Modern.az

Sabiq MTN şefi məhkəmədə ağlayıb

Sabiq MTN şefi məhkəmədə ağlayıb

21 İyul 2016, 22:33

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq Milli təhlükəsizlik naziri Vəli Ələsgərov Hərbi Məhkəmədə vaxtilə işgəncə verdiyi şəxslə üzləşərkən ağlayıb. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, V.Ələsgərovun nazirliyi dövründə Naxçıvan MTN-in əməkdaşları tərəfindən həbs olunan, İŞİD-ə məlumat ötürməkdə ittiham edilən, sözügedən idarədə ağır işgəncələrə məruz qalan keçmiş hərbçi N.Ağasıyev olub.

N.Ağasıyev deyib:

 

“Məhkəmədə başıma gətirilən əhvalatları danışdım. Bu zaman Vəli Ələsgərov ağlaya-ağlaya məhkəmənin sədri Qasım Əliyevə dedi ki, mənim evdə 5 gözləyənim var, göydə Allah var, mənə yazığınız gəlsin. Mən onda sual verdim ki, bəs sənin evində 5 nəfər gözləyənin varsa, mənim evimdəkilər kim idi?! Və yaxud, əgər sən Allahı tanıyırdınsa, niyə içəridə telefonu uzadıb deyirdin ki, zəng vur, gəlsin görək Allah kişidir, ya arvad?”

 

Qeyd edək ki, V.Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunur.

 

V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının Milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi