Modern.az

"Discovery Azerbaijan"ın yeni nömrəsi çapdan çıxdı

"Discovery Azerbaijan"ın yeni nömrəsi çapdan çıxdı

Aktual

24 İyun 2016, 13:58

"Discovery Azerbaijan" jurnalı bu yayın ən isti buraxılışı ilə yenidən köşklərdədir.

Modern.az xəbər verir ki, hər nömrəsində bir rayona səfər edən "Discovery Azerbaijan" bu yay yolunu Arandan – "köç üstündə olan" Beyləqandan, "Qafqazın Mesopotamiyası" İmişlidən salıb. Tərəkəmə yurdu olan Beyləqanın tarixi yerlərini, ceyranlar oylağı İmişlinin turizm məkanlarını oxucular üçün kəşf edib. Eləcə də İmişli-Beyləqandan millət vəkili seçilmiş Çingiz Qənizadə ilə söhbətləşib.

Jurnalın yay nömrəsini vərəqləyərkən oxucular qədim qəsrləri, qalaları ilə tarixi özündə yaşadan Çexiyanın gözəlliyindən, müalicəvi kurortlarından, ləziz dadlarından, gəzməli 10-luğundan xəbər tutacaqlar. Çexiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə Çexiyanı bir başqa yöndən kəşf edəcəklər.

Həyatını Cümhuriyyət mühacirlərinin irsinin Azərbayacana qaytarılmasına həsr edən, BMT-də, UNESCO-da işləyən ilk azərbaycanlı Ramiz Abutalıbovla müsahibə, səhnəmizin və kinomuzun sevimli "ana"sı Elmira Şabanovanı illərlə çəkiliş meydançalarından uzaq salan səbəblər, görüşləri çətin, ayrılıqları asan olan "Təhminə və Zaur" haqqında heç yerdə eşitmədiyiniz məlumatlar da jurnalın yay buraxılışında oxuculara təqdim etdiklərindəndir.

Məşhur "Molokan bağı"nın ağaclarının kölgəsində nəfəs dərmək,  kağız pullarımızın ən sonuncu səhifəsini vərəqləmək, həvəskar kulinar Fərhad Aşurbəylinin mətbəxinə qonaq olmaq, dünyanın dörd bir yanında keçirilən rəngarəng festivalların ovqatına bürünmək – "Discovery Azerbaijan"ın yay buraxılışını vərəqləmək üçün səbəb də çoxdur, mövzular da...  

"Discovery Azerbaijan" bu sayında mayın 23-24-də Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Çöl” adlı I Humanitar Forumdan, Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə türkdilli ölkələrin müstəqilliyinin bərpa olunmasının 25 illiyinə və Türk Yazısı Gününə həsr olunan forumdan, bütün dövrlərin ən böyük astronomu Uluqbəy haqqında bilinməyənlərdən məlumat almaq istəyənləri də unutmayıb.

Millət vəkili Cavanşir Feyziyevin baş redaktorluğu ilə dərc olunan “Discovery Azerbaijan” jurnalını abunə yazılaraq və ya şəhərimizin köşklərindən soruşaraq əldə edə bilərsiniz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!