Modern.az

Zakir Həsənov NATO nümayəndəsinə Qarabağdan DANIŞDI

Zakir Həsənov NATO nümayəndəsinə Qarabağdan DANIŞDI

24 İyun 2016, 11:36

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin rəisi general-mayor Yanuş Boyarski ilə görüşüb.

Modern.az xəbər verir ki, qonağı salamlayan müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, həmçinin qoşunların qarşıdurma xəttindəki cari əməliyyat şəraiti barədə danışıb.

Nazir Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq proqramları, xüsusi ilə də Azərbaycan Silahlı Qüvvələri ilə alyansa üzv olan və tərəfdaş dövlətlər arasında qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək" missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Müdafiə naziri Z.Həsənov "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göstərilən dəstəyə görə qonağa öz təşəkkürünü bildirib.

Öz növbəsində general-mayor Y.Boyarski Müdafiə Kollecinin fəaliyyəti barədə məlumat verərək Azərbaycana səfərdən məmnun qaldığını diqqətə çatdırıb.

O, səfərdə olan bütün heyət üzvləri adından səmimi qəbula, müxtəlif qurumlarda görüşlərin təşkilinə görə müdafiə nazirinə təşəkkür edərək Müdafiə Kollecinin təşkil etdiyi mövcud kursların vacibliyini xüsusi vurğulayıb. Avropa, Yaxın Şərq və Şimali Afrika regionlarının 31 ölkəsindən olan 120 nəfərlik heyətin əksəriyyətinin müdafiə və təhlükəsizlik sahəsində strateji vəzifələrdə çalışdığını diqqətə çatdıran qonaq bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir