Bu il mayın 8-də də Albaniyada bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə xeyli vaxt qalsa da, Albaniyada ara qarışıb. Müxalifət 2009-cu ilin iyununda keçirilmiş parlament seçkisinin nəticələrini qəbul etmir, yeni seçki tələb edir. Rəsmi nəticələrə görə həmin seçkidə Berişanın Demokrat Partiyası cüzi üstünlüklə qalib gəlib.
Berişanın ofisi qarşısına toplaşan 20 000-ə yaxın nümayişçi korrupsiya ittihamlarına görə hökumətin istefasını tələb ediblər.
Sonra etiraz aksiyası zorakılığa çevrilib. Aksiya iştirkaçıları polisi daşa basıb, yaxında olan polis və mülki maşınları yandırıblar.
Albaniyada polis və nümayişçilər arasında baş vermiş qarşıdurma 3 nəfərin ölümü ilə nəticələnib.
Bundan əlavə 22 nümayişçinin və 17 polisin yaralandığı bildirilir. Bir neçə avtomobil də yandırılıb.
Etirazçılar Albaniya hökumətinin binasına tərəf irəliləmək istədikdə onlara atəş açılıb. Ondan əvvəl polislər gözyaşardıcı qaz və suvuranlardan istifadə ediblər.