Modern.az

NAMAZ BƏLASI

NAMAZ BƏLASI

13 Avqust 2016, 10:58

Mənim bu din xadimlərinə bir sualım var: tutaq ki, təyyarə qəzasında 170 nəfərdən biri sağ qalır. O saat deyəcəklər ki, gördünüz, Allah saxladı. Bəs onda soruşuram, o 169 nəfərin günahı nə imiş ki, Allah onları saxlamadı? Bəlkə saxlamağa gücü çatmadı? Onda belə çıxır ki, Allah heç də qadir deyil, aciz və zəifdir. Saxlaya bilərdi, amma saxlamadı? Onda o lap zalimin biri imiş ki! Bəs onda niyə biz ona rəhmdil deyirik? Bəlkə saxlayardı, amma şeytan və ya hasısa başqa bir şər qüvvə buna imkan vermədi? Aha, onda da belə çıxır ki, Allah tək deyilmiş, bəs onda niyə biz Allahdan başqa Allah yoxdur deyirik? (Epikürün fəlsəfəsi – A.H.) Görürsünüzmü, dini ehkamlar necə də absurddur! Elə isə mən nəyin naminə namaz qılmalı, oruc tutmalı, yaxud səsgücləndirici vasitələrlə ərəb dilində bar-bar bağıran cihazlara hər gün qulaq asmalıyam. Allahın böyüklüyünü “Allahü-əkbər” nidası ilə daim qulağımıza qışqırmağın nə mənası var? Axı bu azan və iqamələri nə qədər dinləmək olar? Əgər bizim öz dilimizdə dahi şairlərimizin qəzəl sözləri ilə oxunan zəminxarə muğamımız varsa və kefimiz istəyəndə (təkrar edirəm – kefimiz istəyəndə, daha hər gün səhər saat 4-də yox) ona qulaq asa biliriksə, buna ehtiyac varmı?

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri NORMALARI”na uyğun olaraq yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin və nüfuzedici səs-küyün yolverilən səviyyələri müəyyən edilmişdir. Fərmanın 1.3-cü maddəsində deyilir: “Bu normalara ... təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir”. Deməli, məscid rəhbərliyi də bu tələbdən kənarda qala bilməz. Amma Lənkəranda bir çox məscidlərin rəhbərləri, o cümlədən Böyükbazar, Qalayçılar, Şağlaküçə, Kərgəlan, Lüvəsər kənd məscidlərinin rəhbərliyi, müəzzin vəzifəsini icra edən şəxslər nəinki bu normalara əməl etmir, əksinə, kimsənin irad və ya şikayətlərinə məhəl qoymadan hər gün, xüsusilə də səhər saat 4 radələrində Mp3 formatında diskə köçürülmüş hazır azanı məscidlərin zirvəsinə quraşdırılmış çoxsaylı səsucaldıcılar vasitəsilə ətrafa yayır, bununla da nüfuzedici səs-küy və kəskin uğultu effekti yaradaraq bir çox insanların, o cümlədən mənim və ailəmin istirahət hüququnu kobudcasına (oxu: həyasızcasına) pozurlar.

 

 

Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin I hissəsinə görə, hər kəsin sağlam ətraf-mühitdə yaşamaq hüququ vardır. Ancaq sübh tezdən verilən azan səsinin yüksəkliyi, şiddəti, intensivliyi və tembri desibellərlə ölçüyəgəlməz dərəcədə artıq olduğundan ekoloji çirklənməyə və insanlar arasında çox böyük narahatlığa səbəb olur.

 

 

Mən bununla bağlı dəfələrlə yaşadığım yerin yaxınlığındakı Böyükbazar məscidinin rəhbərliyi ilə görüşmüş, onlara öz etirazımı bildirmiş, yuxarıdakı Fərmanın tələblərini onlara izah etmiş və bunlara əməl etmələrini onlardan tələb etmişəm. Lakin onlar cənab şeyxə (bu yerdə istər-istəməz C.Məmmədquluzadənin Şeyx Nəsrullahı yadıma düşür) istinad edərək, “rəhbərlik belə buyurub” deyə sözügedən fərmana heç məhəl belə qoymurlar. Axı kimdir bu şeyx ki, onun minarələrə səsgücləndiricilər taxmaq barədə fitvasına görə mənim istirahət hüququm pozulsun? O adi bir mollabaşıdır və heç bir rəsmi səlahiyyəti yoxdur. Bəlkə bu “rəhbərlik” də F.Gülən kimi ölkədə “paralel dövlət” qurub deyə bu harın molla-axund tayfası Azərbaycan Respublikası qanunvericiliyinin normativ-hüquqi tələblərini veclərinə almırlar? Ya da  əksinə, ola bilsin, yerlərdəki rütbəli din xadimləri onunla hesablaşmır və öz bildiklərini edirlər. Nəticədə bax belə biabırçı səs-küy yaranır. Adamların narahatlığı isə bu “rəhbərlik” deyilən şəxslərin qulağına da deyil.

 

 

Yuxarıdakı Fərmana görə, səs-küy səviyyələrinə nəzarəti havanın çirklənməsi baxımından Ekologiya və Təbii Sərvətlər Nazirliyi, adamların istirahət hüququnun pozulması baxımından Daxili İşlər Nazirliyi, insan sağlamlığına mənfi təsir baxımından isə Səhiyyə Nazirliyi həyata keçirir. Ancaq bu qurumların heç biri edilən müraciətlərə baxmayaraq tədbir görmür və ya görmək istəmir, bununla da kafir mollaların dəyirmanına su tökmüş olurlar. Əgər belə olmasaydı, yəqin fərmandan irəli gələn tələbləri pozmaqdan çəkinərdilər. Heç cür başa düşmək olmur ki, əsrimizin şeyx nəsrullahları qarşısında o boyda Daxili İşlər Nazirliyi niyə susur? Məgər tək Nardaran hadisələrindən sonra vəfat azanını qadağan etməklə iş bitir? Belə çıxır ki, iqtidarı onun öz təhlükəsizliyi daha çox maraqlandırır, nəinki adamların rahatlığı və sağlamlığı.

 

 

Qeyd etmək lazımdır ki, ətraf-mühit təkcə zəhərli tullantılarla deyil, həm də normadan artıq səs-küylə çirklənir. Səs-küy xoşagəlməz və ya arzuedilməz akustik hadisə olub, ümumi psixoz yaradan bioloji qıcıqlandırıcıdır. O insan sağlamlığına mənfi təsir göstərir və əmək məhsuldarlığını 10-20 % aşağı salır. Bu baxımdan, əvvəla, Lənkəranda kifayət sayda məscid var və onların ara məsafəsi o qədər azdır ki, bir çoxlarında bu cihazları quraşdırmağa heç ehtiyac da yoxdur. İkincisi, sübh namazına vaxtında durmaq dindarlar üçün indi elə də çətin iş deyil, belə ki bunun üçün zəngli saat və ya digər vasitələr var. Üçüncüsü, minarə onun üçündür ki, azan canlı insan səsi ilə, yəni müəzzin vasitəsilə verilsin. Peyğəmbərimiz də belə buyurub. Bəs elə isə, özlərinin təbirincə desək, “şeytan əməli” olan bu cihazları ora niyə taxırlar? Hətta elə kənd var ki, orada iki məscid var və birində səsucaldan olmasına baxmayaraq ikincisinə də quraşdırırlar (məsələn, Kərgəlan kəndində). Bunu hansı məntiqlə izah etmək olar? Əslində mən bu hay-küyü eşidəndə sanki din xadimləri fəryad qoparıb qışqırırlar: “Ay aman, durun gəlin namaza, yoxsa din əldən gedər, biz işsiz qalarıq! Ay aman, bizi tək qoymayın, yoxsa sovet dövründəki kimi yaddan çıxıb qalarıq bir küncdə, bizi heç it yerinə də qoymazlar... Aman günüdür, gəlin namaz qılın, allah yolunda bizə sədəqə verin, pay verin, ianə verin, xüms verin, zəkat verin, qoy biz də adam kimi dolanaq, özümüzə ciplər alaq, villalar tikək... Durun namaza! Durun namaza! Allahü-Əkbər!” Yeri gəlmişkən, əgər Məhəmməd peyğəmbərin vaxtında cip olsaydı, görəsən o da sürərdi?

 

 

Sübhün alatoranlığında, heç yazıq xoruzlar banlamağa macal tapmamış, ruporlardan çıxan səslərlə hər yanı vibrasiya çirklənməsinə məruz qoyanda, səbəbini soruşduqda isə bunun vacibat olduğunu dəyəndə, lap əsgərlik düşür adamın yadına: hər səhər saat 6-da durmaq, idman eləmək, üz qırxmaq, sıraya düzülmək, silah təmizləmək, daha nə bilim nə, bir sürü yeknəsəq işlər! Ancaq bu bizim konstitusiyada təsbit olunmuş vətəndaşlıq borcumuzdur, hərbi mükəlləfiyyətimizdir və biz buna il yarım dözməliyik. Di gəl ki, bədəvi ərəbinin dilində, farsın şivəsində səslənən bu anlaşılmaz sözləri ömür boyu sutkada üç dəfə dinləməyə niyə məcburuq görəsən? Mənəvi ehtiyacdan doğan, könüllülük prinsipinə əsaslanmalı olan bu dini ayini nəyə görə hansısa “vacibat”, dini mükəlləfiyyət kimi bizə sırıyırlar? Boynumuza qoyurlar ki, yox e, dəxli yoxdur, sən durmalısan və bunu qılmalısan. Tutaq ki, qılmasam nə olacaq? Cəhənnəmə düşəcəyəm? Qoy olsun, ay Hacı Sədi, (Lənkəranda Böyükbazar məscidinin axundu – A.H.), axı sənə nə var bundan? Mən də sənin kimi ərli qadını özümə siğə eləmirəm ki, cəhənnəmdən qorxum! Yaxud hüzr məclisində başda oturub mobil telefonla “razborka” aparmıram.

 

 

Hər şeydən görünür ki, din xadimləri səsgücləndirici cihazlardan qətiyyən əl çəkmək fikrində deyillər. Onlar azanın canlı səslə verilməsini ona görə istəmir ki, əvvəla cihazların köməyi ilə səs kifayət qədər uzağa gedib çıxır və adamları evdə, işdə, küçədə, məktəbdə, bağçada, parkda, xəstəxanada, bazarda, ayaqyolunda – bir sözlə hər yerdə haqlayır ki, bu da onları təmin edir. İkincisi, əgər azan canlı səslə verilsə, o zaman gərəkdir ki, hər məscidə bir müəzzin təyin oluna, ştat açıla və onlara maaş verilə. Bu isə məscid rəhbərlərinə və ya şeyx həzrətlərinə qətiyyən sərf eləmir, çünki belə olsa, gərək nəzir qutusuna yığılan pulların müəyyən qismindən əl çəksinlər. Amma belədə düyməni basırsan, vəssalam, cihaz öz işini görür: səs bol, nə maaş istəyir, nə xərc. Özün də uzan səccadədə, şellən özün üçün! Ən acınacaqlısı da budur ki, həmin vaxt məsciddə iki-üç adam namaz qılır, vəssalam.

 

 

Hər nə qədər əyər-əskiklikləri olsa da, ateist dünyagörüşünün təbliğ edildiyi sovet dövlətindən mən bircə ona görə razıyam ki, bu riyakar din xadimlərinin əl-ayağını yaxşıca yığışdırmışdı. Hətta Bakıda Ətağa adı ilə tanınan, şəkli tez-tez metrolarda satılan övliyanı da vergi verməyə məcbur etmişdi. Vergi o qədər çox imiş ki, yazıq kişinin özünə bir şey qalmırmış. Ən gözəl sənət əsərlərimiz, mahnılarımız, şerlərimiz, kinofilmlərimiz də onda yarandı və onlar indi də öz aktuallığını qoruyub saxlayırlar. Amma indi, kütləvi namazqılma və oructutma eyforiyasından sonra nə yaranacaq görəsən? Bu mənada mənim elmimizin, incəsənətimizin, ədəbiyyatımızın və mədəniyyətimizin düşdüyü vəziyyətə acıyıram. Misal üçün, o mahnıda ki “allah” sözünü işlətdilər, ona mahnı demək olarmı?

 

 

Bu yaxınlarda Böyükbazar məscidinin axundu hacı Sədi ilə telefon danışığımdan yadımda qalanları burada sizinlə paylaşmaq istəyirəm. “Hacı Sədi: Eşitdim azan barəsində icra hakimiyyətinə şikayət etmisiniz. Mən: Bəli etmişəm. Hacı Sədi: Doğrusu, anlaya bilmirəm. Camaat sovet dövründə azana həsrət qalmışdı, biz indi-indi arzumuza çatmışıq. Siz isə şikayətlənirsiniz. Yəni, bu sizi belə narahat edir? Mən: Ay hacı Sədi, səhər saat 4-də nəyə görə bu qədər hay-küy qaldırırsınız? Hacı Sədi: O vaxt Lənkəran bazarı adamlarla dolu olur ona görə. Mən: Axı, bunun nə əlaqəsi? Hacı Sədi: Bəs sizcə kilsə zəngləri adamları narahat etmir? Niyə onlardan danışmırsınız? (söhbətin məcrasını dəyişməyə çalışır). Mən: Hacı, tələb edirəm ki, səs-küy normalarına riayət edəsiniz. Sizi xəbərdar edirəm ki, polisə şikayət vermişəm, əgər tədbir görülməsə, məhkəmədə görüşməli olacağıq. Hacı Sədi: Gedin hara istəyirsiniz müraciət edin, o sizin hüququnuzdur. Amma yenə də rəhbərliklə (?!) danışaram, görüm nə deyirlər”. Bu söhbətdən sonra elektron azan səsinin azalacağına ümid edirdim, amma o, əksinə, sanki acığa bir az da artırıldı. Bax, bu da bizim din xadimlərinin harınlığı və azğınlığı...

 

 

Yeri gəlmişkən, sovet dövründə hamı işlədiyi üçün namaza vaxt olmurdu, yalnız pensiya vaxtına çatanda kim istəyirdisə yaşının ahıl çağında namaz qılıb, oruc tutardı. Namaz bax onda daha urvatlı idi, nəinki indi. Namaz qılana əməli-saleh bir insan kimi hamı hörmət edirdi. İndi namaz sanki məscidin əmtəə nişanıdır. Axı nə düşüb ki, uşaqlı böyüklü hamı namaz qılsın? Camaatın işi-gücü yoxdu məgər səhər saat 4-də durub namaz qılsın? Buna ancaq tüfeyli, meşşan burjuyların vaxtı olar, çünki onlar hansısa dükanı, obyekti və s. icarəyə veriblər, yaxud hansısa dükanı, ictimai iaşə obyektini və ya digər təsərrüfat subyektini işlədirlər və onlar üçün oradan aylıq, həftəlik və ya gündəlik pullar gəlir, ona görə də onların hər işə, lap elə eyş-işrətə də kifayət qədər vaxtları qalır. Belə olmasaydı, Böyükbazar məscidinin axundcuğu Hacı Sədi dükanda dollar xırdalamazdı.

 

 

Bircə bu axundlara, mollalara, hacılara və s. şarlatanlara deyən gərək, axı sizin nə borcuna qalıb ki, kim sübh namazına duracaq, kim durmayacaq? Sizi bu millətə vəkil seçiblər? Məgər biz dini dövlətdə yaşayırıq ki, namaz qılmaq hamının borcu və ya vəzifəsi olsun? Ümumiyyətlə, yüz nəfər namaz qılana görə namaz qılmayan, yaxud qılmaq imkanı olmayan, aralarında xəstələr və uşaqlar olan min nəfər nəyə görə əziyyət çəkməlidir? Bu saqqal-təsbehli ibnələrin əməllərini dərindən təhlil etsək görərik ki, onların məqsədi hər vəchlə bu ölkəni islam və şəriət qanunları ilə idarə olunan məmləkətə, dini ibadəti isə gündəlik normaya çevirməkdir.

Əslində isə bu ciddi-cəhdlərin arxasında şəxsi maraqlar durur. Yəni din, ibadət, namaz, mərsiyələr, anlaşılmaz fars-ərəb istilahları, dini moizələr və s. hərzə-hədyanlar ilə insanların beyni nə qədər çox dolarsa, onların xalq arasında populyarlığı da bir o qədər çox olar və populyarlıq nə qədər çox olarsa, ianə verən imkanlı şəxslərin sayı da günbəgün artar və onların sayı nə qədər artarsa, din xadimlərinin xarici markalı avtomobillər və s. nemətlər əldə etmək imkanları təmin olunmuş olar! Heç bir vergiyə-filana cəlb olunmaq da yox! Bax, budur onların maraqlarının gizli qatlarında duran! Dövlət idarəçiliyində heç bir rəsmi səlahiyyəti olmayan bu şəxslərin minarələrə səsgücləndiricilər taxıb dövlətin qanunlarını və dünyəvi dövlət prinsiplərini veclərinə almamalarının əsl mahiyyəti budur. Və onların bu yanaşması paralel dövlət qurmaq arzusunun ifadəsindən başqa bir şey deyil.

 

 

Araşdırmalara görə, adətən kasıb ölkələrdə din daha çox populyar olur və harada ki dindarlar çoxdur, orada savadsızlıq və gerilik hökm sürür. Təsadüfi deyil ki, varlı ölkələrdə din demək olar ki, öz aktuallığını itirib və, əksinə, təhsilin səviyyəsi yüksəkdir. Müsəlman ölkələrində isə dinə maraq son dövrlərdə süni şəkildə artırılır ki, bu da inkişaf etmiş Avropa və Amerika dövlətlərinin xeyrinədir. Bilirsiniz niyə? Çünki belə olduqda, başımızı yerə qoyub arxamızdan xəbərimiz olmur, texniki tərəqqi küləyinin haradan əsdiyini bilmirik. Buna görə də, beynəlxalq bazarlarda ancaq alıcı mövqeyində çıxış edə bilirik, texniki tərəqqinin nailiyyətlərini yalnız ala bilirik, onları nə istehsal edə, nə də sata bilmirik. Bax, budur uzaq perspektivə hesablanmış strategiya – bacardıqca çox məscid tikmək! Bacardıqca çalışmaq ki, müsəlman dünyası iqtisadi cəhətdən geri qalsın, varlı kapitalist ölkələrində isə ümumdaxili məhsulun həcmi getdikcə artsın, əhalisinin günü-güzəranı ildən-ilə yaxşılaşsın, investisiyaların həcmi artsın, istismarçılıq baş alıb getsin və s. İndi siz deyin, belə olan halda müsəlman ölkələrində baş alıb gedən qarışıqlığın, İŞİD-in, bir-birini qıran dini təriqətlərin, müxtəlif terrorçu qruplaşmaların kökü kəsiləcəkmi? Əlbəttə yox! Çünki onların varlığı inkişaf etmiş ölkələrə sərfəlidir. Bu vəziyyətdən çıxış yolu yalnız və yalnız dinə əlvida deyib, maarifə və təhsilə qucaq açmaq, ixtira və kəşfləri stimullaşdırmaqdır. Hesab edirəm ki, “elektron azan” qadağası da məhz bu islahatların tərkib hissələrindən biri olacaq.

 

 

Qeyd edim ki, mövcud vəziyyət rayonun turizm potensialına da mənfi təsir göstərə bilər. Belə ki, sübh tezdən gurultu və uğultu səsindən narahat olan qonaq çətin ki, bir də bu yerlərə ayaq basa. Bəlkə elə bu səbəblərdəndir ki, artıq bəzi yerlərdə, məsələn, Qırğızıstanın paytaxtı Bişkek şəhərində azanın səsgücləndiricilərlə verilməsinə qadağa qoyulub.

 

 

Ümumiyyətlə, səsgücləndirici vasitələrlə hamını namaza səsləmək nə gigiyenik, nə də əxlaqi-etik normalar baxımından düz deyil. Səhərin alaqaranlığında həyatın sakitliyini pozan, ətrafı təyyarə meydanına döndərən, gündüzlər mənasız ağlaşmalar qurub zəhləmizi tökən, gənclər arasında “dini maarifləndirmə” adı ilə cəhalət yayan, özlərini gündəmdə saxlamaq üçün dəridən-qabıqdan çıxan bu bədniyyət mollalar heç də əsl islam prinsiplərinə xidmət etmir, əksinə, ictimai asayişi pozurlar. Ona görə də məscidlərdə səsucaldıcılarla fars ləhcəsində azan və iqamələrin verilməsinə ən pis halda məhdudiyyət qoyulmalı, ən yaxşı halda isə cihazlar oradan sökülməlidir! Bu vəziyyətdən narazı olan onlarla, yüzlərlə insanlar var ki, dini heysiyyətlərinə qapılıb susurlar. Lazım gəlsə, onların siyahısını da tərtib etmək olar.

 

 

Heç şübhəsiz, kütləvi namazçılıq hərəkatına rəvac verənlər elmin və tərəqqinin qatı düşmənləridir. Bunu ölməz Füzuli, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir və bir çox digər mütəfəkkir ədib və şairlərimiz öz əsərlərində çox gözəl təsvir ediblər:

 

 

Könül, səccadəyə basma ayaq, təsbihə əl urma,

Namaz əhlinə uyma, onlar ilə durma, oturma!

Müəzzin naləsin alma qulağə, düşmə təşvişə,
Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma!

(Məhəmməd Füzuli)

Yaxud,

 

Könül, ta var əlində cami-mey, səbhəşümar olma,
Riyayi-xəlqdir, billah, namaz əhlinə yar olma!

Eşit sövti-müğənni, sakin ol meyxanə küncündə,
Müəzzin naləsindən məscid üçün biqərar olma!

S.Ə.Şirvani

 

 

S.Ə.Şirvani dindarları riyakar, məscidləri viranə, vaizləri isə bayquş adlandırırdı. M.F.Axundov da həmçinin “mən bütün dinləri puç və əfsanə hesab edirəm”, deyirdi. Dini xalq üçün tiryək hesab edən K.Marks da haqlı imiş. Bunlar hələ XIX əsrin ortalarında deyilmiş sözlərdir. Amma indi, XXI əsrdə gör nə vəziyyətə gəlib düşdük!

 

 

 

Alim HÜSEYNOV

tərcüməçi-filoloq

Lənkəran

12.08.2016

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?