Modern.az

Vergi  Məcəlləsi dəyişdirildi  - bu mallar ƏDV-dən azad oldular

Vergi  Məcəlləsi dəyişdirildi  - bu mallar ƏDV-dən azad oldular

24 İyun 2016, 12:41

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

 

Modern.az-ın məlumatına görə, bu, bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasda qəbul edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

 

Bununla əlaqədar vergi ödəyicisinə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək hüququ verilir.

 

Müvafiq olaraq vergi orqanlarının vəzifələri sırasına isə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmaq, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı və texniki avadanlıqlarla təchiz etmək, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük-sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etmək əlavə edilib.

 

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər Azərbaycana xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədi güdür.

 

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən əlavə dəyər vergisinin qaytarılması sisteminin (Tax Free) tətbiqi əmtəə dövriyyəsinin artması ilə nəticələnməlidir.

 

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da Vergilər Məcəlləsinə dəyişikliyin günün tələbi olduğunu qeyd edib. C. Qurbanov həm də bütün məhsullara ƏDV-nin tətbiqinin düzgün olmadığını söyləyib.

Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür