Modern.az

Komitə sədri: "Azərbaycanda hicabın qadağasından söhbət gedə bilməz"

Komitə sədri: "Azərbaycanda hicabın qadağasından söhbət gedə bilməz"

Ölkə

25 Yanvar 2011, 12:18

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov hakim Yeni Azərbaycan Partiyasının internet saytına müsahibəsində bildidb ki, bugünədək 510 dini icma qeydiyyatdan keçib. 30 icmanın yenidən qeydiyyata alınmasından isə imtina olunub.

Modern.az-ın məlumatına görə, H.Orucov bildirib ki, hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir. Heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır.
Komitə sədri təəssüflə qeyd edib ki, Azərbaycanda radikallığa meyilli xırda qruplar mövcuddur. “Ancaq öyrənmələr göstərir ki, ötən əsrin 90-cı və bizim əsrin əvvəlləri ilə müqayisədə, onların dairəsi xeyli daralıb, fəaliyyətləri zəifləyib və getdikcə zəifləməkdədir. Əminliklə demək olar ki, qanunazidd əməllərlə məşğul olan belə qrupların dinlə heç bir əlaqələri yoxdur. Onlar xarici radikalların buradakı ruporu olmağın müqabilində maliyyə vəsaiti ilə təmin olunur və təlimatlandırılırlar. Azərbaycan cəmiyyəti bu kimi məsələlərə qarşı həmişə prinsipial mövqedə dayanmışdır. Çünki Azərbaycan bu gün ötən əsrin 90-cı illərinin əvvəllərindəki dövlət deyil. İndi dövlətimiz kifayət qədər güclü, cəmiyyətimiz isə kifayət qədər yüksək inkişaf etmiş, intellektual cəmiyyətdir.
Bir məsələni xüsusilə vurğulamaq lazımdır. Diqqət yetirmisinizsə, orta ümumtəhsil müəssisələrində vahid məktəbli formasına keçidlə bağlı qərar qəbul edildikdən sonra müəyyən qruplar bunu hicaba qadağa kimi qələmə verməyə başladılar. Halbuki Azərbaycanda hicabın qadağan olunmasından söhbət belə gedə bilməz. Şübhəsiz ki, Təhsil Nazirliyinin qərarını məhz bu cür qələmə verməklə onlar müəyyən məqsəd güdürlər. Ancaq bunla özlərini ifşa etdilər. Necə olur ki, indiyədək övladlarını məktəbli formasından kəskin fərqlənən, məsələn, təmtəraqlı, böyüklərə xas dəbə uyğun geyimlə məktəbə göndərən valideynlər vahid məktəbli formasından şikayətlənmir, ancaq din adından istifadə edən bir qrup şəxs “hicaba qadağa qoyuldu” deyib səs-küy salır? Təbii ki, bu “etirazçılar”ın dinlə heç bir əlaqəsi yoxdur və qanundankənar istənilən əməlləri perspektivsizdir. Onlar sadəcə olaraq Azərbaycandakı demokratik mühitdən, vicdan azadlığının yüksək səviyyədə təmin olunmasından sui-istifadə edərək ölkəmizə qarşı bəd əməllərlə məşğuldurlar.
Bütün qanundankənar əməllər kimi, bir məktəbə də olsa, hücum çəkilməsi bizi çox məyus edir. Məktəb – uşağın, yeniyetmənin elm, savad öyrəndiyi müqəddəs yerdir. Məgər din pərdəsi altında maskalanaraq gizlənənlər bunu bilmirlər? Məgər bilmirlər ki, bütün dinlər – ilk növbədə həmin şəxslərin özlərini tərəfdarı hesab etdikləri İslam dini – insanın təhsil almasını, maariflənməsini vacib sayır? Məgər bilmirlər ki, müqəddəs Qurani-Kərimin nazil olan ilk ayəsində də “Oxu!” deyilir? Yoxsa İslam Peyğəmbərinin (s) təhsil almaq, savadlanmaqla bağlı hədislərindən xəbərsizdirlər? Bəlkə bütün bunları çox yaxşı bilirlər. Bilmirlərsə, öyrənmək də istəmirlər. Çünki əsas məqsədləri qanunsuzluğa əl atmaq, təxribatçı çağırışlar etmək, dövlətlə dindar vətəndaşlar arasındakı möhkəm bağlılığı sarsıtmağa cəhd göstərməkdir. Ancaq, bir daha təkrar edirəm, onlar məqsədlərinə çatmayacaqlar!”.

H.Orucov deyib ki, dini baxımdan müqəddəs və yaxud ağır hesab edilən ayların özünəməxsus xüsusiyyətləri var ki, onlardan biri də həmin aylarda insanların daha həssas olmasıdır.
“Bu baxımdan məlum qüvvələr vahid məktəbli forması haqqında qərardan fürsət kimi istifadə etməyə çalışdılar. Ölkəmizdə təfriqə yaratmaq istəyən bu qruplaşmalar milli-mənəvi dəyərlərinə bağlı olan xalqımızın həssaslığından “yararlanmaq” istədilər. Lakin xalqımız ağı qaradan seçməyi yaxşı bacarır. Həqiqi dindaşını təxribatçıdan ayırmağı da bilir. Müstəqilliyimizi yenidən qazanmış gənc dövlət kimi bu cür fürsət axtaranlara rast gəlməyimiz normaldır. Çünki bəzi qüvvələr bizim inkişafımızı, iqtisadi tərəqqiqimizi, eyni zamanda milli-mənəvi dəyərlərimizə daha şüürlu şəkildə qayıdışımızı və onlara sahib çıxmağımızı istəmirlər. Siyasi zəmində təsir güclərini itirdikdə bizim mənəvi dünyamızda təxribat yaratmağa çalışırlar. Lakin dini məsələlərin hansı ayda sabitliyi pozmaq məqsədilə şişirdilməsindən asılı olmayaraq, dövlətimizin və cəmiyyətimizin mövqeyi birmənalı olaraq qalacaqdır”.

H.Orucovun sözlərinə görə, Azərbaycanı sevməyən bəzi qüvvələrin ruporu olan və dini sferada təmsil olunan bu qrupların maliyyə vəsaitləri ilə təmin edilməsi istisna deyil.
“Çünki belə işlərlə məşğul olmaq üçün də maliyyə lazımdır. Bu qrupların əksəriyyətinin satın aldıqları, yaxud kirayələdikləri ofisləri, kağız və elektron mətbuat orqanları və başqa təbliğat vasitələri var. Bütün bunları idarə etmək üçün kifayət qədər böyük maliyyə vəsaiti lazımdır. Müşahidələr göstərir ki, bu qruplara daxil olan insanların konkret gəlir mənbəyi də yoxdur. Ölkəmizdə təxribatçılara maliyyə ilə kömək edəcək insanların olması da inandırıcı deyil. Bu amillər onların kənardan maliyyələşdirilməsinə inanmağa əsas verir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır