Modern.az

Jurnalist Araşdırmaları Mərkəzi dini maarifçilik işi aparıb

Jurnalist Araşdırmaları Mərkəzi dini maarifçilik işi aparıb

Aktual

10 Avqust 2016, 13:25

Jurnalist Araşdırmaları Mərkəzi Saatlı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Saatlı şəhərində "Gənclər arasında dini maarifçilik işinin aparılmasında medianın rolu” adlı tədbir keçirib. Saatlı rayonundakı Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rəsmi qurumların nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, jurnalistlər və gənclər iştirak ediblər.

 

Saatlı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Lütvəli Şıxəliyev gənclər arasında maarifçilik işinin aparılmasının vacib olduğunu bildirib. L.Şıxəliyev ölkədə sağlam mənəvi mühitin yaranmasına xidmət edən bu cür təşəbbüsləri gələcəkdə də dəstəkləməyə hazır olduqlarını deyib. 

 

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə diqqəti Azərbaycanın tolerant ölkə olduğuna çəkib. Birlik sədri qeyd edib ki, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri min illərdi öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirə bilirlər. Tanınmış jurnalist Azərbaycan mətbuatının nəinki dini və irqi ayrıseçkiliyi təbliğ etmədiyini, əksinə, bu cür mənfi hallara qarşı həmişə effektiv mübarizə apardığını vurğulayıb.

 

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Azərbaycanda sağlam mənəvi mühitin hökm sürdüyünü bildirib. Ç.Bayramov deyib ki, tolerantlıq və multikultural dəyərlərə sadiqlik Azərbaycan xalqının həyat tərzinə çevrilib. İctimai Birlik sədri Azərbaycan üçün xaraktrik olan birgəyaşayış modelinin beynəlxalq aləmdə tətbiqinə ehtiyac olduğunu qeyd edib. O, əmin olduğunu bildirib ki, bu yolla daxili sabitliyə və rifaha qovuşmaq mümkündür.

 

Saatlıda işıq üzü görən "Dönüş” qəzetinin redaktoru Mahir Allahyarov öz çıxışında Azərbaycanda maarifçilik hərəkatının tarixinə nəzər salıb. Müasir Azərbaycan mətbuatının zəngin ənənələr üzərində bərqərar olduğunu deyən redaktor dini maarifçilik işinin aparılmasında medianın rolunu yüksək qiymətləndirib.

 

Tədbirdə həmçinin DQİDK-nin İmişli bölgəsi üzrə məsləhətçisi (Saatlı rayon üzrə nümayəndə) Elvin İbrahimov, Saatlı rayon Heydər Əliyev Mərkəz direktor əvəzi Telman Ağayev və.başqaları çıxış edərək, gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsinin və düzgün maarifləndirilməsinin əhəmiyyətindən danışıblar.

 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!