Modern.az

Asim Mollazadə ilə parlament jurnalistləri nədən danışıblar? (Fotolar)

Asim Mollazadə ilə parlament jurnalistləri nədən danışıblar? (Fotolar)

Reportaj

24 Yanvar 2011, 14:28


Milli Məclisin deputatı Asim Mollazadə ilə Parlament Jurnalistləri Birliyinin bir qrup üzvünün görüşü keçirilib.
Deputatın rəhbərlik etdiyi Demokrat İslahatatlar Partiyasının yeni qərargahında keçirilən görüşdə jurnalistlər onları maraqlandıran suallara cavab alıblar.
Modern.az görüşün tam mətnini təqdim edir.

Təhsil sistemi köklü şəkildə dəyişidirilməlidir...

Bu görüşdə cəmiyyət üçün əhəmiyyətli olan bir sıra məsələlər qeyri-rəsmi formada, çay masası ətrafında müzakirə edilib. İlk sözə də Asim Mollazadə başlayıb:

- Bu gün iki istiqamət bizim üçün prioritetdir. Düşünürük ki, Azərbaycanda bir çox problemlərin çətinliklə öz həllini tapmasının səbəbi bizdə menecerlərin olmamasıdır. Bu, bilavasitə siyasi, iqtisadi və digər sahərlərdə özünü göstərir. Ona görə də ölkədə bu baxımdan yüksək səviyyədə inkişaf getmir və bu da bir çox çətinliklər yaradır. Bunu aradan qaldırmaq üçün ölkənin təhsil sistemində ciddi islahatlar aparmaq lazımdır. Hazırki təhsil sistemi köklü şəkildə dəyişdirilməlidir. Azərbaycan bu sahədə müasir tələblərə cavab verən kadrlar yetişdirməlidir. Bu gün Azərbaycanın ən uğurlu sahəsi olan neft-qaz sahəsində çalışan insanlardan başlayaraq mühəndislərə qədər, demək olar ki, böyük bir hissə xaricdən gələn işçilərdən ibarətdir. Mən parlamentdə bu məsələni qaldıranda dedilər ki, “sizin dənizdə işləyə bilən peşəkar qaynaqçınız varsa, biz onu yüksək maaşla işə götürərik”. Axı bunları yetişdirmək lazımdır. Biz çalışmalıyıq ki, hər bir sahədə peşəkar mütəxəssislərimiz olsun. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Statistik rəqəmlərə baxaq. Keçən il orta məktəb məzunlarının cəmi 28 faizi ali məktəblərə daxil olub. Bəs qalanları necə olacaq?
Onlar işlə təmin olunmaq, öz ailərlərini saxlamaq və gələcəklərini təmin etmək üçün nə edəcəklər? Onların təminatı necə olacaq? Ölkədə demək olar ki, peşə təhsil sisitemi yoxdur. Bakı şəhərində sovetlər zamanı 380 peşə məktəbi var idi. İndi isə bu rəqəm 36-dır. Bu məktəblər yox oldu. Bəs, gənclər harada hazırlanmalıdır?

Azərbaycanda ən böyük problemləri işsizlikdir...

- İkincisi, Azərbaycan universitetlərini bitirən gənclər öz sahələrinə uyğun konkret iş yeri tapa bilirlər. Mən seçilərlə görüşürəm. Onların ən böyük problemləri işsizlikdir. Xüsusən də institut məzunlarının işlə təmin olunmaması əsas problemlərdəndir. Bunun bir çox səbəbi var. Birinci, universitet tələblələri öz peşələrinə demək olar ki, nəzəri tərəfdən  yanaşırlar. Məsələn, mənə müraciət edirlər ki, beynəlxalq münasibətləri bitirmişik, 4 ildir iş tapa bilmirik. Görürsən ki, bu insanların işsizlik kimi ciddi problemləri var. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycanda jurnalist tələbələrin də bilik səviyyəsi o qədər də yüksək deyil. Onlar hardasa işləməyə hazır deyillər. Odur ki, təhsil sistemində köklü dəyişikliklər olmalıdır. Əsasən də iqtisadiyyatla bağlı olan sahədə islahatlar aparmaq lazımdır. Ölkədə elə mühit olmalıdır ki, iqtisadiyyat universitetini bitirən şəxs istənilən müəssisədə tam sərbəst çalışa bilsin. Bizim partiyanın əsas istəyi ondan ibarətdir ki, cəmiyyətin orta təbəqəsinin gücünü genişləndirməliyik. ABŞ-dan tutmuş Avropa ölkələrinə qədər hamısında əsas yeri orta təbəqə tutur. Xalqın rifahı da bu sistemdən aslıdır. Bunu da genişləndirmək üçün mütləq peşəkarlıq lazımdır. Azərbaycanda 17 il idi ki, qəbul olunmayan “Təhsil haqqında” Qanun nəhayət ki, qəbul olundu. Biz Boloniya sisteminə inteqrasiya ilə ciddi məşğul olduq, dəyirmi masalar keçirdik. Bu proseslərdə həm rəsmilər, həm də universitet rektorları iştirak etdi. İndi bizdə yalnız bir dövlət universiteti bu sistemə keçib.
Məncə bizim üçün ən böyük problemlərdən biri də mədəniyyət sistemindədir. “Mədəniyyət” deyəndə söhbət incəsənətdən getmir. Söhbət ilk növbədə siyasi, iqtisadi idarəetmə mədəniyyətindən gedir, məişət mədəniyyətindən gedir. Bu gün bu sistem də gücləndirilməlidir. İndi iqtidarlı müxlifətli hamı deyir ki, bizim strategiyamız Avroatlantik məkana inteqrasiyadır. Amma Avropada ən əsas dəyərlər mədəniyyətdir. İnkişaf yolu mədəniyyətdən keçir. Azərbaycan Şərq aləmində birinci dünyəvi ölkə kimi 1918-ci ildə Demokratik Cümhuriyyət yaratdı. Azərbaycan nefti imkan verdi ki, o zamankı gənclər Rusiya və Avropanın ən qabaqcıl universitetlərini bitirsinlər. Üzeyir Hacıbəyov, Əlimərdan bəy Topçubaşov və digərlərini misal göstərmək olar. O cümlədən Məmməd Əmin Rəsulzadənin mədəni göstəriciləri də dünya səviyyəsində idi. Bu, böyük dəyərdir. Dəyərlər isə təhsillə bağlıdır. Bir daha qeyd etməliyəm ki, ölkənin təxirəsalınmaz inkişafı üçün islahatlar bu sahədə aparılmalıdır.
Bizim millət vəkili kimi borcumuz seçicilərlə ünsiyyətdə olmaq, onların problemləri ilə məşğul olmaqdan ibarətdir. Onların bu gün bir çox problemləri də kommunal məsələlərlə bağlıdır. İnsanların işıq, qaz, su kimi ciddi problemləri var. Böyük bir layihə həyat keçirdik. Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Milyarddan çox pulu biz buna görə, xərclədik. Ancaq elə insanlar var ki, suyu küçələrə axıdırlar. Kommunal xidmət sistemi də ölkəmizdə ciddi dəyişdirilməlidir. Nə üçün insanlar çətinlik çəkməlidirlər? Axı bütün bunların həlli üçün böyük vəsaitlər xərclənib. Hesab edirəm ki, bunların da kökündə hələ də məmur özbaşnalığı, laqeyidliyi dayanır. İndi demək olar ki, bir çox sahələrdə problemlər var. Axı, mən bilmirəm bu məmurlar nə ilə məşğul olurlar? Dövlətdən vəsait alırlarsa, gedib öz işlərini də görməlidirlər. Bəlkə də hər bir məhəllənin müvafiq şurası olmalıdır ki, bələdiyyənin görə bilmədiyi işlərə nəzarət edə bilsin. Həmçinin biz tənqid etməklə yanaşı, öz təkliflərimizi də verməliyik.

Azərbaycan müəlliminin maaşı 100 manat yox, 500 manat olsun...

- Odur ki, hər bir millət vəkili bu məsələlərlə bağlı xüsusi təkliflər verməlidir. Bir çoxları deyir maaşlar artırılmalıdır. Bunun üçün sistemdə dəyişiklik eləmək lazımdır ki, Azərbaycan müəlliminin maaşı 100 manat yox, 500 manat olsun. Mütləq islahatlar olmalıdır. Biz istəyirik ki, ölkənin inkişaf potensialı yüksək olsun. Mən hesab edirəm ki, bu və ya digər problemlərin aradan qaldırılması üçün konkret iş planı olmalıdır. Hazırlanan təkliflər planı Dövlət Başçısına, Nazirlər Kabinetiə təqdim edilməlidir.

Yetkinlik yaşına çatmamış uşaqların dini istismarı Azərbaycan dövləti tərəfindən qəbul olunmur...

Deputat qeyd edib ki, medianın peşəkar olması, ölkənin şəffaflığını artıra, hər bir siyasətçinin işini gücləndirə bilər və bütövlükdə cəmiyyətin inkişafına böyük təkan verə bilər.

- Biz çox istəyirik ki, ölkədə media daha güclü olsun. Medianın inkişafına təsir edən əsas məsələlədən biri də reklam bazarının olmasıdır. Bu olmadıqda biz kimdənsə asılı, hansısa partiyaya bağlı olan bir medianı görəcəyik. Media müstəqil olmalıdır. Bizdən çox vaxt soruşurlar ki, sizin niyə qəzetiniz yoxdur. Biz buna qarşıyıq. Siyasi partiyaların qəzetləri olmamalıdır. Müstəqil medianın hamısı bizimdir. Siyasətçi daimi mediaya açıq olmalıdır. Bu əməkdaşlıq sıx olmalıdır. Mənim jurnalist peşəsinə böyük hörmətim var. Bizim hər zaman bir şüarımız var: Azadlıq və məsuliyyət. Azadlıq cəmiyyətin qarşısında olan məsuliyyətlə məhdudlaşa bilər. Biz bu baxımdan medianın azad olmasını istəyirik. Bu peşə çox ağırdır. Bundan savayı, məncə hər bir partiyanın media ilə işləmək üçüm mətbuat xidməti olmalıdır. Biz hər zaman öz fikirlərimizi media ilə bölüşməyə hazırıq.

Sonra deputat jurnalistlərin saullarına cavab verib.

“Qafqazinfo” saytının əməkdaşı Elnur Məmmədlinin hicabla bağlı sorğusuna cavab olaraq A.Mollazadə deyib ki, bununla bağlı dəfələrlə öz mövqelərini açıqlayıblar.

- Azərbaycanın hüquq və qanunvericlik sistemində belə bir amil var. Azərbaycanda dini etiqad azaddır və dövlət tərəfindən müdafiə olunur. Bu, heç bir halda pozula bilməz. Amma məktəblərdə hicabla bağlı bir məsələ var ki, istərdim ona diqqət edəsiniz. Yetkinlik yaşına çatmamış uşaqların dini istismarı Azərbaycan dövləti tərəfindən qəbul olunmur. Bizim məktəblərdə vahid bir məktəbli forması var. Həmçinin bizdə dünyəvi dövlət modelidir. Xanımlar azad olmalıdırlar.

Özünü İslam ölkəsi adlandıran İran terrorçu Ermənistana dəstək verir...

- Kim istəyir hicab taxır, kim istəyir taxmır. Bu, Azərbaycan dövləti tərəfindən müdafiə olunur. Məncə İslami anlayış və dünyəvi Azərbaycan dəyərləri hər şeydən üstün olmalıdır. Yenə Azərbaycana qarşı İran mediasında bir kampaniya başlanıb. Bilirsiniz, İran mollaları islamdan danışırlar, o zaman bir milyondan çox azərbaycanlını öz yurdundan didərgin salan Ermənistana niyə dəstək verir?
Öz gözlərimlə görmüşəm, Azərbaycanın işğal olunmuş ərazilərində dağıntı işlərinə İran maşınları da yardım edirdilər. Axı ermənilər on minlərlə azərbaycanlını məhv ediblər. Bu və ya digər məsələlər məni narahat edir. Bu gün İranda milyonlarla soydaşlarımızın hüquqları tapdalanır. Ona görə də mən İranın bu mövqeyi ilə razı ola bilmərəm. Bu gün ermənilərin İranda məktəbləri var. İranın belə bir haqqı yoxdur ki, Azərbaycanı tənqid eləsin. Cavan qızları, cavan insanları qətlə yetirən dövlətdən heç bir tənqid qəbul edə bilmərəm. Özünü İslam ölkəsi adlandıran bir ölkə terrorçu Ermənistana dəstək verir.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı deputatdan siqaretə qadağalar qoyulması ilə bağlı Milli Məclisdə aparılacaq müzakirələrə münasibət bildirməsini istədi. (Bu zaman deputat masa arxasında siqaret çəkirdi və insafən bunun üçün tədbir iştirakçılarından icazə almışdı-A.R)

Deputat qeyd etdi ki, Avropa İttifaqı və eləcə də bu quruma üzv olmayan ölkələrlə də sıx əməkdaşlıq edilməlidir. O, siqaretə qanunla qadağa qoyulmasına siqaret çəkə-çəkə müsbət bir hal kimi baxdığını da diqqətə çatdırdı.

- Qardaş Türkiyədə çox gözəl şəkildə bu sənəd qəbul olundu. Bu qanunun icrası isə ən mühüm məsələdir. Mən çox azru edərdim ki, qanunda çoxluqların istəkləri nəzərə alındığı kimi, azlıqların da istəkləri unudulmasın. Siqaret çəkən insanların da hüquqları təmin olunmalıdır. Bu demokratiya və liberalizmin əsas qanunlarındandır.

Çalışırıq Türkiyə ilə İsrail münasibətləri yaxşılaşsın...

Modern.az saytının əməkdaşı Elşad Eyvazlının Türkiyə-İsrail münasibətlərinin Azəraycan-İsrail münasibətlərinə necə təsir göstərdiyi ilə bağlı sualına deputat cavab olaraq bildirdi ki, İsraillə əməkdaşlıq, dostluq qrupunun üzvüdür:

- Türkiyə-İsrail münasibətlərinə mən müdaxilə etmək istəmirəm. Ancaq mən əminəm ki, Türkiyə-İsrail münasibətləri düzələcək, əlaqələr yaxşılaşacaq. Bu dövlətlərin münasibətləri mütləq formalaşmalıdır. Çünki müttəfiqləri eynidir, eyni problemlərdən əziyyət çəkirlər. Hər iki ölkə beynəlxalq terrorizmdən əziyyət çəkir. Azərbaycan-İsrail münasibətləri daha yaxşı müstəvidədir. Biz də çalışırıq Türkiyə ilə İsrail münasibətləri yaxşılaşsın. Türkiyə ilə biz dost deyilik, qardaşıq. Biz istəyirik ki, Azərbaycanın İsraildə səfirliyi açılsın. Çünki, biz onlarla bir neçə sahədə əməkdaşlıq edirik. Eyni zamandan İsraildə çoxlu sayda azərbaycanlı yaşayır. Həmçinin Azərbaycanda da yəhudi əsillli insanlar yaşayırlar. O baxımdan səfirliyin açılması vacib məsələlərdəndir. Məncə, səfirlik açılarsa, ikitərəfli əməkdaşlıq əlaqələri daha da güclənəcək. Bu zaman Azərbaycanın haqlı həqiqətləri İsraildə də insanaların nəzərlərinə çatdırılar. Bir məsələni deyim, ermənilər bizim orada səfirliyimizin olmamasından istifadə edirlər. Azərbaycanı sevməyən hansısa qüvvələrlə birgə İsrail mediasında yalan məlumatlar yayırlar. Səfirlik məsələsini dəfələrlə parlamentdə qaldırmışam. Azərbaycan diplomatiyasında yeni, gənc diplomatlar yetişməkdədir. Azərbaycan səfirliklərinin işlərini də yüksək qiymətləndirirəm. Beynəlxalq təşkilatlarda Azərbaycanın nümayəndələri var ki, onlar çox peşəkar gənclərdən ibarətdirlər. Biz bununla beynəlxalq aləmdə insanların dəstəyini qazanırıq. İctimai dəstək hərbi savaş kimi, beynəlxalq diplomatiyada da çox böyük əhəmiyyətə malikdir.

Mən istəyirəm ki, müharibə olmasın...

APA-nın əməkdaşı Rəşad Süleymanovun ölkə rəsmilərinin müharibə çağırışları ilə bağlı açqlamalarına deputatdan münasibət istədi və konkret olaraq onun bu məsələ ilə bağlı şəxsi mövqeyinin nədən ibarət olduğunu soruşdu.
Cavabında millət vəkili “mən istəyirəm ki, müharibə olmasın” dedi və davam edərək bildirdi ki, onsuz da biz işğal olunan yerlərdə kəndləri, şəhərləri yenidən tikəcəyik.
- Amma ölən oğul və qızlarımızı geri qaytara bilmərik. Mənim üçün önəmli  Azərbaycan vətəndaşlarının həyatındır. Mən 1 ildə gözləyə bilərəm, 3 il də gözləyə bilərəm, amma bir nəfərin belə, ölümünü qəbul edə bilmərəm. Bütün dünya bilməlidir ki, heç bir halda Azərbaycandan bir qarış da torpaq alına bilməz. Azərbaycanın kifayət qədər  gücü var və bundan sonra daha da güclənəcək. Biz milyardlarla vəsaiti hərbiyə veririk, çünki buna məcburuq. Çalışmalıyıq ki, ordumuz elə güclənsin ki, bir güllə belə atmadan torpaqlarımızı geri alaq. Xatırlayırsınızsa, Sərkisyan getmişdi Rusiyaya ki, yeni kreditlər alsın. Bu gün Ermənistan siyasəti onların məhvinə aparır. Ermənistan müstəqillik əldə edəndə bu ölkənin əhalisi 3.5 milyon idi. Məndə olan məlumata görə, bu gün 1.5 milyona yaxınlaşır. Dəfələrlə mən Kaliforniyada olmuşam. Orada qərbi Hollivud adlanan bir bölgə var ki, əhalinin 80%-i ermənidir. Bu Koliforniya üçün də ciddi problemlər yaradır. Ermənilərin çox olduğu ölkələrdə bizim işimiz 10 qat artırılmalıdır. Azərbaycanın strategiyası tərəfdaşlıqdan ibarət olmalıdır. Biz həm Orta Asiya üçün, həm Avropa üçün çox əhəmiyyətli amilə çevrilmişik. Söhbət tək neftdən, qazdan getmir. Burada insan amili də var. Biz dünya üçün model olmalıyıq. Bu modeli daha da inkişaf etdirmək üçün bizim geniş potensialımız var. Azərbaycanın sosial-iqtisadi inkişafı insan amilinə xidmət etməlidir. Azərbaycan vətəndaşları nümunə olmalıdırlar.

Sosial məsuliyyət anlayışı bizdə çox zəifdir...

“Xəbərlər Azərbaycan” İA-nın əməkdaşı Mürtəza Bünyadov Tunis hadisələrinin digər ölkələrə, o cümlədən Azərbaycana təsir edib-etməyəcəyi ilə bağlı deputata sual verdi. Cavab belə oldu ki, Tunis hadisələri dünyanın istənilən ölkəsində ola bilər.

- Belə variantlar hətta Avropa ölkələrində də baş verdi. İrlandiya və İslandiyada insanlar hökuməti devirdilər. Hər bir ölkənin siyasətçiləri xalqın sosial rifahı haqda düşünməlidirlər. Biz eyni zamanda sosial təminatın tərəfdarıyıq. Azərbaycan bu istiqamətdə çox ciddi işləməlidir. Hələlik bu məsələlər bizim istədiyimiz kimi deyil. Sosial məsuliyyət anlayışı bizdə çox zəifdir. Ümumiyyətlə, nədənsə insanlar sosial məsuliyyət anlayışının nə olduğunu bilmirlər. Bu heç müzakirə mövzusu da deyil.

MM komitələrinin fəaliyyəti gücləndirilməlidir...

Asim Mollazadə parlamentin işinə diqqət çəkərək dedi ki, çox vaxt burada məsələlərin müzakirəsinə vaxt çatmır:

- Dəfələrlə biz parlamentdən kənarda da millət vəkilləri ilə müzakirələr aparmışıq. Bizə 5 dəqiqə vaxt verirlər. Əlbəttə ki, bu vaxt çərçivəsində bir çox məsələləri müzakirə etmək olmur. Millət vəkilinin fəaliyyəti bilavasitə parlamentlə bağlı deyil. Parlamentdə komitələrin fəaliyyəti bundan sonra daha da gücləndirilməlidir. Məsələlərlə bağlı təkliflərin müzakirəsi komitələrdə olmalıdır. Parlamentdə çıxışlar əvvəlcədən müzakirə olunmuş məsələlərə bağlı olmalıdır. Komitələrdə də məsələlərin müzakirəsi bir neçə istiqamətdə aparılmalıdır. Mən hətta üzvü olmadığım komitələrin toplantılarına qatılaraq müzakirələrə öz təkliflərimi vermişəm. Bu, ən çox təhsillə bağlı olan məsələlərə aid idi.

Vətədaşlar oturub gözləməməlidirlər...

- Hesab edirəm ki, Azərbaycan xalqı üçün əhəmiyyətli olan məsələlər öncə ictimai müzakirədən keçməlidir. Bu işlərdə ictimaiyyətin fikirləri də səfərbər edilməlidir. Hər bir demokratik hökumətin gücü onun birbaşa demokratik hökumətinin işindən aslıdır. Demokratik ölkələrin gücü göstərir ki, vətəndaş cəmiyyəti bu sistemin həyata keçməsində böyük əhəmiyyətə malikdir. Azərbaycanda da dövlətin inkişafı üçün, qanunverciliyin normal inkişafı üçün vətəndaş cəmiyyətinin güclü olmağı vacib məsələlərdəndir. Vətəndaşlar oturub gözləməməlidirlər. Onlar bu məsələlərdə fəal iştirak etməlidirlər. Biz vətəndaş cəmiyyətinin təşkilatlanmağına ciddi diqqət etməliyik. Əgər vətəndaş cəmiyyəti ölkəmizdə güclü olarsa, o zaman deyə bilərik ki, bizdə demokratik dəyərlər daha yüksəkdir. Biz sovet ideologiyasıa son qoymalıyıq. İnsanlar azad, demokratik olmalıdır. O zaman islahatlar həyata keçiriləcək və bu, birbaşa məmurlardan aslı olmayacaq.

Heç kəsdən asılı deyiləm...

Deputat ayrı-ayrı məmurların deputat sorğusuna cavab verməməsindən də danışıb:

- Mən heç bir məmura, heç bir nazirə öz problemlərimlə bağlı xahiş etməmişəm. Heç kəsdən asılı deyiləm, hamıya hörmətlə yanaşıram. Bizim belə bir  tezisimiz var. Azərbaycan vətəndaşları bizim qardaşlarımızdır. İstər müxalifətdə olanlar, istər iqtidarda olanlar mənim qardaşlarımdır. Biz heç kimdən aslı olmadığımıza görə, məsələlərin həllinə sonuna kimi gedirik.

Gənc nəslin mədəniyyəti sovet, kolxoz mədəniyyəti olmamalıdır...

Sonda deputat ölkə mediası ilə bağlı fikirlərini səsləndirib:

- Mən mediaya açıq insanam. İstərdim ki, Azərbaycan mediasının güclü reklam bazarı olsun. Medianın gücü onun azadlığından ibarətdir. Bu reklam bazarını formalaşdırmaq üçün islahatlar aparılmalıdır. Bu baza medianın reklam qaydalarına uyğun işləməlidir. Düşünürəm ki, bu proses yavaş-yavaş formalaşır. Bu, daha sürətli olmalıdır. Gənc nəslin mədəniyyəti sovet, kolxoz mədəniyyəti olmamalıdır. Gənclərin davranış qaydaları, etik normaları inkişaf etməlidir. Azərbaycanlı gənclərin xaricdə təhsilinə, onların yüksək peşəkar olmasına diqqət etmək lazımdır. Bu vacib amillərdəndir.

 

 

 

 


Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi