Modern.az

Abid Tahirlinin məqaləsi Krımda

Abid Tahirlinin məqaləsi Krımda

Aktual

5 İyul 2016, 19:45

Tanınmış tədqiqatçı, filologiya elmləri doktoru Abid Tahirlinin  XIX əsrin sonu XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının lideri İsmayıl bəy Qaspiralının (1853-1914) ədəbi görüşləri haqqında irihəcmli  məqaləsi Krımda tatar dilində nəşr olunan “Yıldız”  adlı nüfuzlu ictimai- siyasi, ədəd-mədəni məcmuədə dərc edilib (№3 (231), may-iyun ,2016). Məqalədə göstərilir ki, Osmanlı, rus, Qərb, Şərq, xüsusən də Azərbaycan ədəbiyyatını dərindən bilən, ədəbi prosesi diqqətlə izləyən, bunlarla da kifayətlənməyən dahi İsmayıl Qaspiralı sənət, sənətkarlıq məsələlərinə, yazıçı məfkurəsi və missiyasına, əsərlərin mövzusu, ideya-istiqaməti, dil, üslub problemlərinə, eləcə də milli ədəbiyyatın inkişafına, tənqidçinin vəzifəsi və tənqidin ədəbi sözə təsirinə dair bu gün də aktuallığını və əhəmiyyətini zərrəcə itirməyən çox sayda əsərlər qələmə alıb. Tədqiqatçı yazır ki, istedadlı yazıçı-publisist, naşir, redaktor və yeni üsullu məktəb yaradıcısı İ.Qaspiralının çoxşaxəli inadkar, fədakar, məhsuldar fəaliyyətinin bəzi sahələri ilə bağlı araşdırmalar epizodik və səthi olsa da, aparılıb. Lakin onun zəngin ədəbi-tənqidi görüşləri, milli ədəbiyyatın, ədəbi dilin inkişafına həsr olunan irsi ürək ağrısı və acı təəssüf doğursa da, qeyd olunmalıdır ki, hələ də ədəbiyyatşünaslığımızın diqqətindən kənardadır.

Abid Tahirli türk-islam tarixinin mümtaz zəka sahiblərindən olan İ.Qaspiralının ədəbi baxışlarını, tənqid yaradıcılığını, tənqid konsepsiyasının mahiyyətini, məğzini aydın dərk etmək, düzgün dəyərləndirmək üçün müəllifin bu qəbildən olan yazılarının məzmununa görə aşağıdakı şəkildə təsnifatını aparmağın məqsədəuyğun olduğunu qeyd edir:

- tənqid, onun elmi-nəzəri əsasları və vəzifələri;

- Osmanlı yazıçıları və ədəbi nümunələri;

-Qərb, rus yazıçıları və ədəbi nümunələri;

- Rusiya imperiyasında yaşayan türk xalqları yazıçıları və ədəbiyyatı;

- Azərbaycan yazıçıları və ədəbi əsərləri;

-milli ədəbiyyat və tərcümə prolemləri;

- ortaq ədəbi dil, üslub, sənətkarlıq məsələləri.

İ.Qaspiralı özünün tənqidlə, onun elmi-nəzəri əsasları ilə, Qərbdə, Rusiyada və Osmanlıda tənqid tarixi və tənqidə münasibətlə bağlı fikirlərini, mülahizə və mühakimələrini «Tərcüman» qəzetində dərc etdirdiyi çoxsaylı yazılarında («Osmanlı mətbuatı», «Tənqid», «Tənqid, yəni ölçü», «Muaheze», «Fəcr», «Məcburi deyil, lazımi cavab», «Nə səbəbdən geri qaldıq» və s.) geniş işıqlandırıb.

İ.Qaspiralı irsində tənqidlə, onun qarşısında qoyulan vəzifələrlə bağlı müddəaları ümumiləşdirn Abid Tahirli bu qənaətə gəlr:

- tənqid ədəbiyyatın, düşüncə və əməlin mizanı və ölçüsüdür ki, mütləq lazımdır;

- tənqidin mətləbi gerçəyin ortaya çıxarılmasıdır;

- tənqid hər əsərin, hər fikrin, hətta hər işin həqiqi dərəcəsini təyin və zahir edir;

- tənqid bir ziyadır ki, gözəl düşüncə və əməl onun sayəsində təyin edilir;

- tənqid yoxdursa, gözəl düşüncənin, əməlin fəna, yaxud əksinə eybəcər düşüncənin, pis əməlin gözəl görünməsi ehtimalı var;

- tənqid hər tərəfə baxan bir gözdür, yaxşı görərsə, çox iş görər;

- tənqid ən əvvəl əsərin dilinə göz edər: dil sadə, anlaşıqlı, təsirli, qüdrətli, obrazlı olmalıdır;

- bir mövzudan iki qələm sahibi iki cür yazar. Bunların gözəlini, istifadəyə yararlısını müəyyənləşdirmək tənqidə, tənqidçiyə məxsusdur;

- ədəbi tənqidin meydanı çox genişdir: əsərin dili, üslubu, sənətkarlıq səviyyəsi, məzmunu, ideyası araşdırılır, bəyan və təyin edilir, istifadəyə yararlılığı müəyyənləşdirilir;

- əsər var ki, qayət gözəl və süslü dil ilə yazılır, fəqət istifadəyə yararsızdır, əsər var ki, dili qabadır, gözəl deyildir, fəqət fikri çox dəyərlidir – bunları tənqid üzə çıxarır;

- tənqidin ictimai həyata təsiri daha güclüdür: pis düşüncələri, əməlləri, köhnə, ziyanlı adət-ənənələri rədd edib, ictimai şüuru oyandıran tənqiddir;

- tənqid obyektiv, tərəfsiz olmalıdır, günəş şüası kimi qaranlıqda görülməz şeyləri aşkar edir;

- tənqidçinin tərəzisi böyükdür: hər şeyi çəkər, ölçər.

 

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı