Modern.az

Ədliyyə Nazirliyinin 26 əməkdaşı işdən çıxarılıb

Ədliyyə Nazirliyinin 26 əməkdaşı işdən çıxarılıb

1 Fevral 2011, 11:12


Ölkə prezidentinin tapşırığına əsasən yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilərək, əhalinin haqlı narazılığına səbəb olan korrupsiya halları vurğulanıb, mövcud problemlərin araşdırılması və qısa müddətdə aradan qaldırılması barədə konkret tapşırıqlar verilib.

Bununla əlaqədar Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib. Modern.az-ın məlumatına görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda son illər Azərbaycanda korrupsiyaya qarşı genişmiqyaslı qanunvericilik və institusional tədbirlər qeyd edilib, bu sahədə ədliyyə orqanları tərəfindən görülən işlər, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın, habelə ölkə prezidentinin dövlət və bələdiyyə əmlakının idarə olunmasında korrupsiya ilə mübarizənin gücləndirilməsi haqqında fərmanının icrası ilə bağlı kompleks tədbirlər vurğulanıb.

İclasda korrupsiyaya qarşı mübarizə üzrə ədliyyə orqanlarında həyata keçirilən tədbirlərə baxmayaraq neqativ halların hələ də mövcud olduğu bildirilib, bu sahədə qəti tədbirlərin görülməsi üçün qarşıda duran vəzifələr müzakirə edilib.

Nazirliyin bütün struktur qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiyada ədliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi, xidməti yoxlamaların səmərəliliyinin yüksəldilməsi və ədliyyə işçilərində antikorrupsiya mədəniyyətinin formalaşdırılması, icra işinin və notariat fəaliyyətinin daha da təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, penitensiar müəssisələrdə qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, məhkumların hüquqlarının qorunmasına diqqətin artırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin və məhkəmələrdə icra və əmək intizamının gücləndirilməsi barədə ciddi tapşırıqlar verilib.

Kollegiyada Nazirlik tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı yoxlamaların nəticələri üzrə ötən il 4 nəfər barədə materialların prokurorluğa göndərilməsi, habelə 220-dən çox ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi, o cümlədən 26 nəfərin vəzifədən azad və ədliyyə orqanlarından xaric olunması qeyd edilib, yoxlamalar zamanı prinsipiallığın artırılması, aşkar edilmiş nöqsanlarla bağlı ən sərt tədbirlərin görülməsinin zəruriliyi bildirilib, rəhbər işçilərin şəxsi məsuliyyəti vurğulanıb.

Bununla yanaşı, iclasda ərizə və şikayətlərlə əlaqədar səmərəli araşdırmaların aparılması və operativ tədbirlərin görülməsi, nazirliyin internet saytından və “qaynar xət”lərindən maksimum effektiv istifadə edilməsi, ədliyyə orqanlarında vətəndaşlara göstərilən xidmətlərə görə dövlət rüsumları barədə əhalinin dolğun məlumatlandırılması və onlara dönmədən riayət olunması, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin yaradılması məqsədilə hüquqi maarifləndirmə işinin genişləndirilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın təşviqi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, treninqlərin və tədris tədbirlərinin təşkili ilə bağlı konkret tədbirlər müəyyən olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır