Modern.az

Statistika Komitəsi Azərbaycandakı gənclərin sayını elan etdi

Statistika Komitəsi Azərbaycandakı gənclərin sayını elan etdi

1 Fevral 2011, 13:45

Ölkə əhalisinin 2,9 milyon nəfərini və ya 31,4 faizini gənclər təşkil edir.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, Azərbaycanda gənclərin 53 faizi şəhər yerlərində, 47 faizi isə kənd yerlərində yaşayır. Onların da yarısını qadınlar təşkil edir.

Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı 12 faiz artıb və bütövlükdə doğulan körpələrin 82 faizi gənc ailələrdə dünyaya gəlib. Ötən il ölkədə nikaha daxil olanların 75 faizini gənclər təşkil edib və son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artıb.

İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların isə 23-dür. Boşananların 23 faizini isə gənclər təşkil edir.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, gənclərin sağlam həyat tərzi sürmələri və idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün ölkəmizdə geniş şərait yaradılır, hər il yeni idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları və digər obyektlər tikilib istifadəyə verilir. Ötən il müxtəlif beynəlxalq yarışlarda gənc idmançılarımız tərəfindən 675 medal qazanılıb, onların da 206-sı Olimpiya idman növləri üzrə olan medallardır. Gənc idmançılarımız Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında da böyük uğurla çıxış edib və 204 ölkə arasında 11-ci yeri tutub.

Gənclərin təhsil səviyyəsi də ilbəil artır. 2010-2011-ci tədris ilinin əvvəlinə Azərbaycanda 53 min tələbənin orta ixtisas təhsili aldığı 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsil müəssisəsi və tələbələrinin sayı 140 min nəfər olan 36 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin sayı da ilbəil artır. Son 5 ildə dövlət xətti ilə xaricdə oxuyan azərbaycanlı tələbələrin sayı 2 dəfə artaraq 2055-ə çatıb və onlardan 63 faizi Bakı şəhərinin, 37 faizi isə digər şəhər və rayonların orta məktəblərinin məzunlarıdır.

Ölkənin elmi potensialında da gənclərin müstəsna rolu vardır. Hazırda elmi müəssisələrdəki tədqiqatçıların 17,3 faizini gənclər təşkil edir. Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və gənclərin idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılması, sağlam həyat tərzinin geniş təbliği nəticəsində narkotiklərlə bağlı cinayətlərdə iştirak edən gənclərin sayı isə ildən-ilə azalır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü