Modern.az

Sabirabad Mərkəzi Rayon Xəstəxanasında YEYİNTİ

Sabirabad Mərkəzi Rayon Xəstəxanasında YEYİNTİ

29 İyul 2016, 10:53

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına (Xəstəxana) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinə dair həyata keçirilmiş auditin nəticələri ilə bağlı Hesabatı müzakirə edərək təsdiq edib.

 

Bu haqda Palatanın mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Məlumatda qeyd edilib ki, Sabirabad Mərkəzi Rayon Xəstəxanası və tabeçiliyində olan tibb müəssisələri üzrə  çarpayıların sayı 62,5% azaldılaraq 320 çarpayı təşkil edib. Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də rayon və kənd əhalisinə ambulator tibbi xidmət göstərilməsi üçün 30 Kənd Həkim Məntəqəsi və 38 Kənd Tibb Məntəqəsi üzrə  ümumi ştat sayı 1193,0 ştat vahidi təsdiq edilib.

 

Mərkəzi Rayon Xəstəxanasının strukturuna daxil olan tibb müəssisələri ilə birlikdə Sabirabad rayonunun 170275 nəfər əhalisinə stasionar və ambulator qaydada tibbi xidmət göstərilib. Auditin əhatə etdiyi dövrdə Xəstəxana tərəfindən ümumilikdə  12433,2 min manat məbləğində vəsait icra edilib.

 

Auditlə tibbi kadr ştatlarının sayının əhalinin sayına nisbətən azlıq təşkil etdiyi, buna baxmayaraq mövcud olan ştatların da 2013-cü ildə 13,7%-i və ya 163,0 vahidi, 2015-ci ildə isə 17,0%-i və ya 203,0 vahidinin vakant ştatlar olduğu, 3 il ərzində rayon əhalisinə xidmət edən tibbi kadrların sayının 40 nəfər azaldığı müəyyənləşib.

 

Səhiyyə Nazirliyinin məlumatlarına görə, respublika üzrə hər 10000 nəfərə həkim təminatı 28 nəfər, çarpayı təminatı 41,4 ədəd təşkil etdiyi halda bu göstəricilərin Sabirabad rayonu üzrə müvafiq olaraq 10 nəfər və 19 ədəd təşkil etdiyi qeyd olunub. 

 

Sabirabad rayonu üzrə çarpayı günləri 2013-cü ildə 70,5%, 2014-cü ildə 78,8%, 2015-ci ildə 78,1% icra olunmuş, xəstəxanalarda müalicə alan xəstələrin sayı auditin əhatə etdiyi illərdə müvafiq olaraq 4390 nəfər, 4311 nəfər və 3845 nəfər təşkil etsə də, çarpayıların işlədiyi günlərin sayı, əksinə olaraq, artaraq 2013-2015-ci illər üzrə 224 gün, 286 gün və 296 gün olub.

 

Sabirabad Mərkəzi Rayon Xəstəxanası tərəfindən auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən xəstəxananın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməmiş, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmamış, xərclər bəzi hallarda təyinatı üzrə icra edilməyib. 

 

Çarpayı günlərinin faktiki işləmə günü ayrı-ayrı tibb müəssisələri üzrə müxtəlif olmuş,  1 çarpayı gününə sərf olunan dərman xərci illər və tibb müəssisələri üzrə kəskin fərqlənib, Xəstəxana tərəfindən dərman, sarğı ləvazimatları və materiallarına olan tələbatların bəzi xəstəliklərin təyinatına uyğun düzgün hesablamalar aparılmaması səbəbindən nöqsanlara yol verilib.

 

Xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınmış müxtəlif mal-materiallar uzun müddət istifadəsiz saxlanılaraq səmərəsiz xərcə yol verilib, artıq xəstə sayı və menyu-tələbnamələrə çarpayı günlərinin icrasından artıq gün yazılması, həmçinin  müvafiq qaydalarda müəyyən edilmiş normalara riayət edilməməsi nəticəsində artıq ərzaqla bağlı artıq büdcə vəsaiti xərclənib. Təsdiq olunmuş ərzaq məhsullarının siyahısında nəzərdə tutulmayan ərzaq məhsulları alınıb.

 

Auditin əhatə etdiyi dövrdə Xəstəxana tərəfindən ümumilikdə 44 satınalma proseduru keçirilib. Ərzaq məhsullarının orta bazar qiymətindən baha alınması, tender təklifinin təminatı məbləğinin iştirak etmiş iddiaçılardan yalnız qalib elan olunmuş təşkilat tərəfindən təqdim olunması, bəzi hallarda tender təklifinə deyil, ayrı-ayrı dərman məhsullarının qiymətlərinə əsaslanılmaqla müqavilənin bir neçə iddiaçı arasında bölünməsi kimi hallara yol verilib.

 

Xəstəxana tərəfindən mühasibat uçotu mövcud normativ-hüquqi aktlara uyğun təşkil edilməyib, torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlərin ayrı-ayrılıqda köhnəlmə və qalıq dəyəri düzgün  müəyyən olunmayıb. İnventar və avadanlıq istismar müddəti başa çatmadan və yararlılığı müəyyən edilmədən balansdan silinib.

 

Hesablama Palatasının Kollegiyası Sabirabad Mərkəzi Rayon Xəstəxanası tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə Qərarın surəti Sabirabad Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

 

Auditin nəticələri ilə bağlı Milli Məclisə və aidiyyəti üzrə  Səhiyyə Nazirliyinə məlumat verilib.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir