Modern.az

Nurlu ömürlərə işıq tutanda...

Nurlu ömürlərə işıq tutanda...

Aktual

30 İyun 2016, 10:27

Filologiya elmləri üzrə fəlsəfə doktoru, tanınmış şair Sona Vəliyeva bir sıra ədəbi-bədii, fəlsəfi məzmunlu əsərlərin müəllifi olmaqla, ölkənin ictimai-siyasi həyatında da fərqlənən ziyalılarımızdandır. “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi”, “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” elmi-publisistik və “Çəhrayı rəngli dünyam”, “Arazbarı” və s. şeirlər kitabı ilə tanışlığım bir oxucu kimi məndə bu əsərlərin müəllifinin daha güclü yaradıcılıq potensialına malik olması ilə yanaşı, həm də onun öz doğma yurdunu sevən, dəyərləndirən, keçmişinə və bu gününə böyük ehtiramı, gələcəyə nikbin baxışı ilə seçilən bir təəssübkeş vətəndaş təəssüratı yaratdığını söyləmək istərdim. Sona xanım bu günlərdə öz oxucuları ilə görüşə əvvəlki əsərlərindən bir sıra parametrləri və səciyyəvi xüsusiyyətləri ilə seçilən sanballı “İşığa gedən yol” romanı ilə gəldi və onun yaradıcılığını izləyən, əsərlərini həvəslə mütaliə edən hər kəsdə məmnunluq, mütəəssirlik effekti yaratmaqla, tarixi irsimizə, intellektual xəzinəmizə, milli-mənəvi dəyərlərimizə məhəbbət hissini də gücləndirmiş oldu.

 

Azərbaycanın görkəmli ziyalısı, islam dünyasının ilk təbiətşünas alimi, Azərbaycanda və Müsəlman Şərqində islam xeyriyyə hərəkatının banisi, Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının yaradıcısı və Rusiyada ilk türkdilli qəzet – “Əkinçi”nin naşiri, Azərbaycan Müəllimlərinin I Qurultayının təşkilatçısı və sədri Həsən bəy Zərdabi (Həsən bəy Məlikov) haqqında bu diapazonda, çoxçalarlı və geniş spektrli əsər əslində 19-cu əsrin axırlarında – 20-ci əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələrə, sosial-psixoloji vəziyyətə, insanların həyat tərzinə, mədəniyyət və məişətinə bədii-publisistik naxışlarla süslənmiş qlobal və obyektiv yazıçı baxışının təbii təcəssümü kimi dəyərləndirilməlidir.

 

 “İşığa gedən yol” romanı sadəcə bir Azərbaycan ziyalısının deyil, əslində Həsən bəy Zərdabi dövrünün irili-xırdalı, lakin xalqımız üçün son dərəcə əhəmiyyətli hadisələrini oxucuya olduqca şirin təhkiyəli, ədəbi priyomlarla çatdıran zəngin bir əsər kimi ədəbiyyat tariximizdə öz yerini tutacaq. Təbii ki, roman barədə tanınmış ədəbiyyat nəzəriyyəçisi və tənqidçiləri, bu sahənin səlahiyyətliləri öz sözlərini deyəcək, fikir və mülahizələrini bildirəcəklər. Mənim söylədiklərim isə sadəcə oxucu fikirləri və şəxsi qənaətimin doğurduğu duyğular kimi yozulmalıdır.

 

Həsən bəy Zərdabinin hələ gənclik illərindən özü üçün müəyyənləşdirdiyi həyat və fəaliyyət yoluna Sona Vəliyevanın uzunmüddətli, səmərəli yaradıcılıq axtarışlarının nəticəsi olaraq elə güclü, hərtərəfli işıq salınıb ki, bu gərgin, əzablı və məşəqqətli, eyni zamanda, şirin və mənalı bioqrafik “marşrut”un hansısa döngəsində, yolayrıcında hər hansı qaranlıq məqamların, anlaşılmaz, çözülməz olayların qalmadığına tam inanırsan. Bütünlüklə işığa bələnmiş, sadəcə nur kündəsini xatırladan, ömrünü, sağlamlığını xalqına qurban demiş bir insanın yaratmaq, xalqının işıqlı gələcəyi, savadlanması, öz haqqını, hüququnu tanıması naminə hər cür çətinliyə sinə gərən, öz dövrü üçün çətindən-çətin olan “ilk”lərə imza atan bir şəxsiyyətin uşaqlıqdan son nəfəsinədək nələr düşündüyünü, hansı məramlarla yaşadığını, əsilzadələrə xas addımlar atdığını BÖYÜK SÖZÜN imkanı çərçivəsində, özünü məhz o dövrün ab-havasına kökləmək hesabına duyaraqdan fundamental əsər yaratmaq qismətini qazanan Sona Vəliyevanın “İşığa gedən yol”u həqiqətən də Azərbaycan ziyalılığının nələrə qadir olduğunu, Həsən bəy və onun müasirlərinin öz amalları uğrunda hansı imtahanlara hazır olduğunu əyani təsdiqləyir.

 

Romanın əvvəlində belə bir epizod var: “Rəhim bəy beş yaşlı nəvəsi Həsənə kiçik bir qılınc bağışlayır və deyir: - Qoy, bu qılınc haqq-ədalət yolunda gücünə, qüvvətinə çevrilsin. Dualarımla birgə həmişə səni qorusun”. Babanın bu arzusu illər sonrası reallığa qovuşdu və bütün ömrü boyu Həsən bəyin həyatını şərtləndirən amillərdən birinə çevrildi. Rəhim bəyin “Tanrıya, onun yaratdıqlarına içində böyük sevgi daşıyanlar dünyadan köçəndə də ölmürlər, yaxınlarının, doğmalarının ən dar günündə düşüncələrinə işıq tuta bilirlər” fikri Həsən bəyin milləti qaranlıqdan çıxarmaq cəhdlərini ağ işığa bürüyən həyat amalına çevrildi və romanda da bu xətt axıradək real dəlil və faktların müşayiəti ilə davam etdirilir.

 

Həsən bəy atası Səlim bəyin “əkin-biçin sahələrimiz, mülklərimiz əslində var-dövlət deyil, əsl var-dövlət atasının övladına verdiyi təhsil-tərbiyədir. Mən səni daim çoxalan, hər zaman artmaqda davam edən, tükənməyən var-dövlət yiyəsi etmək istərdim” fikri zəngin olduğu qədər də, ziyalı, uzaqgörən bir insanın öz övladını savadlı, gələcəyi olan bir vətəndaş kimi böyütmək, daim xalqına, millətinə xidmətdə olması arzusundan qaynaqlanırdı. Bu ideya romanda axıradək baş verən hadisələr fonunda inkişaf etdirilir və Həsən bəyin fəaliyyətinin leytmotivi kimi təqdim olunur. Ata-babasının öyüd-nəsihətini, vəsiyyətini özünün həyat kredosuna çevirən Həsən bəy nəinki doğmalarının, eləcə də bütün vətən övladlarının gözü-könlü tox, savadlı, ədalətli böyüməsi naminə canını fəda etməyə hazır olduğunu sübut edir.

 

Həsən bəy istər Şamaxı və Tiflisdə oxuduğu illərdə, istərsə də Moskva Dövlət Universitetində təhsil aldığı dövrdə əsl bəy nəslindən olduğunu tanıdığı insanlara, onu əhatə edənlərə göstərməklə, öz mənsub olduğu millətin şərəfini də mərdliklə qoruyur, azərbaycanlılara aşağı dərəcəli baxışların qarşısına pozulmaz sipər çəkir. Bütün bunlar roman boyu təqdim edilən epizodlarda maraqlı priyomlarla oxucu diqqətinə çatdırılır. Həsən bəyin dostluğa, sevgiyə sədaqəti də əsərdə qırmızı xətt kimi keçib gedir. Universitet rektorunun qızı Veraya olan sevgisi, rus və gürcü tələbələrlə dostluğu, Rusiya inqilabi hərəkatının nümayəndələri ilə tanışlığı – bütün bunların hamısı Azərbaycan sevgisinin, doğma yurdda edəcəklərinin, elm, təhsil, mətbuat sahəsində həyata keçirəcəyi işlərin fonunda sanki görünməz olur. Onun üçün həyatda ən alisi, ürəyinin başında gəzdirdiyi, reallaşdırmaq üçün canından belə keçməyə hazır olduğu arzuları idi ki, bunun üçün də Tiflisdə, Bakıda, Qubada fəaliyyət göstərdiyi dövrlərdə öz ürəyinin yağını belə bu yolda əsirgəmədi. Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani, Hacı Mirhəmzə Əfəndi, Fərəc bəy Ağayev, Mir Möhsün Nəvvab, Məhəmməd ağa Şahtaxtılı, İsmayıl xan kimi insanlarla tanışlığı və əməkdaşlığı da məhz millətin savadlanmasına, dünyagörüşünün artmasına xidmət etmişdir.

 

Həsən bəy Zərdabinin çoxşaxəli fəaliyyətinin ən səmərəli, yaddaqalan səhifələrindən biri onun “Əkinçi” qəzetini təsis etməsidir. 1875-ci il 22 iyuldan 1877-ci il 29 sentyabradək çap olunmuş qəzetdə xalqın maariflənməsinə, cəhalət yuxusundan ayılmasına yönəlik materiallar işıq üzü görürdü. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi”nin Azərbaycan ədəbiyyatının inkişafında da müstəsna rolu barədə “İşığa gedən yol” romanında geniş bəhs olunur.

 

Romanda oxucunu həyəcanlandıran, daim intizarda saxlayan məqamlardan biri də Həsən bəyin Tiflisdəki “Müqəddəs Nina” qızlar seminariyasında təhsil alan Hənifə Abayeva ilə tanışlığı, bu tanışlığın müqəddəs sevgiyə çevrilməsi və nümunəvi ailə qurulması ilə bağlıdır. Bir-birinə hədsiz yaraşan, sevgini Tanrı payı hesab edən gənclərin qovuşması, əsilzadələrə layiq övladlar böyütməsi romanda real boyalarla təsvir olunur.

 

Böyük maarifpərvər və demokrat ziyalımızın ta uşaqlıqdan ömrünün sonunadək bütün həyatını təfərrüatı ilə əhatə edən “İşığa gedən yol” romanı görkəmli şəxsiyyətlər barədə yazılan əsərlər sırasında nurlu ömürlərə işıq tutmaq baxımından, oxunaqlılığı, əhatə dairəsi, faktların, dəlillərin zənginliyi ilə fərqlənir. Bu romandan təsirlənən, bəhrələnən bir oxucu kimi əsərin müəllifi Sona xanım Vəliyevaya yeni yaradıcılıq axtarışlarında, ümumən, gələcək səmərəli fəaliyyətində böyük uğurlar arzulayıram. 

 

Akif CABBARLI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir