Qurum Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün üzv dövlətlərin parlamentlərinə də müraciət ünvanladı
İslam Konfransı Təşkilatı Parlament İttifaqının 13-cü sessiyası və İKT Parlament Şurasının 2-ci konfransında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı növbəti dəfə bəyannamə imzalanıb.
Bu barədə İKT Pİ-nın Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində keçirilən sözügedən sesiyasında Azərbaycanı təmsil edən Sabir Rüstəmxanlı Modern.az-a məlumat verib. İslam dünyasının ən ciddi, ağrılı problemləri sırasında Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı məsələsini gündəliyə daxil edən İttifaq Xocalı faciəsinə də münasibətini ortaya qoyub. Millət vəkilinin bildirdiyinə görə, Heydər Əliyev Fondu Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və İKT Gənclər Birliyinin təşəbbüsü ilə «Xocalıya ədalət» sənədi müzakirəyə çıxarılıb, Xocalı soyqırımı insanlığa qarşı törədilən akt kimi yekun bəyannaməyə əlavə edilib. Həmçinin müsəlman ölkələrin parlamentlərinə faciənin soyqırım kimi tanınması üçün müraciət ünvanlanıb.
İKT Pİ-nin Əbu-Dabi bəyannaməsində Ermənistandan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin dərhal icrası və işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi tələbi qoyulub.
Sesiyanın keçirildiyi müddətdə Birləşmiş Ərəb Əmirliyində 20 Yanvar faciəsinin ildönümü də qeyd edilib. Ölkəmizin BƏƏ-dəki səfirliyinin və Azərbaycan icmasının təşkilatçılığı ilə gerçəkləşən anım mərasiminə qatılan S.Rüstəmxanlı «20 Yanvar»ın xalqımızın taleyindəki yeri, faciə günü şahidi olduğu hadisələrdən danışıb, şeirlər oxuyub.
Xatırladırıq ki, İKT Parlament İttifaqının 13-cü sesiyası, Parlament Şurasının 2-ci konfransında Azərbaycanı millət vəkilləri Sabir Rüstəmxanlı və Gövhər Baxşəliyeva təmsil ediblər.
Modern.az