Cari ilin yanvar ayında Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Almaniyadakı Türk-Azərbaycan Birliyinin təsis iclası keçirilib. Təsis iclasında Azərbaycan Respublikasının Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, səfirliyin əməkdaşları, Bundestaqın sabiq üzvü cənab Haqqı Kəskin, Avropa Azərbaycanlılar Konqresinin fəxri prezidenti cənab Bahəttin Kaya, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, türk və Azərbaycan Diasporunun çoxlu sayda üzvləri iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, birliyin yaradılmasının əsas məqsədi Almaniyadakı Azərbaycan Diasporu və türk icmaları arasındakı əlaqələrin möhkəmlənməsi və hər iki xalqın dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.
Toplantıda Birliyin Nizamnaməsi müzakirə edilmiş, idarəetmə orqanları, sədr və İdarə Heyəti seçilib.
Bundestaqın sabiq üzvü cənab Haqqı Kəskin Almaniyadakı Türk-Azərbaycan Birliyinin sədri, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova və Avropa Azərbaycanlılar Konqresinin fəxri prezidenti cənab Bahəttin Kaya sədrin müavinləri seçiliblər.
Modern.az