Modern.az

Rusiya-Türkiyə yaxınlaşmasının başqa ciddi səbəbi də var - ŞƏRH

Rusiya-Türkiyə yaxınlaşmasının başqa ciddi səbəbi də var - ŞƏRH

9 Avqust 2016, 13:22

“Türkiyə və Rusiyanı ortaq dərd də birləşidirir. Əlbəttə, ikitərəfli iqtisadi-ticarət mübadiləsinin, turizm və çarter reyslərinin bərpası və nəhəng layihələr olan “Türk axını”, Rusiyanın Türkiyədə nüvə elektrik mərkəzinin inşaasına başlaması amilləri öz yerində, ancaq iki dövləti bir-birinə yaxınlaşdıran başqa ciddi səbəb də var”.

Modern.az-ın xəbərinə görə, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib.

O bildirib ki, bu gün Rusiya və Türkiyə zorluqla tərəfdaşa çevriliblər:

“Həm Rusiyanın (Ukrayna hadisələrinə görə), həm də Türkiyənin (Güləni qaytarmadığına və çevriliş cəhdini qətiyyətlə pisləmədiyinə görə) ABŞ və Avropa ilə münasibətləri soyuyub.

Buna görə də Türkiyə və Rusiya zorluqla tərəfdaşa çevrilirlər”.


Politoloqun sözlərinə görə, bu iki ölkənin aralarındakı yeganə düyün nöqtəsi Suriyadır.

“Ancaq məncə, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan keçmiş illərdə olduğu kimi, Rusiyanı Suriyaya müdaxilə etməkdə, diktator Əsədə dəstək verməkdə ittiham etməyəcək.

Tam əksinə, Ərdoğan Sankt-Peterburqa yollanmadan bir gün öncə İTAR-TASS agenliyinə müsahibəsində dedi ki, Rusiyanı Suriyada əsas oyunçulardan biri sayır.

Gözümüzün qarşısında Ərdoğanın ritorikası dəyişir. Həqiqətən siyasət mürəkkəb elmdir, daimi heç nə yoxdur, manevr etmək məcburiyyətindəsən, çayı keçənə qədər ayıya da dayı deməlisən”-deyə Elxan Şahinoğlu şərh edib.

 

Ağa AKİFOĞLU

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı