Bu gün saat 14:00-da Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə baxılacaq. AİP sədrinin vəkili Anar Qasımov bildirib ki, bir neçə dəqiqə bundan qabaq Bakı Apellyasiya Məhkəməsindən ona zəng edərək məlumat veriblər.
Qeyd edək ki, AİP sədri Mövsüm Səmədov haqqında bu il yanvarın 7-də Nərimanov rayon Məhkəməsinin inzibati xəta haqqında qərarı ilə polisə müqavimət göstərməkdə təqsirli bilinərək 13 sutka müddətinə inzibati qaydada həbs olunub. Lakin M.Səmədov inzibati qaydada həbs olunanların saxlanması üçün nəzərdə tutulmuş məntəqədə deyil, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.
İndiyədək vəkili M.Səmədovla bir dəfə yanvarın 13-də yarım saatlıq görüşə bilib və bundan sonra onların görüşünə imkan verilməyib. M.Səmədovun sabahkı məhkəmədə iştirak edib-etməyəcəyi hələlik sual altındadır. Belə ki, vəkil A.Qasımov ona zəng etmiş məhkəmə əməkdaşından bu barədə soruşub və bəlli olub ki, iş gününün sonu olduğu üçün bu məsələyə ancaq sabah aydınlıq gətirilə bilər.