Modern.az

Tarif Şurasının iclası keçirildi: bəzi xidmətlərə görə qiymətlər dəyişdirildi

Tarif Şurasının iclası keçirildi: bəzi xidmətlərə görə qiymətlər dəyişdirildi

Təhsil

31 Yanvar 2011, 21:09

Yanvarın 31-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC (milli operator) tərəfindən göstərilən universal poçt xidmətlərinin tariflərinə baxıllb, daxili və beynəlxalq məktub korrespondensiyaları və bağlamalar üzrə xidmətin növündən asılı olaraq yeni tariflər müəyyənləşdirilib. Yeni tariflər daxili universal poçt xidmətləri üçün 20 qəpiklə 2 manat arasında dəyişir. Beynəlxalq poçt göndərişlərində isə hər bir ölkə üzrə baza tarifləri və çəkiyə görə tariflər müəyyən edilib.

“Azərsu” Səhmdar Cəmiyyətinin müraciətinin Tarif (qiymət) Şurasında aparılmış müzakirəsindən sonra 1 m3 suyun maya dəyərinin tariflərdən xeyli aşağı olması nəzərə alınaraq tariflərə yenidən baxılıb, sudan istifadə xidmətlərinin tarifləri ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 m3 üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edilib. Sudan xammal kimi istifadə edən istehlakçılar üçün isə tariflər dəyişdirilməyib, hazırki səviyyədə saxlanılıb. Bununla yanaşı, əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 m3-dən 5 m3-ə endirilib.
     
Tarif (qiymət) Şurasının iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciəti əsasında ölkədaxili sərnişindaşıma xidmətlərinə də baxılıb, marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilib. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin dəyəri də daxil edilib. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub. Qərar qəbul edilərkən 1997-ci ildə təsdiq edilmiş mövcud ölkədaxili sərnişindaşıma tariflərinin bu xidmətlərə çəkilən xərclərdən dəfələrlə aşağı olması nəzərə alınıb.
         
Aparılmış təhlillər göstərir ki, yeni tariflər qonşu dövlətlər və MDB ölkələrinin uyğun tarifləri ilə müqayisədə aşağı səviyyədə olacaq.

Yeni tariflər 1 fevral 2011-ci il tarixindən qüvvəyə minəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir