Modern.az

Transplant cərrah: “Azərbaycanda qaraciyər nəqlini həyata keçirməyi düşünürük” - MÜSAHİBƏ

Transplant cərrah: “Azərbaycanda qaraciyər nəqlini həyata keçirməyi düşünürük” - MÜSAHİBƏ

15 Avqust 2016, 12:09

Tariyel Nadirov: “İnsanlarda yanlış düşüncə var ki, xərçəng xəstəsinə bıçaq vurulmaz”

 

 

Mərkəzi Klinik Xəstəxananın ümumi və transplant cərrahı Tariyel Nadirov Modern.az saytının suallarını cavablandırıb.

 

Onunla müsahibəni təqdim edirik:

 

-Ümumi cərrah və böyrək nəqlini həyata keçirən həkimsiniz. Orqan nəqli Azərbaycanda geniş yayılan bir sahə deyil. Bəs sizi bu sahəyə cəlb edən nə oldu?

 

-Çox doğru buyurursunuz. Orqan nəqli Azərbaycanda cərrahiyənin yeni başlamış bir sahəsidir. Düzdür, dünyada orqan nəqli çoxdan həyata keçirilir. Dünyada müxtəlif orqanların köçürülməsi ilə məşğul olan böyük mərkəzlər var. Azərbaycanda orqan transplantasiyası ilə üç mərkəz məşğul olur. Onlardan biri də mənim işlədiyim Mərkəzi Klinik Xəstəxanadır.

Biz 2012-ci ildə orqan nəqlinə başladıq. Türkiyədə orqan köçürülməsi üzrə ixtisaslaşan məşhur Akdeniz Universiteti var. Bura dünya üzrə sıralamada ilk 15-liyə daxil olan mərkəzdir. Biz bu işi Akdeniz mərkəzində başladıq.

 

Mərkəzi Klinik Xəstəxana həmin xəstəxana ilə anlaşma qurdu. Bu işlə məşğul olan həkimlər Mərkəzi Klinik Xəstəxanaya gəldilər, onlarla işbirliyi yarandı. Mən də bu işi öyrənmək üçün Akdeniz Universitetinə getdim və uzun müddət bu işlə məşğul oldum. Orada olduğum müddət ərzində 500-ə qədər orqan nəqlinin həyata keçirilməsində iştirak etdim. Sərbəst olaraq çox sayda orqan köçürdüm. Azərbaycana qayıtdıqdan sonra da bu işi davam etdirdim. Hazırda işlədiyim xəstəxanada bu işlər görülür. Böyrək transplantasiyası ilə bu işi başlatdıq və çox uğurla da davam etdiririk.

 

-Böyrək nəqlinə o zaman zərurət yaranır ki, həmin orqanlar sıradan çıxır. Tibb sahəsi öz inkişafının zirvəsindədir. Bu baxımdan, heç mümkün deyilmi ki, sıradan çıxan orqanın funksiyası müalicə ilə bərpa olunsun? Təbii ki, söhbət perspektivdən gedir.



-Böyrək çatışmazlığı dedikdə, nəzərə almalıyıq ki, bu irəliləyən  bir xəstəlikdir. Bunun 5 mərhələsi var. Xəstədə böyrək çatışmazlığı başlayıbsa, ona veriləcək dərman müalicəsi ilə bunu gerilətmək, əvvəlki mərhələyə qaytarmaq mümkün deyil.  Müalicə, sadəcə həmin xəstəliyin irəliləməsinin mümkün qədər qarşısını alır, sonrakı mərhələyə keçməsinin zəiflədir.

 

-Birinci mərhələdə saxlamaq mümkündürmü?

 

-Əgər erkən mərhələdə müraciət edilərsə, uzun müddət heç bir orqan nəqlinə ehtiyac olmadan da o, dieta və dərman nəzarəti altında bu xəstəlikdən qurtula bilər. Ancaq irəliləmiş mərhələ olarsa, artıq xəstə hemodializə girməlidir. Ya da ən ideal yol olan orqan köçürülməsini seçməlidir.

 


-Bir xəstəliyin səbəbini bildikdə onun qarşısını əvvəldəcən almaq olur. Böyrək çatışmazlığı nədən yaranır və onun qarşısını necə almaq olar?

 

-Böyrək çatışmazlığını müalicə etməkdənsə, buna tutulmamaq üçün lazım olan həyat şəraitini yaşamaq lazımdır. Əgər insanda şəkərli diabet varsa, onun şəkəri mütləq nəzarət altında saxlanılmalıdır. Şəkər xəstəliyi təkcə bir orqana yox, orqanizmdə bütün sistemlərə təsir edə bilər.  Bunlardan biri də böyrəkdir. Şəkərli diabet son nəticədə böyrək çatışmazlığına gətirib çıxara bilər. Bəzi xəstələr var ki, onlarda şəkərli diabet yoxdur, amma böyrək çatışmazlığı var. Təzyiq, böyrək iltihabı xəstəlikləri nəticəsində də böyrək çatışmazlığı yaranır.

 

-Səhv etmirəmsə, böyrək xərçəngi geniş yayılmamış xəstəlikdir. Bunun səbəbi nədir?

 

-Mədə, qaraciyər, ağciyər xərçəngi qədər geniş yayılmış xəstəlik olmasa da, böyrək xərçənginə rast gəlinir. Məsələn, mədəaltı vəzi xərçəngi, qaraciyər xərçəngi qədər çox yayılmayıb. Bu, həmin orqanların histoloji quruluşuna bağlıdır. Bundan asılı olaraq, bəzi orqanlarda xərçəng daha az yayılır.



-Azərbaycandakı fəaliyyətiniz müddətində nə qədər orqan nəql etmisiniz?

 

-Azərbaycanda 4 minə qədər dializdə olan xəstə var. Düzü, mən nə qədər orqan nəqli həyata keçirdiyimi unutmuşam. Azərbaycanda böyrək nəqlinin bu qədər zəif yayılmasının səbəblərindən biri də , insanlarda orqan köçürülməsi barədə təsəvvürün olmamasıdır. Bəzi adamlar qorxur ki, bir yaxınına böyrəyinin birini verərsə, onun özündə də gələcəkdə böyrək problemi ola bilər. Bu, əsla belə deyil. Kimsə böyrəyinin birini bağışlayırsa, gələcəkdə onda böyrək çatışmazlığının yaranması sıfıra bərabərdir.

 

-Elmi terminologiyada rudiment orqan anlayışı var. Yəni, bir orqan var, amma o, funksiya yerinə yetirmir.  Appendisitin, yəni kor bağırsağın da mən bildiyimə görə, bir funksiyası yoxdur.

 

-Bəzi vitaminlərin yaranması və onların orqanizmdən sovrulması appendisit çıxıntısında da ola bilər. Appendisit çıxıntısı bəzi insanlarda problem yaradır, o iltihablaşır. Bu halda, xəstə mütləq əməliyyat olmalıdır.

Hələ elə bir metod yoxdur ki, bu xəstəliyin müalicəsi əməliyyatsız mümkün olsun.

 

-Appendisitin yaranma səbəbi də müəmmalıdır. Ona görə də, insanlar bu xəstəliyə tutulmamağın yolunu bilmir.

 

-Əslində, bu, insanın əlində olan bir hal deyil. Nəcis daşları, qida qalıqları ilə appendisit çıxıntısının mənfəzi tutulur. Nəticədə, o iltihablaşır. Bu, xəstəlik insanın həyat tərzinə bağlı deyil.



-Yəni, səbəbi tibb aləminə də naməlum olaraq qalır.

 

-Naməlum deməzdim. Müəyyən səbəblər götürülür ki, mənfəz tutulur və nəticədə bakteriyalar artır, iltihablaşır.

 

-Qarın boşluğu üzrə mütəxəssissiniz. Öddə daşlar olur...

 

-Öd daşları öd kisəsinin ən geniş yayılmış xəstəliklərindən biridir. Bunun səbəbi, orqanizmdə mübadilənin pozulmasıdır. Orqanizmdə öd turşularının öd piqmentinə nisbətində pozulmalar olanda bu yaranır. Bunun da yeganə müalicə üsulu, cərrahi əməliyyatdır.

 

-Yanılmıramsa, bəzi daşları əritmək mümkündür.

 

-Bütün daşları əritmək mümkün deyil. Bəziləri var ki, ona müəyyən dərman müalicəsi ilə təsir etmək mümkündür. Ancaq ən ideal müalicə əməliyyatdır.

 

-Dünyada ən çətin əməliyyatlardan biri də qaraciyər nəqlidir. Nə zamansa, bu sahəyə də baş vurmaq istəyirsiniz?

 

-Qara ciyər transplantasiyası orqanizmdə aparılan ən mürəkkəb və ən çətin əməliyyatlardan biridir. Planlarımız var ki, qaraciyər nəqlini öyrənmək üçün Türkiyəyə gedək. Azərbaycana qayıtdıqdan sonra qaraciyər nəqlini həyata keçirməyi düşünürük.



-Həkim, anadagəlmə böyrək çatışmazlığının olması nədən qaynaqlanır? Ana bətnində proseslərin düzgün getmədiyindən?

 

-Bəzi uşaqlarda anadangəlmə böyrək çatışmazlığı olur. Bu, daha çox genetik xəstəliklər nəticəsində ola bilər. Uşaq ana bətnində olarkən sidik sistemində olan bəzi problemlər nəticəsində böyrək çatışmazlığı yaranır. Sidiyin sidik kisəsindən təkrar böyrəklərə qayıtması baş verir. Bunun nəticəsində uşaqlarda böyrək çatışmazlığı yaranır. Azərbaycanda uşaqlarda böyrək transplantasiyası böyüklərə nəzərən daha zəifdir.

 

Mən olduğum mərkəzdə pediatrik uşaq nəqlləri ilə çox geniş məşğul olurdular. Biz orada uşaqlara çoxlu nəqllər etdik. İnanıram ki, dövlətimizin dəstəyi ilə məsələlər öz həllini tapacaq, böyrək çatışmazlığı olan uşaqlara yardım edə biləcəyik.

 

Dünyada gen mühəndisliyi deyilən bir sahə var. Təkrar orqan yaradılması və ya qara ciyərə müəyyən hüceyrələrin vurulması ilə onun funksiyasını bərpa etməsi istiqamətində araşdırmalar aparılır. Ancaq, bu, hələ ki, araşdırma mərhələsində olan məsələdir. Yəqin ki, müəyyən bir müddət sonra bu, reallaşacaq.

 

-Həkimlər həm də, psixologiyanı yaxşı bilməlidirlər, xəstələrlə kontaktda psixoloji məqamlar nəzərə almalıdırlar. Ağır cərrahi əməliyyatlardan çıxan xəstələrlə ünsiyyəti necə qurursunuz ki, onlarda ruh yüksəkliyi yaransın?

 

-Hər bir xəstədə ilk olaraq həkimə inam olmalıdır. Bunu da həkimin özü yaratmalıdır. Xəstə ilə danışıq, aparılacaq əməliyyat barədə düzgün məlumat verilməsi çox önəmli bir hissədir. Xəstəni əməliyyatdan öncə psixoloji yöndə hazırlamaq lazımdır. Xəstə əməliyyata həkimə inanacaq və psixoloji cəhətdən hazır vəziyyətdə girməlidir. Əməliyyatdan sonra isə xəstəyə çox diqqət və qayğı ilə yanaşdıqda, onda psixoloji yöndə də sağalmaq duyğusu yaranır. Nəticədə də, insanlar şəfa tapmış olur.

 

-Narkozdan gec və çətin ayılan xəstələr olur. Bunun qarşısını alan müasir metod, texnologiya yoxdurmu?



-Siz dediyiniz narkozdan gec ayılma ya da ayılandan sonra dəhşətli narahat olmalar artıq keçmişdə qalıb. Müasir anestoloji dərmanlar nəicəsində, xəstə normal şəkildə yatır, əməliyyat bitdikdə isə normal şəkildə ayılır. Anestiziya köhnə dərmanlarla aparıldıqda, xəstənin vəziyyətində narahatlqlar olur. Amma mən bununla rastlaşmamışam.

 

-Siz rastlaşmamısınız, amma rayonlarda və elə Bakının bir çox xəstəxanalarında bu var.

 


 -Tibb inkişaf edən bir sahədir. İnkişaf nəticəsində, məcburuq ki, biz də müasir tibblə ayaqlaşaq. Ona görə də, anestoloji dərmanların müasirlərindən istifadə etmək lazımdır.

 

-5-10 il bundan əvvələ qədər istifadə etdiyimiz dərmanlar bu gün təsirini itirir. İndi kimə desək ki, aspirinlə başağrı düzəlir, buna inanmaz. Artıq insanın orqanizmində bakteriyalar o qədər güclənib ki, köhnə dərmanların təsiri adekvat olmur. Bu haqda sizin də fikirlərinizi almaq istərdim.

 

 

-Bəli, elədir. İnsan orqanizmindəki bakteriyalar təkcə ağrıkəsicilərə deyil, antibiotiklərə də qarşı da dirənir. Əvvəllər pensilinlə müalicə olunan xəstələr, artıq buna həssas deyillər. Bakteriyalarda və orqanizmdə olan dəyişikliklər bunun səbəbidir. Buna görə də köhnə preparatlarla insanları müalicə etmək çətinləşir.

 

-Orqanizmdə bakteriyaların bu qədər inkişaf etməsinin səbəbləri maraqlıdır. Ekologiya, qidalanma, yoxsa biz bilmədiyimiz məchul bir amil?

 

-Təkcə qidalanma və ekologiya deyil. Bu, sistemli bir təsir nəticəsində inkişaf edir. Qidalanmadan, insanın həyat tərzindən tutmuş, ekoloji təsir nəticəsində insan orqanizmində dəyişikliklər gedir. Bunun orqanizmə bir çox mənfi təsiri var. Nəticədə problemlər də çoxalır.

 

-Tariyel həkim, səhv etmirəmsə, mədə xorasının yaranması həm də sinir mənşəlidir.

 


-
Bəzi sinir mənşəli problemlərdən həmən mədə xorasının yaranmasını demək olmaz. Son zamanlar Helikobakter Pilori deyilən bir bakteriya var ki, mədə xoralarının yaranmasında böyük rol oynayır.

 

-Cərrahların işi həqiqətən də çətin və stresslidir. Siz əməliyyata girəndə özünüzü necə hazırlayırsınız?

 

-Bu, müəyyən bir zaman tələb edir. Yeni-yeni əməliyyata başlayana cərrahlarda ağır psixoloji vəziyyət yarana bilər. İllər keçəndən sonra, cərrahlar buna alışır, stress faktoru azalır. Təbii ki, məsuliyyət də çoxalır.

 

-Dünya tibbində hansı yeniliklər var ki, Azərbaycana hələ ayaq açmayıb?

 

-Azərbaycanda müəyyən sahələr var ki, inkişaf etmək üzrədir. Bunlardan biri də orqan nəqlidir. Kök adamların arıqladılması əməliyyatı Türkiyədə, Amerikada, Avropada geniş yayılıb. Azərbaycanda da bu işlərlə məşğul olan həkimlər var. Eyni zamanda yoğun bağırsaq əməliyyatlarının lakoroskopik üsulla aparılması Azərbaycanda bir neçə ildir ki, inkişaf etdirilir. Hesab edirəm ki, Azərbaycandakı sadaladığım sahələr yaxın zamanlarda dünya standartlarına çatacaq.



-Bayaq böyrək nəqlindən danışdınız. Bəs nə zaman böyrək nəqli xüsusi risk qrupuna aid ola bilər?

 

-Cərrahiyədə ən önəmli amillərdən biri yaş faktorudur. 25 yaşında bir insanla 75 yaşındakını əməliyyat etmək arasında çox ciddi fərq var. Texniki olaraq hər ikisi üçün eyni iş görülür. Amma  əməliyyatdan sonrakı dönəmdə yaşlı xəstələrin sağalmasında bir gecikmə olur. Bunlar, daha risklidir. Bundan başqa bəzi böyrək çatışmazlığı olan xəstələr var ki, onlarda ürək problemi də yaranır. Nəticədə, ciddi ürək çatışmazlığı da meydana çıxır. İrəliləmiş ürək çatışmazlığı olan xəstələr çox ciddi risk qrupuna aiddir.

 

Şəkərli diabet fonunda yaranmış böyrək çatışmazlığı olan xəstələrdə də əməliyyatların aparılması risk tələb edir. Buna görə də, orqan köçürülməsinə girən xəstələr çox ciddi araşdırılır. Onlarda bütün müayinələr aparılır.

 

-Heç xərçəng şişi kəsmisinizmi? Söhbət təbii ki, ilkin mərhələdə olan xərçəngdən gedir.

 

-Bəli. Bəzən erkən mərhələli xərçənglə rastlaşırıq. Hər orqanın xərçəngində müəyyən mərhələlər var. Son zamanlar xərçəng xəstələrində xərçəng başqa orqanlara da metastaz verir. Bu vəziyyətdə görəcəyimiz iş tam effektik olmaya bilər.

 

-Gələcəkdə tibb elminin inkişafı mümkündürmü ki, xərçəng şişinə bıçaq dəyəndə o metastaz verib, başqa orqanlara yayılmasın?

 

-Xərçəngin müalicəsinin tapılmamasının səbəbi onun yaranma səbəbinin bilinməməsidir. Hazırda xərçəng xəstəliyinin yaranma səbəbi araşdırılır. Səbəb tapılacaqsa, bu xəstəliyin müalicəsi də asanlaşacaq. Xərçəngin metastaz verib yayılmasına gəldikdə isə... İnsanlarda yanlış düşüncə var ki, xərçəng xəstəsinə bıçaq vurulmaz. Tam olaraq belə deyil. Bəzi xəstələr var ki, onlar xərçəngin son mərhələsini keçirirlər. Bu xəstələrin əməliyyatının faydası olmur.

 


-Xərçəngin yaranma səbəbləri dəqiq bilinməsə də, hər halda bununla bağlı müasir nəzəriyyələr var. Söhbətimizin sonunda istərdim ki, bizi modern modellərlə tanış edəsiniz.

 


-
Yeni nəzəriyyələr var. Son qənaətlərə görə, əsas səbəblərdən biri hüceyrələrin patoloji bölünüb çoxalmasıdır. Yəni, bir orqandakı hüceyrələrin sürətlə bölünüb çoxalmasıdır. Bunun nəticəsində patoloji hüceyrələr yaranır. Nəticədə də xərçəng meydana gəlir. Aparılan araşdırmalar da ona yönəlib ki, həmin hüceyrələrin çoxalmasının qarşısı alınsın.

 



Söhbətləşdi: Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir