Bu gün Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Zaqatala rayon ərazisindən keçən 115-ci kilometrliyində ağır yol qəza hadisəsi baş verib. Modern.az-ın məlumatına görə, avtomobildə idaəetməni itirən sürücü bir nəfərin ölümünə, iki nəfərin isə yaralanmasına səbəb olub.
1969-cu il təvəllüdlü, Şəki şəhər sakini Musayev Aydın Abdin oğlunun idarə etdiyi “Şevralet” markalı 90 AU 183 dövlət nömrə nişanlı avtomobil yolun kənarındaki ağaca çırpılıb. Ağaca çırpıldıqdan sonra avtomobil yaxınlıqdakı 2 metr dərinliyindəki yağış sularının axması üçün düzəldilmiş kanala düşüb.
Baş vermiş yol qəzası nəticəsində Aydın Musayevin avtomobilində olan sərnişin, Masallı rayon sakini Məmmədov Asif Əlisəfa oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü Aydın Musayev və avtomobildə olan digər sərnişin-1975-cu il təvəllüdlü, Zaqatala rayonu Mosul kənd sakini Köngülov Faiq Camal oğlu aldığı ağır bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onların durumunun orta-ağır olduğu bildirilir.
Hadisəyə səbəb kimi yağışlı hava göstərilir. Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin şimal-qərb bölgəsi üzrə idarəsində cinayət işi başlayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.
Xaliq Qurbanov
Gəncə