Modern.az

Təhlükəsizlik və Müdafiə Komitəsi 5 Xəzəryanı dövlətlə əməkdaşlığa “hə” dedi

Təhlükəsizlik və Müdafiə Komitəsi 5 Xəzəryanı dövlətlə əməkdaşlığa “hə” dedi

Parlament

21 Yanvar 2011, 18:35

Bu gün Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin iclasında iki məsələyə baxılıb.
Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, 2010-cu il noyabrın 18-də Bakıda imzalanmış “Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında” Saziş ratifikasiya olunmaq üçün Azərbaycan Prezidentinin imzası ilə parlamentə təqdim olunub. Bu Saziş çərçivəsində 5 Xəzəryanı dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan terrorçuluqla, mütəşəkkil cinayətkarlıqla, silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, brakonyerliklə, insan alveri və qanunsuz miqrasiya ilə mübarizədə, həmçinin dəniz gəmiçiliyinin və üzgüçülüyünün təhlükəsizliyinin təmin  olunması sahəsində əməkdaşlıq edəcək.
Komitə üzvləri sazişin Azərbaycanın milli maraqlarına uyğun olduğunu, Xəzərin statusunun müəyyənləşdirilməsi istiqamətində bunun irəliyə doğru addım olduğunu deyərək məsələni plenar iclasa tövsiyyə ediblər.
Sonra deputatlara gündəlikdəki ikinci məsələ barədə məlumat verilib. Bu, “Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişlə bağlı olub.

Sənəd fövqəladə hallarda qarşılıqlı yardımın göstərilməsini, fövqəladə halların proqnozlaşdırılmasına və qarşısının alınmasına dair məlumat mübadiləsini, əhalinin belə hadisələr zamanı ilkin tibbi yardım göstərməyə hazır olması üçün bu sahədə təcrübə mübadiləsinin aparılmasını, sənaye qəzaları və təbii fəlakətlər nəticəsində baş verə biləcək çirklənmələrlə bağlı ətraf mühit və əhali üçün riskin qiymətləndirilməsini, elmi-tədqiqatların aparılmasını, mülki müdafiə sahəsində mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. 
Deputatlar qeyd ediblər ki, Azərbaycan fövqəladə hallar zamanı qonşu dövlətlərə yardım göstərilməsi sahəsində kifayət qədər təcrübəyə malikdir.

Sonda komitə həmin sənədi də Milli Məclisə tövsiyyə edib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır