Modern.az

Ankaranın Təl-Əviv və Kremllə YAXINLAŞMASI: "Azərbaycan o ittifaqda olmamalıdır"

Ankaranın Təl-Əviv və Kremllə YAXINLAŞMASI: "Azərbaycan o ittifaqda olmamalıdır"

Aktual

28 İyun 2016, 14:55

 

Rusiya ilə Türkiyə arasında buzlar əriməyə doğru gedir. Türkiyə prezidenti Rəcəb Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub yazması siyasi arenada iki dövlət arasında gərginliyin aradan qalxması kimi qiymətləndirilir.

 

Sabah da Putinin Ərdoğanla telefon danışığının olacağı gözlənilir.

 

 

Həmçinin, bundan öncə Türkiyə ilə İsrail dövləti arasında yaşanan gərginlik də aradan qalxıb.  Türkiyənin hər iki dövlətlə siyasi yaxınlığı diqqət çəkir.

 

 

Belə məqamda Türkiyənin həm İsrail, həm də Rusiya ilə yaxınlaşması Azərbaycana nə qazandıracaq?

 

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında deyib ki, Türkiyənin həm İsraillə, həm də Rusiya ilə yaxınlaşması nəinki bölgədəki münasibətlərə eləcə də, Azərbaycana  müsbət təsir edəcək.

 

 

“Məsələn, Ərdoğanın məktubu Rusiya mətbuatında çap olunan kimi rublın məzənnəsi birdən-birə qalxdı. Bazarlarda pozitiv meyl müşahidə olunmağa başlayıb. Ticarət, əvvəllər mövcud olmuş turizm və digər əlaqələr də qaydaya düşəndən sonra Azərbaycana da bundan pay düşəcək. Bir çox məsələlər Azərbaycanın üzərindən həyata keçiriləcək”.

 

 

Qabil Hüseynli, Türkiyə-Rusiya yaxınlaşmasında Azərbaycan faktorunu da qeyd edib.

 

 

“Həmçinin, Rusiya Türkiyə münasibətlərinin yaxşılaşmasında Azərbaycanın vasitəçiliyi böyük rol oynayır. Qazaxıstanı da bura əlavə etmək olar. Hər halda, Azərbaycan bu məsələdə daha ciddi çalışdı.

 

 

Dünənə qədər Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə bir az ehtiyatlı davranırdısa, bundan sonra daha cəsarətli, daha pozitiv istiqamətdə çalışmağa başlayacaq. Bu da Azərbaycanın sülhyaratma, ərazi bütövlüyünün təmin edilməsi məsələlərinə ciddi töhfələr verir. Bir sözlə, Rusiya-Türkiyə, İsrail-Türkiyə  münasibətləri yaxınlaşdıqca Azərbaycanın da hisslərinə çox böyük köməklik göstərəcək”.

 

 

Ekspert, İsrail-Türkiyə-Rusiyanın başçılığı ilə yarana biləcək hər hansı siyasi ittifaq məsələsinə də toxunub.

 

 

“Adıçəkilən dövlətlərin perspektivliyi məsələsinə o qədər də inanmıram. Yaranacaq olan ittifaqa İranı da qatmaq fikirləri var.

 

 

Amma bir məqam var ki, Türkiyə NATO dövlətidir. NATO heç zaman icazə verməz ki, onun üzvü NATO-nun əleyhinə olan dövlətlərlə gedib ittifaq yaratsın. Münasibət yaradılmasına icazə verilə bilər, amma ittifaq yaradılmasına yox. İttifaq yaranacağı təqdirdə Azərbaycanın ora daxil olacağını arzu etmirəm. Çünki Azərbaycanın həll olunmayan problemləri var”.

 

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır