Modern.az

Fuad Muradov İranı ermənilikdə ittiham etdi

Fuad Muradov İranı ermənilikdə ittiham etdi

Parlament

21 Yanvar 2011, 19:37

“Ermənistanla əlbir olmaq, onu dəstəkləmək bizə qarşı olmaq deməkdir...”

“İranın Ermənistanla sıx dostluq əlaqələri var. İran öz dini düşüncələrini Azərbaycana da şamil etmək istəyir. Bizim isə belə məsələlərdə İranın məsləhətinə ehtiyacımız yoxdur. Düşmənlə əlbir olmaq, onu dəstəkləmək bizə qarşı fəaliyyət göstərmək deməkdir”.

Bu fikirləri Modern.az saytına açıqlamasında millət vəkili Fuad Muradov son zamanlar İranda Azərbaycan əleyhinə aparılan kampaniyaya münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan bütün qonşuları ilə normal münasibətdə olmağa çalışır: “Biz bütün əməkdaşlığımızda müstəqil ölkə kimi, dost kimi hərəkət edirik. Amma bu o demək deyil ki, hansısa bir ölkə, o cümlədən İran özünün bildiyi düzgünlüyü Azərbaycana da sırısın. Bütün sahələrdə Azərbaycanın biliyi, bacarığı çatır ki, özü bu məsələləri tənzimləsin. İrandan olan məsləhətləri qonşu ölkə kimi nəzərdən keçiririk. Amma öz fikrimiz var. Necə ki, biz Azərbaycan olaraq heç bir ölkənin daxili işinə qarışmırıq. Təəssüflər olsun ki, İranın televiziya kanalları, mətbuatı qeyri-etikcəsinə bizə qarşı qərəzli mövqe nümayiş etdirir. İran Azərbaycanın daxili işlərinə bu səviyyədə qarışa bilməz. Əgər İran həqiqətən də Azərbaycana kömək olmaq istəyirsə, o zaman dostluq etdiyi Ermənistanı başa salmalıdır ki, Azərbaycana qarşı işğalçılıq mövqeyindən çəkilsin. Təbii ki, bunu bacarmır. Bunda maraqlı deyil. Ona görə də İran yaxşı olar ki, getsin öz ölkəsində olan məsələlərlə məşğul olsun, bir az da özündə insan haqlarına diqqət etsin”.

Din məsələsində Azərbaycanın Şərqdə tolerant bir ölkə olduğunu qeyd edən deputat deyib ki, bütün dinlərlə bağlı Azərbaycanın öz mövqeyi mövcuddur:
“Məsçidlərin, kilsələrin, sinaqoqların tikilməsi və başqa işlərdə Azərbaycanda qəsdən dini zəmində problem yaradılması və bununla bağlı İran tərəfinin mövqe bildirməsi yersizdir. Əgər bu məsələlərdə yaxşı niyyət varsa, onların konkret işləri olsun. Biz istərdik ki, İran Azərbaycanın ərazi bütövlüyü məsələsində açıq, şəffaf şəkildə öz mövqeyini bildirsin. Bu baxımdan onlar birinci gedib özlərindən başlasınlar. Mən hesab edirəm ki, İran mətbuatında olan açıqlamalar heç də Azərbaycana dost münasibətdən irəli gəlmir”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi