Modern.az

Parlament jurnalistləri Milli Məclisin yaz sessiyasında hansı məsələlərin müzakirəsini istəyirlər?

Parlament jurnalistləri Milli Məclisin yaz sessiyasında hansı məsələlərin müzakirəsini istəyirlər?

31 Yanvar 2011, 19:30


Sabahdan Milli Məclisin 2011-ci il yaz sessiyası işə başlayacaq. Yaz sessiyasının gündəliyinə salınan məsələlər barədə Modern.az məlumat verib.
Bəs parlament jurnalistləri yaz sessiyasında hansı sahələrlə bağlı məsələlərin müzakirə olmasını istərdilər? Əməkdaşımız bu sualla Milli Məclisdə akkreditasiya olunan KİV nümayəndələrinə müraciət edib.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı deyib ki, bu il “Turizm ili” elan olunduğundan turizmlə bağlı qanunların qəbul olmasını istərdi:
“Cənab prezident “2011-Turizm ili” ilə bağlı müəyyən tapşırıqlar, göstərişlər verib, buna görə turizimlə bağlı yeni qanunların qəbul olunmasını, “Mədəniyyət haqqında” qanuna dəyişiklik edilməsini, xüsusilə radio kanalları, o cümlədən  televiziyalardakı verilişlərlə bağlı tədbirlər görülməsini istərdim.
İnzibati Xətalar Məcəlləsində yol hərəkətı ilə bağlı zaman-zaman dəyişikliklər olub, ancaq görürsən ki, yenə də müəyyən boşluqlar var və bu boşluqlardan hər hansı bir tərəf sui-istifadə edir. Məsələn, yol polisi sürücülərin qanunları yaxşı bilməməsindən sui-istifadə edir. Həmin boşluqlar aradan qaldırılsa, yaxşı olar.
Bundan başqa, jurnalistlərin sosial müdafiəsi, iş şəraitinin yaxşılaşdırılması ilə bağlı nəsə bir dəyişiklik, təşəbbüs və ya hansısa bir qərar formasında sənəd qəbul olmasını istərdim. Düzdür zaman-zaman jurnalistlərlə dost münasibətdə millət vəkilləri Qənirə Paşayeva, Qüdrət Həsənquliyev bu məsələni Milli Məclisin tribunalarında qaldırıblar, ancaq hələki parlament rəhbərliyi səviyyəsində bir reaksiya verilməyib”.

“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli qeyd edib ki, “Siyasi partiyalar haqqında” qanun müzakirəyə çıxarılsa, yaxşı olar.
“Bu barədə xeyli müddətdir müzakirələr gedir və müəyyən fikirlər var. Hakim partiyadan olan millət vəkilləri də bu fikri tez-tez təkrarlayırlar ki, “Siyasi partiyalar haqqında” qanunun yenidən qəbul olunmasına ehtiyac var, çünki 1992-ci ildə qəbul olunmuş sənəd günün tələblərinə cavab vermir. O fikirlə razıyam ki, ya “Siyasi partiytalar haqqında” qanuna ciddi dəyişikliklər edilməlidir, ya da qanun yenidən qəbul olunmalıdır və burada da siyasi partiyaların maliyyələşməsi məsələsi öz əksini tapmalıdır. Məndə olan məlumata görə yaxın günlərdə bu məsələnin gündəliyə çıxarılması gözlənilir”.
A.Cəfərlinin sözlərinə görə, digər vacib məsələ “Eks-prezidentlərin statusu haqqınqa” qanun layihəsinin qəbuludur ki, bu haqda da uzun müddətdir müzakirələr gedir, təkliflər verilir.
“Amma bu istiqamətdə hələlik hər hansı bir irəliləyiş hiss eləmirik. “Eks-prezidentlərin statusu haqqında2 qanun layihəsi bir neçə partiya tərəfindən hazırlanıb Milli Məclisə təqdim olunub, amma ortada real nəticə yoxdur. Mən istərdim ki, bu qanun layihəsi mümkün olsa, yaz sessiyasında, olmasa gələcək sessiyalarda qəbul olunsun və məsələ həllini tapsın. Ən azı 2011-ci ildə biz görək ki, bu məsələ də həllini tapdı”.

“Lent.az” saytının əməkdaşı Elxan Salahov “Ali təhsil haqqında”, antiinhisar tədbirləri barədə, neft və qaz, Neft Fondu haqqında ayrıca qanunların qəbul olmasını istədiyini bildirib.
“Parlamentin yaz sessiyasında Rəqabət Məcəlləsinin böyük ehtimalla  qəbul olunacağını gözləyirik. Çünki cənab prezidentin də iştirak etdiyi Nazirlər Kabinetinin sonuncu iclasında iqtisadi sahədə rüşvətxorluq, inhisarçılıq, rəqabət mühitinin yaradılmaması məsələsi çox kəskin qoyuldu. Doğrudur, 2005-ci ildə prezidentin sərancamında bunların hamısı var idi, lakin yenidən belə bir tapşırığın hökümət qarşısında qoyulması ümidlər yaradır ki,  ölkənin rəqabət mühitinin yaradılması ilə bağlı tədbirlər nəticəsində həm də qanunvericilik bazası təkmilləşə bilər”.

AzərTAc-ın əməkdaşı Xətayi Əziziov gənc ailələrin sosial problemləri, gənclər siyasəti, Ailə Məcəlləsi, Əmək Məcəlləsi, işləyən şəxslərin sosial müdafiəsi, sosial və tibbi sığorta ilə bağlı sahələrə xüsusi diqqət yetirilməsini istəyir.
“Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması, iqtisadi inkişafın daha da sürətləndirilməsi, sosial-iqtisadi dayanıqlılığın daha da möhkəmləndirilməsi ilə bağlı qanunların qəbulu, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, möhkəmlənməsi daha yaxşı olardı”.

Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynlinin sualımıza cavabı belə olub:
“Çoxuşaqlı ailələrin sosial müdafiəsi, əmanətlərin qaytarılması, Rəqabət Məcəlləsi haqqında qanunların müzakirə olunmasını istərdim.
İndiyə kimi Milli Məclisdə bütün kateqoriyadan olan insanların hüquqların müdafiəsi haqqında qanun qəbul olunub, təkcə jurnalistlərdən başqa. Onların hüquqların müdafiəsi haqqında heç bir qanun yoxdur. “KİV haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunların da heç birində jurnalistlərlə bağlı hər hansı müddəa yoxdur. Çox istərdim ki, digər kateqoriyadan olan vətəndaşlar kimi jurnalistlərin də hüquqlarının müdafisəi ilə bağlı qanun qəbul olunsun. Bunu daha çox arzulayıram.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı belə hesab edir ki, Milli Məclisdə müzakirəyə çıxarılan bütün sənədlər, yəni qanunların hamısı dövlətimiz üçün vacib sənədlərdir.
“Məncə burada fərq qoymağa ehtiyac yoxdur. Müəyyən məsələlər - hökümətin hesabatı, bələdiyyələrlə bağlı, bələdiyyələrə nəzarət edən dövlət qurumlarının hesabatı, ombudsmanın hesabatı çox maraqlı məsələlərdir ki, bunlar da həmişə yaz sessiyasında olur. Bu hesabatlar hər zaman maraqla gözlənilir, çünki orada il ərzində hansı işlərin görüldüyünü bilmək olur.
Milli Məclisin yaz sessiyasında iqtisadi yönümlü qanunların müzakirəyə çıxarılmasını gözləyirik. Rəqabət Məcəlləsi, Gömrük Məcəlləsi çox ciddi sənədlər olacaq ki, bütün bunlar hesab edirəm ki, vacib qanunlardır.
Bütün bunlarla yanaşı, Sovet dövrü əmanətlərin qaytarılması və gənc ailələrin sosial müdafiəsi ilə bağlı qanunların qəbul olunmasını daha çox istəyirəm”.

“Xəbərlər-Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov Milli Məclisdə müzakirə olunacaq çox məsələyə ehtiyac olduğunu, amma parlamentin öz gündəliyini və iş planını artıq təsdiq etdiyini bildirib.
“Son günlər ərəb dünyasında baş verən sosial problemlərin necə partlayışa gətirdiyini nəzərə alaraq ölkəmizdə əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində məsələləri müzakirə edib, daha ciddi qərarların qəbul olunmasını istərdim. Sosial problemlərin nəticəsində partlayışlar bir neçə ölkədə baş verib və bu artıq zəncirvari hal alıb.
Mən istərdim ki, belə halların baş verməməsi, ümumiyyətlə əhalinin daha normal yaşayışını təmin etmək üçün ölkdə sosial sahənin inkişafı və əhalinin yaşam tərzinin yaxşılaşdırılması istiqamətində məsələlərə diqqət yetirilsin. Ölkədə sosial ədalətin bərpasına nail olunsun. Milli Məclis bu yöndə fəaliyyət göstərsə, yaxşı olar, təbii ki, mənim bunu Milli Məclisdən gözləməyim xülyadır”.

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Ağaverdiyevanın sözlərinə görə, Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq məsələlərin siyahısında iqtisadi məsələlər daha çoxluq təşkil edir:
“Amma yaz sessiyasında məni daha çox maraqlandıran məsələ 2011-ci ilin büdcəsi ilə bağlıdır. Bir də Rəqabət Məcəlləsi var ki, onun da müzakirəsini səbirsizliklə gözləyirəm”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə Milli Məclisin yaz sessiyasında ilk növbədə Sovet dövründən əhalinin əmanət banklarında qalan pullarının qaytarılmasını nəzərdə tutan qanunun qəbul olunmasını istəyir:
“İkincisi, əsas müzakirəsini gözlədiyim məsələ Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı qanunvericiliyin müzakirə olunması və qanunvericilikdə hazırkı problemlərin aradan qaldrılması  üçün müəyyən əlavə və dəyişikliklərin edilməsidir.
Üçüncüsü də Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyətin parlamentdə ölkə rəhbərliyinin iştirakı ilə müzakirəyə çıxarılmasını və münaqişənin həlli ətrafında yaranmış vəziyyətə dair müvafiq komitənin yaradılmasını istərdim.
Eyni zamanda, parlamentin yaz sessiyasında Avropaya inteqrasiya komitəsinin yaradılması haqqında qərar qəbul edilsə, yaxşı olardı”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu Milli Məclisin yaz ssesiyasının gündəliyinə dair müzakirələrə bir sıra qanun layihələrinin, eyni zamanda xalqımızın problemləri ilə bağlı məslələrin daxil edilməsini istəyir:
“Dağlıq Qarabağlı bağlı məsələnin müzakirə olunmasını, ölkənin hüquq-mühafizə orqanlarının, xüsusilə Müdafiə Nazirliyinin və digər güc nazirliklərinin rəhbərlərinin, konkret olaraq nazirlərin parlamentə dəvət olunmasını və onların iştirakı ilə geniş müzakirələrin aparılmasını vacib hesab edərdim. Çünki artıq 24 ilə yaxındır ki, bu münaqişə davam edir və son illər aparılan danışıqlar prosesinnin müəyyən detalları ilə bağlı geniş məlumat verilməlidir, çünki bu münaqişə uzandıqca uzanır. İnsanların da haqqı var ki, bu danışıqlar prosesinin nə yerdə olduğu barədə daha müfəssəl məlumatlar əldə etsinlər”.
K.Həmzəoğlu eyni zamanda ölkədə kifayət qədər problemlərin yaşandığını və bunların da insanların sosial problemləri ilə bağlı məsələlər olduğunu qeyd edib.
“Bundan başqa, korrupsiya və inhisarçılıqla bağlı ciddi problemlər var. İstərdim ki, bu məsələlərin aradan qaldırlması yönümündə ictimai dinləmələr keçirilsin və bu ictimai dinləmələrin yekunu olaraq konkret qərarlar, qanunlar qəbul edilsin. Ən azı bu yöndə təşəbbüslər ortaya qoyulsun.
Onun sözlərinə görə, bu sessiyada “Dini etiqad azadlığı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılsa və qəbul edilsə, yaxşı olar.
"Doğrudur bu qanuna bir neçə dəfə dəyişiklik edilib. Səhv etmirəmsə axırıncı dəyişiklik iki il bundan əvvəl edilmişdi, amma bu dəyişiklik cəmiyyət tərəfindən elə də yaxşı qarşılanmadı.
Ona görə bu yöndə daha təkmilli qanun layihəsinə ehtiyac var.
Eyni zamanda istərdim ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirəyə çıxarılsın və qəbul olunan qanun əvvəlkindən daha kamil olsun. Artıq bu yöndə də - həm iqtidar, həm bitərəf, həm də digər müxalif  partiyalar arasında müzakirələr gedir.  
İstərdim ki, Azərbaycanda çoxpartiyalılıq mühitinin daha da yaxşı bərqərar olmasına, oturuşmasına, onların fəaliyyət  azadlıqlarının genişlənmdirilməsinə yönəlik bir qanun layihəsi qəbul olunsun, hazırlanıb müzakirələrə çıxarılsın və ən azı burada qeydiyyat məsələsi, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi öz əksini tapsın”.
Kamil Həmzəoğlu eyni zamanda Konstitusiya islahatları ilə bağlı müəyyən məsələlərin, hətta lazım gələrsə növbəti referenduma gedəcək məsələlərin müzakirə olunmasını da arzulayır: “İstərim ki, ölkədə çoxpartiyalılığın inkişafı üçün proporsianal seçki sistemi yenidən bərpa olunsun”.

APA-nın əməkdaşı Rəşad Süleymanovun Milli Məclisin yaz sessiyasında müzakirəsini istədiyi məsələlər isə belədir.
“İlk növbədə əhalinin sosial durumunu yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı məslələrin müzakirəsini daha çox istərdim. Yəni bu sessiyada hərbi qanunvericilik, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni standartların tətbiqi, ordunun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı sənədlərin müzakirə olunmasını daha çox istərdim”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy parlamentin tərkibi kimi problemlərin də dəyişmədiyini bildirib.
“Ötən illərdə parlament tribunasından müxalifətçi deputatlar tərəfindən səslənən bəzi problemlərin qaldırılmasını və onların həlli istiqamətində ciddi addımlar atılmasını istərdim.
İstərdim ki, Milli Məclis ilk növbədə Azərbaycan insanına insani münasibətin göstərilməsi ilə bağlı qanunlara əməl olunması istiqamətində ortaya prinsipial mövqeyini qoysun.
Parlament qanunlara nəzarət funksiyasını yerinə yetirən orqan kimi ölkədə baş alıb gedən qanunsuzluğa nəhayət ki, öz münasibətini ortaya qoymalıdır, amma bunu da gözləmirəm. Gözləmirəm ki, bu gün ətalət içərisində yaşayan insanların durumuna parlamnentin ciddi münasibəti olacaq. Bu gün məmur özbaşınalığından əziyyət çəkən vətəndaşa qarşı saygısızlığa reaksiya veriləcək, yaxud baş alıb gedən rüşvətxorluq, korrupsiya, inhisarçılıq, sahibkarların başına açılan oyunlarla bağlı hökümət parlamentə dəvət olunacaq və ondan hesabat istəniləcək, gömrük sistemində baş verənlər, ölkənin sərvətlərinin müəyyən adlar altında talanmasına son qoyulması ilə bağlı parlament ortaya prinsipial mövqe qoyacaq. Bunları da gözləmirəm. Ən azı parlamentdə bu problemləri ortaya gətirəcək nəinki fraksiya, hətta bir neçə nəfər belə yoxdur, Yalnız bir-iki istisnalar ola bilər ki, mövzu ortaya qoyulsun, onların da səsləri çoxluq tərəfindən kəsiləcək”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı deyib ki, 3-cü çağırış Milli Məclisdə əksər sahələri əhatə edən məsələlər müzakirə olunub. Bununla belə, o, 4-cü çağırış Milli Məclisdə, xüsusilə 2011-ci ilin yaz sessiyasında müəyyən məslələrin müzakirə olunmasını istəyir.
“İlk növbədə Qarabağla bağlı müzakirələrin keçirilməsinin tərəfdarıyam. Çünki uzun zamandır ki, mərhum prezident Heydər Əliyevdən bu yana Qarabağla bağlı Milli Məclisdə müzakirələr keçirilməyib. Təbii ki, bəzən fikirlər səsləndirilir ki, bu məsələ ilə bağlı hər hansı bir yenilik, irəliləyiş yoxdur, olacaq yeniliklə bağlı ictimaiyyətə məlumat veriləcək və onda Milli Məclisdə məsələ müzakirə olunacaq. Qarabağ məsələsi ciddi məsələdir və nəinki 5-6 ildən bir, hətta mən hesab edirəm ki, hər gün parlamentdə müzakirəsi vacibdir. İctimaiyyətin məlumatlandırılması baxımından isə xüsusilə vacibdir”.
E.Eyvazlı digər tərəfdən pensiya islahatları sahəsində müzakirələrin tərəfdarı olduğunu vurğulayıb.
“Jurnalist olaraq  pensiya sahəsində ciddi qüsurların olduğunu qeyd etməliyəm. Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri tərəfindən də bəzən etiraf olunur ki, bu sahədə müəyyən problemlər var. Eyni zamanda Sovetlər dövründə böyük staja  malik olan insanların pensiyasının indi pensiya çıxanlarla müqayisədə az olması ciddi narazılıq doğuran məsələdir.
Digər tərəfdən isə jurnalistlərin sosial problemləri ilə bağlı məsələlərin müzakirə olmasının tərəfdarıyam. Əhalinin əksər təbəqəsinin sosial müdafiəsi ilə bağlı Milli Məclisdə  qanunlar qəbul olunub. Hər halda jurnalistlər cəmiyyətin fəal üzvlərindəndir və ona görə bu sahədə müəyyən müzakirələrin aparılmasının və qanun layihəsinin hazırlanmasını istərdim”.
E.Eyvazlı ölkədə bələdiyyələrin fəaliyyəti ilə bağlı məsələlərin də Milli Məclisdə müzakirə edilməsini istəyir:
“Çünki bələdiyyələrin fəal olması digər ölkələrlə müqayisədə bizdə görünmür. Düzgün olaraq bələdiyyələri icra orqanlarının tabeli qurumu kimi qiymətləndirirlər. Hər halda bələdiyyələrə əlavə  səlahiyyətlərin verilməsi məsələsini ciddi müzakirə olunacaq məslələrdən biri kimi hesab edirəm.
Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı xüsusi qanunların qəbul olunmasına ehtiyac duyulur.
Mən hesab edirəm ki, qanunlardan öncə bu qanunların işlənmə mexanizmi hazırlanmalıdır ki,  onlar qəbul olunanda qanun olaraq kağız üzərində qalmasın, işləsin, əsas bunu fikirləşmək lazımdır”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?