Modern.az

Milli Məclisdə türkiyəli deputatlarla görüş keçirilib

Milli Məclisdə türkiyəli deputatlarla görüş keçirilib

28 Oktyabr 2009, 14:58

Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının sədri Murat Mərcanın rəhbərliyi altında Azərbaycana rəsmi səfərə gələn 8 türkiyəli deputat oktyabrın 28-də səhər Prezident İlham Əliyevlə görüşüblər. Görüş Azərbaycanın dövlət başçısının Zağulbadakı iqamətgahında keçirilib. Türkiyəli deputatlar oktyabrın 28-də səhər Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər xiyabanını, o cümlədən burda türk əsgərlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. TBMM-in xarici əlaqələr komissiyasının sədri Murad Mərcan türk əsgərlərin xatirəsinə ucaldılmış abidənin qarşısında jurnalistlərə açıqlama verib. O deyib: “Dünyada Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanması qədər bizi xoşbəxt edən ikinci məsələ yoxdur. Bu bayraqların yanaşı dalğalanması bizə qürur verir”. Modern.az xəbər verir ki, daha sonra türkiyəli parlamentarilərlə Milli Məclisdə görüş başlayıb. Görüşdə Azərbaycan tərəfdən deputat Səməd Seyidovun rəhbərlik etdiyi 15, Türkiyədən isə 8 millət vəkili iştirak edib.
Nümayəndə heyətinin rəhbəri Murat Mərcan bildirib ki, Azərbaycana səfərdən çox məmnundurlar. Azərbaycanı ata yurdu hesab edən M.Mərcan prezident İlham Əliyevlə görüş barədə də məlumat verib. Onun sözlərinə görə, həmin görüşdən sonra əmin olub ki, bir daha Azərbaycanla Türkiyə arasında problem yaşanmayacaq. M.Mərcan deyib ki, razılaşmaya görə, bundan sonra Türkiyə və Azərbaycan parlamentlərinin xarici əlaqələr komissiyaları arasında ildə iki görüş keçiriləcək. Həmin görüşlər təkcə paytaxtlarda deyil, bölgə şəhərlrində də təşkil oluna bilər. Türkiyəli deputat bu qəbildən olan növbəti görüşün Naxçıvanda keçirilə biləcəyini vurğulayıb.
Ermənistanla sərhədlərin açılması məsələsinə münasibət bildirən M.Mərcanın sözlərinə görə, Türkiyə Böyük Millət Məclisi Azərbaycanın maraqlarına zidd olan heç bir qərar qəbul etməyəcək. O, bunu səmimiyyətlə söylədiyini bir daha xatırladıb.
Daha sonra Türkiyəli parlamentarilərlə Milli Məclisdə keçirilən görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.
Görüş başa çatandan sonra Milliyətçi Hərəkat Partiyasından (MHP) olan deputat Şenol Bal jurnalistlərə açıqlamasında deyib: "Səmimi müzakirələr apardıq. Kimsənin araya nifaq salmasına imkan vermək olmaz. Onsuz da iki cəmiyyət arasında problem yoxdur. Hökumətlər gəldi- gedərdi, millətləri ayırmaq mümkün deyil. Bayraq probleminin həll olunması sevindiricidir. Türkiyə-Ermənistan protokolları da müzakirə olundu. Bu sənədin xarici işlər komissiyasına gəlməyəcəyi haqda konkret söz deyildi. Hətta bu komissiyaya gəlsə də, Böyük Millət Məclisində qəbulu mümkün deyil. Komissiyadan keçsə də, biz Türkiyə cəmiyyətini hərəkətə gətirəcəyimizi dedik. Bu sözümüzün üzərində dayanacağıq”.
Türkiyə Böyük Millət Məclisinin nümayəndələri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla ayrıca görüşəcəklər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?