Modern.az

“Kövsərbank”ın rəhbəri Heydər İbrahimov: “Haqqımızda yazılanlar yumşaq desəm, vicdansızlıqdır”

“Kövsərbank”ın rəhbəri Heydər İbrahimov: “Haqqımızda yazılanlar yumşaq desəm, vicdansızlıqdır”

24 Yanvar 2011, 19:44

“Kövsərbank”ın İdarə Heyətinin sədri Heydər İbrahimov rəbərlik etdiyi bank barədə son zamanlar mətbuatda dərc olunan yazılara münasibət açıqlayib. O, Modern.az saytına deyib ki, bu yazılar tam əsassız və böhtandır:

“Belə yazıblar ki, deputata yaxın bank İrana görə vurulur. Hətta “Kövsərbank”ın bağlanmasını Qərbin təzyiqi ilə əlaqələndirirlər. Çox təəssüflər olsun ki, jurnalistlər bəzən nəsə yazanda məlumatın dəqiqliyini yoxlamırlar. “Kövsərbank”ın guya “Wikiliks” saytında adı var. İranla bağlı çirkli pulların yuyulmasında guya, biz iştirak etmişik. Birincisi, bu saytın yalnız qarayaxma ilə məşğul olduğu hamıya bəllidir. Digər tərəfdən, axı bu saytda da bizim adımız olmayıb. Deməli, bu yazını hazırlayan ya açıq-aydın yalan uydurur, ya da sifariş həyata keçirir. Bununla da dövlətimizin başçısına yaxın adamları ləkələmək istəyirlər.
Söhbət qardaşım Eldar İbrahimovdan gedir. Qardaşım qətiyyən mənim işlərimə qarışmır. Mən 1995-ci ildə Moskvadan köçüb gələndən sonra bu bankı almışam. Heç onda Eldar İbrahimov Bakıya köçməmişdi. Mənim biznesimin onunla heç bir əlaqəsi yoxdur. Onun bizneslə ümumiyyətlə, arası yoxdur. Eldar İbrahimovu tanıyanlar bunu yaxşı bilirlər. Dəfələrlə mənə deyib ki, biznesdən əl çək, başqa bir sahədə çalış”.

Heydər İbrahimov qeyd edib ki, rəhbəri olduğu bankın lisenziyası geri alınıb və bu, yeni xəbər deyil:

“Mərkəzi Bankın özünün banklara qarşı tələbləri var. Xüsusi normativlər var və bu normativləri banklar yerinə yetirməlidir. Amma hər bir hüquqi şəxsin, o cümlədən də bizim hüququmuz var ki, özümüzü müdafiə edək. Biz lisenziyamızın geri alınması ilə bağlı Mərkəzi Bankın göstərdiyi səbəblərlə razı olmadığımız üçün bu işə məhkəmənin baxmasını istəyirik. Məhkəmə nə qərar verəcəksə, bu qərar bizim üçün məqbul olacaq. Biz öz hüquqlarımızdan istifadə etmişik. Ancaq bizə şər, böhtan ataraq bunları belə şişirtmək, İranla, Eldar İbrhimovla bağlamaq, bunlar yumşaq şəkildə desək, vicdansızlıqdır.  Hər bir informasiyanı yoxlamaq lazımdır. Yazıblar ki, “Heydər İbrahimovla əlaqə saxlamaq istədik, alınmadı”. Halbuki, bizim bankın telefonları, eyni zamanda mənim telefonum hər zaman açıqdır. İstənilən zəngə cavab veririk”.

Bu yazının sifariş olduğunu istisna etməyən bank rəhbəri deyib ki, bəzi üzdəniraq adamlar bununla ona və qardaşına qarşı çirkli oyuna əl atır:

“Bizi nüfuzdan, gözdən salmaq üçün sifarişlə belə şər-böhtan xarakterli yazılar dərc edirlər. Ancaq kimin kim olduğu, kimin hara, nəyə xidmət etdiyi məlumdur. Mənim jurnalistlərdən xahişim odur ki, özlərini oyuna salmasınlar. Bununla yalnız özlərinə deyil, bütövlükdə jurnalistikaya ləkə gətirirlər”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır