Modern.az

Siyasi çevrənin “çörək ağacı”nı geri qazanmaq çabası

Siyasi çevrənin “çörək ağacı”nı geri qazanmaq çabası

Aktual

5 İyul 2016, 13:23

Vəfa Allahverdiyeva

 

Son siyasi-iqtisadi çətinliklərin güclə ayaqda saxladığı bir qrup QHT və onların bağlı olub-olmadığı müxalif qanad ötən həftə vətəndaş cəmiyyəti institutlarının  durumunu  dəyirmi masaya çıxardı.

Müstəqil QHT sektoru alternativ siyasi çevrənin əhəmiyyətli “çörək ağacı” idi və onu əvvəlki potensialı halında geri qazanmaq niyyəti vətəndaş cəmiyyəti institutlarına aid məhbusların bir çoxunun azadlığa çıxmasından sonra  gündəm həvəsi  yaradıb.

Problem ciddidir: müstəqil QHT sahəsi çöküb, paralel olaraq siyasi partiyaların inkişafı da dayanıb. Çünki siyasi təşkilatların ianə və üzvlük haqları hesabına yaşaması məsələnin qrant tərəfini hər zaman pərdələyib, halbuki əsas maliyyə siyasi mətbəxə qeyri-hökumət təşkilatları vasitəsilə daxil olurdu.  Qeyd etmək lazımdır ki, AXCP bu yolla öz radikallığına, həm də sosial bazasının çəkisinə görə ən çox maliyyə əldə edə bilən təşkilat idi.    

Və bu zəncirin daha bir halqası- dövlət sistemində çalışmayan, öz gəlirlərini bu sferadan əldə edən  böyük bir kəsimin şəxsi maddi vəziyyəti pisliyə doğru dəyişib ki, problem  daha effektiv masalar üzərinə gedib çıxmaq tələbi daşıyır. Zarafat deyil: devalivasiyanın ağır mənzərəsində bu sahədə nə qədər insan işsizlik vəziyyətində qalır.

Masalarda əhəmiyyətli müzakirələrin başlanması bu faktorlara görə mühümdür. Baxmayaraq ki, bundan belə yaşıl işığın şərtləri başqadır və yeni yanaşma hamını qane etməyə bilər; çünki burada qrantın məbləğınə, ideoloji təfəkkürə təsir edən məqamlar qaçılmazdır.

Hökumətlə bir yerdə çalışmaq, Dövlət QHT Şurası ilə əlaqələr qurmaq  vacib deyil. Heç Şura islah olunmaq və mübarizə üslubunu xəfifləşdirmək  istəyən hamını qucaqlamaq imkanında da deyil.

Vacib odur ki, qrant kranından yenidən vəsait götürmək istəyənlər, belə mənbələrdən ölkəyə daxil olan az-çox pullar  Azərbaycan üçün gerçək  faydalılıq daşısın və  həmin pulların arxasında çirkin niyyətlərin  gizlənmə ehtimalı mümkün olmasın.

Dünya o qədər ikilistandartlarla çıxış edir ki, bir tərəfdə ənənəvi olaraq seçkinin nəticələri əleyhinə mövqe hazırlayır, digər tərəfdə seçkilərin sonuclarını tanıyan mövqe ortaya qoyur. Arada pis vəziyyətə düşənsə tənqid bağıran QHT-lər və onlarla daim koordinasiyada çalışan siyasi partiyalar olur. Arxivlər və şüurlar siyasi partiyaların seçkilərə münasibətinə görə beynəlxalq təşkilatlara protestini özündə saxlamamış deyil.    

Vətəndaş cəmiyyəti institutları ilə  problemin kökü bu gün böhran keçirən həmin QHT-lərin əlindəki hakimiyyətə yönəlik tənqid silahı, onların qarşı cinahdan mübarizə aparması ilə başlamayıb. Tənqidin ardını kataklizmlərlə, xaosla gətirməyi hədəfləyib, tənqid silahını o əllərə verənlər  daxildəki münasibətlərin dramatik həddə qalxmasında, düşmənçilik münasibətlərinin formalaşmasında  başlıca günahkar kimi çıxış edir.  

Hakimiyyət əslində heç bir QHT ilə şəxsi ədavət, qərəz üstündə savaşa girmədi. Sərhədlərimizə yaxın və uzaq ölkələrdə kənar müdaxilələrin daxildəki demokratik imicli qüvvələri öz alətinə çevirərək siyasi çalxalanmalar yaratması, sosial partlayışa katalizatorluq etməsi digər bölgələr üçün xəbərdarlıq siqnalı idi və idarəetmə sükanı təhlükəni önləyən tədbirləri maliyyə yoxlaması adı altında aparmaqla, əslində bu üsyanı QHT rəhbərlərinə deyil, təhlükə saçan pulların sahiblərinə qarşı elan etdi. Qərb təşkilatlarının ölkədən çıxıb getməsi də hakimiyyətin haqlı üsyanından, cəsarətli təpkisindən  sonra başladı.

QHT sektorunda çəmləşən insanların əksəriyyəti  öz ölkələrinə xəyanətkar niyyətli və əqidəli deyillər. Amma dünya yalançı, ikiüzlü demokratlarla aşıb-daşır, onların demokratiya, insan haqları moizələri bu işə töhvə vermək istəyənləri müqəddəs kəlmələr kimi ofsunlayıb, özgələrin çirkin siyasətinə şərik edir. Bədxahlıq üçün verilən pullar çirklidir, o pulları götürən də çirkaba bulaşır. Qərb, həbsxanalarda azadlıq gününü gözləyən çoxlarını demokratiya işi  altında bədbəxtliyə yuvarlayıb.   

Müstəqil QHT sektoru Azərbaycan cəmiyyətinə lazımdır.

Birincisi, qaranlıq niyyətli fəaliyyət istisna olmaqla, bu iş ölkəni cahil metodlardan, zəif iqtisadi və siyasi vəziyyətdən modern və parlaq bir tərəqqi yoluna çıxarır. 

İkincisi, bu müstəvidə insanlar öz potensialını açır, təsdiq edir və daha dərin inkişaf etapına ayaq qoyur.

Üçüncüsü, nə qədər insana çörək verən bir ictimai-elmi-mənəvi müəssisənin qurulmasına gətirib çıxarır.    

Bununla belə onun əvvəlki formada inkişafına yaşıl işıq real deyil. Hakimiyyətin bu sektorun fəaliyyətini başlı-başına buraxacağı inandırıcı görünmür. Çünki onların bəzilərini təlimat,  ideya, hər birini isə  maliyyə himayəsinə götürən beynəlxalq təşkilatlar öz saflığını hələ isbat edə bilməyib.

Dünyada hər gün sübut olunan yalnız budur ki, şərq ölkələrinin demokratik inkişafını axsadan pullar və proqramlar  onu irəliyə aparacaq pullardan və proqramlardan daha artıq dövriyyəyə buraxılır.   

Müstəqil QHT sektoru beynəlxalq təşkilatlarla əməkdaşlığa o zaman tam açıq və əngəlsiz olacaq ki, qrant bulağının başında oturan həmin xarici təşkilatlar şeytan yuvasından xeyirxah mələklər yuvasına keçsin.    

  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı