Modern.az

Qafqaz İslam Ordusu komandanına abidə qoyulacaq

Qafqaz İslam Ordusu komandanına abidə qoyulacaq

28 İyun 2016, 21:03

Qafqaz İslam Ordusu komandanının uyuduğu məzarlıqda  abidə kompleksi ucaldılacaq. Modern.az saytı xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Türkiyə Silahlı Qüvvətlərinin Qafqaz islam Ordusu komandanı, qəhrəman Nuru paşanın uyuduğu məzarlıqda abidə kompleksinin ucaldılacağı xəbərini “Şərq” qəzeti ilə bölüşüb:  “Azərbaycanda xidmət edən türkiyəli hərbiçi qardaşlarımızdan biri tanınmış araşdırmaçı-yazar Akif Aşırlı ilə mənim  birlikdə “Edirne Kapı” Şəhitliyində Türk Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın qəbrini tapmamız, onun qəbrinin yüksək səviyyədə, paşanın adına yaraşan şəkildə səliqə-səhmana salınması, qəbir və çevrəsində təmir-bərpa işlərinin görülməsinə ciddi ehtiyac olması ilə bağlı əlaqədar qurum və quruluşlara etdiyimiz çağırışlarla tanış olub, sözügedən çağırışların əks olunduğu məqaləni oxuyub və bu barədə Türkiyə Silahlı Qüvvətlərinə məlumatlar göndərib. Sevindirici xəbərdir ki, “Bir millət, iki dövlət” düsturuna, hər iki dövlətimizin ortaq dəyəri olan Nuru Paşa adına biganə qalmayan Türkiyə Silahlı Qüvvətləri Nuru Paşanın qəbrini və çevrəsini yüksək səviyyədə təmir edəcək, abidə kompleksi ucaldacaq.  Həmin hərbiçidən Türkiyə Silahlı Qüvvətlərinə narahatçılıq və təşəbbüsümüzə bu cür yüksək duyarlıq göstərdiyinə, dəstək verdiyinə görə təşəkkürlərimi çatdırmasını istədim. Bu addımla, Nuru Paşa ilə yanaşı yüzlərlə şəhidimizin də ruhu şad olacaq!”

Nuru Paşanın müəmmalı partlayışa qurban getməsi, o partlayışın törədilməsində ermənilərin əlinin olmasına dair şübhələrin olduğunu vurğulayan Q.Paşayeva hesab edir ki, bu sahədə cavabını gözləyən xeyli suallar var: “İnşallah, “Edirne Kapı” Şəhitliyində gözlənilən törəndə böyük məmnuniyyətlə iştirak edəcəyik. Belə mübarək işlər, tədbirlər vasitəsi ilə gənc nəsillərimizə tarixi şəxsiyyətlərimizi, ortaq dəyərlərimizi daha geniş tanıtmanın vacibliyinə inanıram. Müstəqil Azərbaycanın vətəndaşı olaraq Nuru Paşa haqqında danışmaq, yazmaq Akif Aşırlının da, mənim də, digər yazarların da vəfa borcudur. Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan məsələsidir”.

Nuru Paşanın məzarı üstündə abidə kompleksinin yaxın zamanlarda ucaldılacağına əminliyini ifadə edən Q.Paşayeva  bildirib: “Dəyərlərimizə sahib çıxmalıyıq. Nuru Paşa da türk milləti üçün bir dəyərdir!”.  

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir