətinin məktəbəqədər müəsisələrin idarə rəisi Eldar Yunusovun qəbulunda olub.

Modern.az saytı xəbər verir ki, E.Yunusov valideynlə görüşündə hadisəyə səbəb olan müdirəni cəzalandırıb:


“Bildiyiniz kimi 3 manat vermədiyimizə görə, müdirə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə hələ 3 yaşı olmamış qızım Əsməri bağçada keçirilən bayram tədbirindən uzaqlaşdırıb, texniki işçiylə birgə otaqda dustaq etmişdi. Bu məsələni ictimaiyyətin qınağına buraxdım. Və tezliklə məsələ aidiyyatı qurumlara da gedib çatdı. Məsələyə birbaşa aidiyyatı olan Bakı Şəhər İcra Hakimiyyətinin məktəbəqədər müəssisələrin idarə rəisi Eldar Yunusov bizi müdirə, müəllimə və “texniçka” ilə birgə ora dəvət etdi.

Söhbətə başlayar-başlamaz müdirə Əsmərin həmin gün, həmin tədbirdə çəkilən fotosunu təqdim elədi. Bu bir az aldadıcı təsir göstərdi. Yəni içimdə bir az rahatlıq yarandı ki, uşaq tək qalmayıb”.

Valideyn daha sonra başa düşüb ki, şəkil Əsmərin otağa aparılmasından əvvəl çəkilib:

“Yəni müdirənin gözü elə oradaca balaca qızcığaza sataşıb, “cəzasını” da elə ordaca kəsib. Beləliklə qəbul vaxtı müdirə, müəllimə və “texniçka”- 3 fərqli görünüşlü, amma eyni əqidəli insanlar üzümüzə durdular ki, uşaq tədbirdə olub. Gah dedilər uşağı gün vurdu, özünü pis hiss elədi, gah dedilər uşaq şalvarını batırdı, gah dedilər kloundan qorxdu.

Nə isə... Qəbulda Eldar müəllim bildirdi ki, tədbirdə çəkilən videogörüntüdən sonra yekun qərar veriləcək. Lakin bu məsələ bir az uzandı, çünki Eldar müəllimin məzuniyyətə gedən vaxtına düşmüşdü.

Beləcə iyunun 23-də yenidən İcra Hakimiyyətinə dəvət olunduq. Eldar müəllim özü bizi qəbul elədi. Keçən dəfəki kimi səmimi, mehriban, anlayışlı... Bildirdi ki, videoya baxılıb, amma Əsmər orada yoxdur. Bu da bir çox mətləblərə işıq salır. Müdirə ilə ciddi şəkildə danışılıb və ona şiddətli töhmət verilib. Mən Eldar müəllimdən üzr istəyərək, həmin əmri görmək istədiyimi dedim. Sağ olsun, o da məni qırmadı. Həmin əmri mənə göstərdi. Orda 210 saylı bağçanın müdirəsi Həmidə Əliyevaya işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verildiyi və eyni zamanda bu xəbərdarlıqdan sonra həmin bağça ilə əlaqədar hər hansı bir şikayət, narazılıq baş verərsə, dərhal işdən azad olunması haqqında əmr veriləcəyi yazılmışdı”.

E.Yunusov baş verən xoşagəlməz hala görə müdirənin də əvəzinə valideyndən üzr istəyib və bu kimi halların baş verməyəcəyinə dair valideynə söz verib.

Qeyd edək ki, tərbiyə müəssisəsində baş verən hadisə cəmiyyətdə geniş rezonans doğurmuşdu.

 
Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər