Modern.az

AŞPA Azərbaycandan razıdır

AŞPA Azərbaycandan razıdır

Təhsil

24 Yanvar 2011, 18:16

AŞPA-nın yanvar sessiyası bu gün işinə başlayıb. Azərbaycanın qurumdakı nümayəndə heyətinin də iştirak etdiyi beş günlük sessiyada jurnalistlərin informasiya mənbələrinin qorunması məruzəsi təqdim olunacaq, Avropa Şurasında islahatlar və bundan sonra atılacaq addımlar, İnsan Haqlarına dair Avropa Məhkəməsi qərarlarının yerinə yetirilməsi, təşkilata üzv dövlətlərdə sağlamlıq siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

“Azərbaycan Avropa Şurasına üzv olduğu on il müddətində demokratiyanın, təşkilatın təməl prinsiplərinin təşviqi və möhkəmlənməsində önəmli irəliləyiş və nailiyyətlər əldə edib”. Bunu Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öncəsi mətbuat konfransı keçirən qurumun sədri Mövlud Çavuşoğlu deyib.

O, Azərbaycanda keçirilmiş parlament seçkilərində də irəliləyişlər əldə olunduğunu bildirib:

“Deyə bilərik ki, seçkilərdə bizim meyarlara tam əməl olunub. Bu fikirlər seçkiyə dair hazırlanan tarazlaşdırılmış hesabatda da əksini tapıb və bu hesabat qurumun Bürosunun bu gün səhər keçirilən iclasında yekdilliklə qəbul edilib. Azərbaycanda seçki sahəsində irəliləyişlər əldə olunub. Biz düzgün yoldayıq. Azərbaycan bu yolla davam etməli, islahatlar prosesini, o cümlədən seçki sferasındakı islahatları davam etdirməlidir”, - deyə Mövlud Çavuşoğlu söyləyib.

O, əlavə edib ki, assambleya Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyətini bərpa etmək istəyir. Məqsəd qurumun 2005-ci ildə münaqişəyə dair qəbul etdiyi 1416 saylı qətnamənin alt komitə çərçivəsində həyata keçirilməsidir ki, büro da bu barədə aydın şəkildə fikrini bildirib.

Büronun plenar sessiyasının cümə günü keçiriləcək iclasında alt komitənin fəaliyyətinin bərpa olunması haqqında qərar veriləcək və sədri təyin ediləcək. Bundan sonra alt komitə yenidən əvvəlki komitənin səlahiyyətləri çərçivəsində işə başlayacaq. Mövlud  Çavuşoğlu bu komitənin təşkilinin assambleyanın qəbul etdiyi qərar çərçivəsində reallaşdırıldığını deyib. Qeyd edib ki, komitənin sədri postuna hələlik namizədlər irəli sürülməyib və bura yeni, obyektiv bir sədr seçiləcək.

ANS-in məlumatına görə, AŞPA-nın qış sessiyasında Azərbaycanda keçirilmiş parlament seçkisi ilə bağlı hesabat təqdim olunub. Hesabatı AŞPA-nın Azərbaycanda parlament seçkisində müşahidə missiyasının üzvü Tadeuş İvinski təqdim edib. 

Tadeuş İvinski çıxışı zamanı bildirib ki, bu, olduqca tarazlaşdırılmış hesabatdır. Qurum nümayəndəsinin sözlərinə görə, onlar seçki zamanı irəliləyişin olduğunu müşahidə ediblər. AŞPA müşahidəçilərinin fikrincə, seçki uğurlu keçib. Lakin AŞPA hesab edir ki, Azərbaycan bu istiqamətdə daha çox səy göstərməlidir ki, seçki sahəsində konsensus əldə olunsun.

Tadeuş İvinski əminliklə bildirib ki, AŞPA bundan sonra da ümumilikdə bu sahədə Azərbaycanla əməkdaşlıq əlaqələrini davam etdirəcək və ölkəmizdə demokratiya sisteminin möhkəmləndirməyə yardım etməyə hazıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu