Modern.az

Deputatlar 20 yanvar barədə: “Cinayət işini Moskva Azərbayacana verməkdən imtina edir”

Deputatlar 20 yanvar barədə: “Cinayət işini Moskva Azərbayacana verməkdən imtina edir”

19 Yanvar 2011, 14:51

İlyas İsmayılov: “Təzədən araşdırma aparmaq üçün heç bir şey etmək mümkün deyil”

Fəzail İbrahimli “Dünya Kosovoda olduğu kimi ədalətli mövqe tutmasa, bu cinayət tarxiə hopmuş bir hadisə kimi qalacaq”

Sabah 20 yanvar Ümumxalq Hüzn Günüdür. 21 il əvvəl sovet ordusunun Bakıda törətdiyi qanlı cinayət nəticəsində xeyli sayda dinc əhali həlak oldu. Bu hadisə Azərbaycan siyasi tarixinin ən kədərli, eyni zamanda ən şərəfli hadisəsi kimi düşüb.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbyacan parlamenti  20 yanvar hadisələrinə siyasi qiymət verərək bu cinayətdə əli olanların hüquqi məsuliyyətə alınmasının vacibliyini vurğulayıb.

Üstündən 17 il keçəndən sonra deputatları parlamentin  20 yanvar hadisələrinə verilən siyasi qiyməti qane edirmi? Modern.az bu sualla Milli Məclisin deputatlarınamüraciət edib.

Milli Məclisin deputatı Yevda Abramovun sözlərinə görə, Milli Məclis o zaman hadisələrə siyasi qiymətini verib və bu mövqe ilə razıdır. Onun sözlərinə görə parlament bu günkü dünyanın imkanları baxımından nəyə gücü çatıbsa, o qiyməti verib.
“O ki qaldı cinayətdə əli olnaların məsuliyyətə alınmamasına, bu barədə bir vətəndaş olaraq mən də xalqın narahatlığını bölüşürəm. Fikrimcə, Mixail Qorbaçov və digərləri məhkəməyə çıxarılmayıb, tribunala verilməyib. Bu məsələdə Azərbaycana qarşı xristian təəssübkeşliyi göstərilir. İndi başqa çıxış yolu da yoxdur. Amma mən inanıram ki, bu cinayətkarların məhkəməyə çıxaralacağı gün uzaq deyil”-deyən Yevda Abramovun sözlərinə görə 20 yanvar hadisələrinin içində olan şəxs kimi günahkarların tapılıb cəzalandırılmasını istəyir.
“Yəhudiləri kütləvi şəkildə məhv edən faşist Eyxman neçə ildən sonra “Mossad” tərəfindən tapıldı və cəzalandırıdı. Odur ki, mən əminəm ki, bu cinayəti törədənlər tapılacaq”-deyə millət vəkili vurğulayıb.
Deputat bununla yanaşı bildirib ki, cinayətin araşdırılması ilə bağlı bu gün proses davam edir və müvafiq sənədlər araşdırılır.

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da parlamentin 1994-cü ildə bu qanlı cinayətə verdiyi qiymətlə razıdır. O zaman əmək və sosial müdafiəsi naziri olaraq mərhum Heydər Əliyevin rəhbərliyi ilə aparılan müzakirələrə qatıldığını deyən F.Ağamalı vurğuladı ki, indi həmin qiymət verilərkən qeyd olunan məsələləri həyata keçirmək, cinayətkarları müəyyən edərək onları hüquqi məsuliyyətə cəlb etmək işini aparmaq lazımdır.
“Bunun həyata keçirilməsində problemlər var. Amma əminəm ki, bu qanlı cinayətin təşkilatçıları cəzalarına çatacaqlar”-deyə deputat bildirib.

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov da verilən siyasi qiymətlə razıdır. Onun fikrincə bu məsələdə bundan artığına nail olmaq çətindir.
“Cinayəti təzədən araşdırmaq üçün heç bir şey etmək mümkün deyil. 20 yanvarla bağlı cinayət işlərini Moskvadan almaq mümkün olmur. Bu cinayət işlərini bizə vermirlər”-deyən keçmiş baş prokuror qeyd edib ki, cinayət işinin materiallarını Moskvadan aldıqdan sonra  hadisənin hüquqi qiyməti barədə danışmaq olar .

Millət vəkili Fəzail İbrahimlinin fikrincə, qanlı faciəni 1994-ci ildə komissya araşdırıb və qırğın özünün siyasi və huquqi qiymətini tapıb.
“Bunlar Azərbaycan tərəfinin imkanları çərcivəsində atılan addımlardır. Amma bu gün qanlı cinayəti törədən tərəf böyük dövlətdir. Ona görə də Azərbaycanın cinayətlə bağlı keçmiş sovet rəhbərlərinin, hazırda isə xarici vətəndaş sayılan şəxslərin məhkəməyə gətirilərək dindirilməsinə, cəza verilməsinə gücü çatmır. Odur ki, icraçıların məsuliyyəti nəzəri cəhətdən tamamlanıb, amma praktik cəhətdən bu iş yarımçıq qalıb”-deyə milət vəkili bildirib.
Deputat hesab edir ki, gələcəkdə Azərbaycan Rusiyadan güclü olmalıdır ki, bu məsələni reallaşdıra bilsin.
“Digər tərəfdən, beynəlxalq hüquq Kosovoda olduğu kimi ədalətli mövqe tutarsa, Azərbaycanın müraciətini nəzərə alaraq addımlar atacaqsa, bir irəliləyiş ola bilər. Əks təqdirdə, bu tarxiə hopmuş bir hadisə kimi qalacaq”-deyə tarix elmləri doktoru olan deputat vurğulayıb.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı