Modern.az

“Mən adi icra başçısıyam, adam buraxdıran deyiləm” - Əhəd Abiyevdən İlyas İsmayılova CAVAB

“Mən adi icra başçısıyam, adam buraxdıran deyiləm” - Əhəd Abiyevdən İlyas İsmayılova CAVAB

8 Avqust 2016, 15:35

“Elşad Qafarov rayonda su-kanalizasiya xətti çəkən adamlardan pul istəyib. Özü də istintaqda bunu etiraf edib. Su çəkənlər Elşad Qafarova pul vermədikdə, onları döyüb, qol-qıçını sındırıb. Onlar da xəstəxanalıq olublar. Buna görə də Elşad Qarafov məhkəmənin hökmü ilə həbs olunub. Xəstəxanada döyülənlərdən polis və prokurorluq müstəntiqləri izahatlar alıblar. Elşad Qafarov təqsirləndirilən şəxs olaraq həbs edilib. Buna Əhəd Abıyev neyləsin ?”.

Bu sözləri Modern.az saytına açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ədalət Partiyasının sədri İlyas İsmayılovun onun haqqında səsləndirdiyi ittihamlara cavab verərkən deyib.

Əhəd Abıyev Ədalət Partiyası Daşkəsən rayon təşkialtının sədri Elşad Qafarovun həbs olunmasında öz adının hallandırılması, həbsin onun tərəfindən sifariş olunmasına dair ittihamları rədd edib. O bildirib ki, Elşad Qafarovun həbsində əli yoxdur və bu həbsi referendumla bağlamaq sadəcə ağılsızlıqdır:

“Deyirlər ki, guya mən referenduma görə Elşad Qafarovu tutdurmuşam. Hadisə 3 ay bundan qabaq olub. 3 ay bundan öncə referendum söhbəti var idi? Güya, Elşad Qafarov, ya da kimlərsə referendumda fəal iştirak edəcəkdilər”.

Əhəd Abıyev deyib ki, İlyas İsmayılov özü də Elşad Qafarovun xuliqan olduğunu ona söyləyib.

İcra başçısının sözlərinə görə, İlyas İsmayılov dəfələrlə ondan Elşad Qafarovun həbsdən azad olunması üçün xahişlər edib:

“İlyas İsmayılov özü mənə dedi ki, Elşad Qafarov yaramazın biridir. Xahiş etdi ki, onu həbsdən çıxarmağa kömək edim. Axı mən Əhəd Abıyev kiməm ki, cinayətkar bir şəxsi həbsdən azad elətdirim. Məhkəmənin hökmü, səlahiyyəti məndədir ki? Mən icra başçısıyam, hakim deyiləm.

İlyas İsmayılov özü də Elşad Qafarovun qanunsuz əməllərini çox gözəl bilir.  Amma yenə də onun azad olunması ilə bağlı mənə müxtəlif adamlardan xahiş-minnət elətdirir.

Deyir ki, Elşad Qafarovun azad olunmasına kömək edim, azadlığa çıxsın, sonra onun yerinə rayona partiya təşkilatının yeni sədrini təyin edəcək. Elşad Qafarov kimdir axı? Hansı işə görə mənim üzümə durub? O türmədə yatanın və yaramazın biridir”.

Ə.Abıyev Elşad Qafarovun rayonda su çəkənlərə qarşı quldurluq edərək onlardan pul tələb etdiyinə görə həbs olunduğunu vurğulayıb:

“Onun əlindən insanları şantaj etməkdən və qorxuzmaqdan başqa heç nə gəlmir. O, rayonda içməli su təchizatı və kanalizasiya sistemləri tikən “Çakır Yapı” şirkətinin əməkdaşlarından pul tələb edib. Ortada videogörüntü də də var. Deyib ki, “pul verməsəniz, sizi öldürəcəm, işi dayandırın, çıxın gedin burdan”.
Elşad Qafarov su çəkənlərə armaturla hücum edib. Əgər armatur o su çəkənlərin başına dəysəydi və onlar ölsəydilər, İlyas İsmayılov, Elşad Qafarov onların ailələrinə nə cavab verəcəkdi?

Xəsarət alan yazıq işçilər 13 gün xəstəxanada yatıblar. Elşad Qafarov insanları döydüyünə görə həbsdədir.  Axı bunun Əhəd Abıyevlə nə əlaqəsi ola bilər ?”.

İcra başçısı bu işdə onun adının hallandırılmasının səbəbini də deyib:

“Bu işdə mənim adım hallandırmaqla istəyirlər ki, mən deyim “hə köməklik edirəm, Elşad Qafarovu azad elətdirək?”. Axı mən kiməm ki? Mən adi icra başçısıyam.

Deyilər ki, güya, onlar rayonda ana müxalifətdirlər və referenduma görə Elşad Qafarov həbs olunub. Xeyr, bunların hamısı əsassızdır. Rayonda onların partiyasına heç 3-4 nəfər də üzv deyil.

Elşad Qafarova 1 il iş düşürdü. Allahına şükür eləsin ki, ona 8 ay həbs veriblər. Bu gün Elşad Qafarovun həbs olunmasına bütün rayon camaatı çox sevinir. Çünki o dələduzum, quldurun biridir. Dəfələrlə rayonda mal-qara oğurluğu edib. Özünü jurnalist kimi təqdim edərək sahibkarlara şər atıb. İlyas İsmayılovun belə bir adamın həbsində məni günahkar bilməsi çox gülməlidir.

İlyas İsmayılov özü də hüquqşünasdır və o bilmir ki, cinayət törədən mütləq cəzasını almalıdır?

İndi də durub oğrunun həbsini referendumlar bağlayırlar. Onsuz da rayonda Ədalət Partiyasının heç 3-4 nəfər üzvü də yoxdur. Güya onlar referendumda nə edə biləcəklər ki? İlyas İsmayılov deputat seçilməyib deyə, böhtan və qərəzli çıxışlar edir”.

Xatırladaq ki, iyulun 28-də Daşkəsən rayon Məhkəməsi Ədalət Partiyası Daşkəsən rayon təşkilatının sədri Elşad Qafarova hökm oxuyub.

 

Mətbuatda yayılan məlumatlara görə, İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Daşkəsəndə içməli su təchizatı və kanalizasiya sistemləri quran “Çakır Yapı” şirkətinin 4 əməkdaşı zorakılığa məruz qalıblar.

Elşad Qafarovun şirkətin 4 əməkdaşından hədə-qorxu  ilə pul tələb etdiyi, məqsədinə çatmadıqda isə onlara xəsarət yetirərək xəstəxanlıq etdiyi bildirilir.

 

Bununla bağlı xəsarət alanlar hüquq-muhafizə orqanlarına müraciət edərək Elşad Qafarov haqqında tədbir görülməsi istəyiblər. Hüquq-muhafizə orqanları zərəçəkmiş şirkətin əməkdaşlarının xəsarətlərini müyyən edərək araşdırmalar aparıb. Daşkəsən rayon Məhkəməsində işə baxılaraq, Elşad Qafarov 8 ay müddətinə azadlıqdan məhrum edilib.  O, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunub.

 

Yaxınlarının dediyinə görə, Elşad Qafarovun həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.

 



Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?