Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həyata keçirdiyi tədbirlər nəticəsində pensiyaların plastik kartlarla ödənişi sferası daha da genişlənməkdədir. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumatda bildirilib ki, 2011-ci ilin 1 yanvar tarixinə Azərbaycanda kəndlərdə yaşayan əmək pensiyaçılarının 98 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Ümumilikdə hazırda Azərbaycanda pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir. Bu məqsədlə ümumilikdə 497, o cümlədən kənd və qəsəbələrdə 113 bankomatın istifadəsi təmin edilib.
2010-cu ildə pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri gücləndirilib və kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Nəticədə il ərzində kəndlərdə pensiyaları plastik kartla alanların sayı 10 363 nəfər artıb.
“Qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur. DSMF tərəfindən əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi, sistemin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Proqrama uyğun olaraq DSMF tərəfindən pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilir”-deyə Fonddan bildirilib.
Modern.az