Modern.az

Xəzər dənizinə axıdılan çirkab suların mənbələri müəyyənləşdirlib

Xəzər dənizinə axıdılan çirkab suların mənbələri müəyyənləşdirlib

Təhsil

25 Yanvar 2011, 10:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2010-cu il ərzində Xəzər dənizinin Azərbaycan sektorunun 955,08 kilometrlik sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə 4, Xəzər dənizinin Azərbaycan sektoruna mənsub sahil zolağında 1427 ekoloji monitorinq keçirib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Monitorinqin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdır.

Monitorinqlər zamanı 4045 su, 178 qrunt, 6 qazma məhlulu, 8 şlam nümunəsi götürülmüşdür. Onlar üzərində 21951 analitik, 9896 bioloji və ekotoksikoloji, 6286 mikrobioloji olmaqla, ümumilikdə 38133 tədqiqat aparılmışdır. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus 36 ədəd bioloji və dezinfeksiyaedici qurğunun vəziyyəti araşdırılmış, onlar üzərində ciddi ekoloji nəzarət təmin olunub.

Keçirilən monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi olan 299 axar qeydə alınıb ki, onlardan 268-i sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir. Bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılıb.

2010-cu il ərzində idarənin iş planına uyğun aparılan tədqiqatlar zamanı bir sıra tədbirlər, o cümlədən hidrotexniki qurğuların, istismara yararsız estakadaların sökülərək sahilə daşınması, Bakı buxtasından batmış və yarımbatmış gəmilərin çıxarılması, həmçinin buxta ərazisində atılmış köhnə neft quyularının birdəfəlik ləğv edilməsi, Bibiheybət buxtasında neftlə çirklənmiş ərazilərdə rekultivasiya işlərinin aparılması və yaşıllıqların salınması, Hövsan kanalının müəyyən hissəsinin qapalı sistemə keçirilməsi, Neft Daşları və Çilov adasında yeni çirkab sutəmizləyici qurğuların istismara verilməsi və s. işlər həyata keçirilsə də, istirahət zonası və çimərlik əraziləri ilə zəngin olan Xəzər dənizinin şimal və cənub sahil zolaqlarında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin olmaması, eləcə də formalaşan tullantıların (maye, qaz, bərk və s.) idarə edilməməsi ötən ildə bir daha müşahidə edilib.
 
2010-cu ildə Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan təlabatının ödənilməsi məqsədi ilə Respublikanın rayonlarında quraşdırılmış sutəmizləyici qurğulardan 477 su nümunəsi götürülərək, onlar üzərində 570 analitik, 186 ekotoksikoloji, 2385 mikrobioloji təhlillər aparılıb.

Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” 2007-ci il 20 iyun tarixli 2244 nömrəli Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində istismara verilmiş qurğulara mütəmadi monitorinq nəzarəti həyata keçirilmiş və qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində təhlillər aparılıb.
 
Nazirliyin aidiyyəti qurumlarının iştirakı ilə 2010-cu ildə Kür çayı və onun qollarının, habelə deltanın suburaxma qabiliyyəti öyrənilmiş və alınmış nəticələr müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

2010-cu ildə Bakı buxtasının ekoloji vəziyyəti öyrənilib, eləcə də Hövsan Aerasiya Stansiyası üzərində mütəmadi aparılan ekoloji nəzarət sayəsində stansiyada çirkab suların norma daxilində təmizlənərək Xəzər dənizinə axıdılmasına nail olunub.

Mövsümlə əlaqədar Abşeron yarımadasının sahil zolağı boyu çimərlik ərazilərində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə monitorinqlər keçirilmiş, çimərlik ərazilərinin müxtəlif sahələrindən su nümunələri götürülərək, onların üzərində laborator müayinələr aparılıb. Aparılmış laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılmış sahələrdə mikrobioloji baxımdan dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində müəyyənləşdirilib. Çimərlik ərazilərində keçirilmiş birgə monitorinqlərə görə Qaradağ rayonunun Sahil, Səbail rayonunun Şıx və Sumqayıt çimərlikləri istisna olmaqla digər çimərlik ərazilər istifadəyə yararlı olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir