Respublika Dövlət Yol Polisi İdarəsi havaların yağışlı-qarlı kecməsi ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. İdarənin Hərəkətin Təhlükəsizliyi və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sürücülər havaların yağmurlu keçdiyi dövrlərdə son dərəcə diqqətli olmalıdırlar. «Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə nol-nəqliyyatı hadisəsinə səbəb olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar».
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov isə bildirib ki, yağışlı-qarlı hava şəraitində sürücülərə Bakının Yasamal rayonu və Badamdar qəsəbəsi ərazisində, eləcə də digər enişli-yoxuşlu yollarda son dərəcə diqqətli olmaları tövsiyyə olunur: «Belə hava şəraitində avtomobillərdə tərkibində rezin məmulatı çox olan şinlərdən istifadə edilməsi vacibdir. Eyni zamanda, çarxlarda olan təzyiq normadan aşağı olmalıdır ki, sürüşmə ehtimalı azalsın. Ümumiyyətlə isə bu cür hava şəritində şəxsi nəqliyyatdan yox, ictimai nəqliyyatdan istifadə edilməsi məqsədəuyğundur».
Modern.az