Modern.az

Misirdə aləm qarışıb, prezidentin istefası tələb olunur

Misirdə aləm qarışıb, prezidentin istefası tələb olunur

Dünya

26 Yanvar 2011, 10:40

Tunisin ardınca Misirdə də qarışıqlıq yaranıb. Paytaxt Qahirdə iğtişaşlar başlayıb. Polis ötən günün izdihamlı anti-hökumət nümayişlərindən sonra gecəni də küçədə qalan və prezident Hüsnü Mübarəkin istefasını tələb edən yüzlərlə etirazçıya qarşı yenidən gözyaşardıcı qazlardan və suatanlardan istifadə edib.
Modern.az BBC-yə istinadla xəbər verir ki, ötən gün ərzində Misirin Qahirə və İskəndəriyyə kimi şəhərlərində polis və etirazçılar arasında toqquşmalar baş verib. Biri polis olmaqla 3 nəfər ölüb.

Tunisdə bugünlərdə baş vermiş inqilabi hadisələrdən ilhamlanan nümayişçilər deyiblər ki, hökumət yıxılanadək etirazlarını davam etdirəcəklər. Misirin yaxın müttəfiqi olan ABŞ isə hökumətə etimad bəslədiyini bildirib.
Beləliklə misirlilər ilk dəfədir ki, prezident Hüsnü Mübarəkin əleyhinə şüarlar söyləyiblər və polisi daşa basıblar. Polislə etirazçılar arasında toqquşma polis parlamentin qarşısına toplaşmış kütləni dağıtmağa çalışanda baş verib.

Bu arada Amerikanın dövlət katibi Hilari Klinton Meksikaya səfəri əsnasında çıxış edərkən təmkinə çağırıb və ümid etdiyini bildirib ki, Misir hökuməti adamların istəklərini həyata keçirmək iqtidarındadır:

"Biz bütün insanların fundamental hüquqları olan ifadə azadlığı və sərbəst toplaşmaq haqqını dəstəkləyirik. Biz tərəfləri təmkinli olmağa və zorakılıqlardan çəkinməyə çağırırıq. Lakin bizim qiymətləndirməmiz belədir ki, Misir hökuməti sabitdir və Misir xalqının haqlı tələblərini yerinə yetirmək yollarını axtarır”.

Müşahidəçilər Amerika dövlət katibinin bəyanatındakı yumşaqlığı xüsusi qeyd edirlər və bu da deyilməlidir ki, Qahirə və İskəndəriyyənin küçələrində anti-Mübarək şüarları ilə yanaşı, elə anti-Amerika şüarları da səslənir.

Ekspertlər deyirlər ki, Misirdəki hadisələr az əvvəl Tunisdə baş verənlərdən, həm də internet vasitəsilə ilhamlanıb.

Şərif Mansur Vaşinqtonda mənzillənmiş Misirli insan haqları fəalıdır. O, BBC-yə müsahibəsində deyib ki, Misirdə vəziyyətin özünəməxsusluğu Tunisdə olduğu kimidir. Orada da rejim üçün heç bir real siyasi qüvvədən təhlükə yox idi. Orada da rejim üçün təhlükə gözlənilmədən küçələrdən gəldi. Adamlar özləri küçələrə çıxıb çoxdan bəri demək istədiklərini dedilər.

O bildirib ki, Tunisdə baş verənlərin Yaxın Şərqin başqa yerlərində təkrar olunmasını bütün insan haqları fəalları arzulayırlar.

“Zənnimcə Yaxın Şərqin rejimlərində yaşayanların hamısı belə bir şeyi istərdilər. İstərdilər ki, Tunis hadisələri domino effektinə çevrilsin. Biz həm də görürük bu regionda baş verənlər qeyri-islami inqilablardır. Kütlələrin təşkil olunması İslam ideologiyası üzərində qurulmayıb. Hadisələrin regiona yayılmasında əsas rollardan birini internet, yeni medianın imkanları oynayır. Misirin özündə son illərdə internet texnologiyaları çox inkişaf edib. Misirdə əhalinin 20 faizi internetə malikdir, 66 faizin mobil telefonları var. Odur ki, Tunis inqilabının qonşu ölkələrə yayılması üçün həm oxşar yerli şərait, həm də texniki imkanlar var”.

Son xəbərlərdə deyilir ki, sosial xəbərləşmə şəbəkəsi Tvitter-ə giriş bağlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi