Bu gün səhər saat 6.00 radələrində Səbail rayonu ərazisində yerləşən Dövlət Bayraq Meydanında təhlükə yaranıb. Modern.az-ın məlumatına görə, ərazidə yaşayan sakinlər "ucnoqta.az"a bildiriblər ki, səhərə yaxın küləyin sürətinin artması nəticəsində bayraq dirəyi yellənməyə başlayıb və aşma təhlükəsi yaranıb.
Bir qədər sonra əraziyə hərbçilər, polislər və yüksək rütbəli məmurlar gəlib. Onların arasında Bakı şəhər Baş Polis İdarəsinin rəisi Yaşar Əliyev də olub. Hər hansı təhlükənin olacağı istisna edilmədiyi üçün həmin əraziyə təcili yardım maşınları da çağırılıb. Bayraq dirəyinin aşmasının qarşısını almaq üçün əlaqədar güc strukturlarının gördüyü tədbirlər nəticəsində əvvəlcə bayraq endirilib. Bundan sonra bayraq dirəyinin yellənməsi dayanıb. Bunun ardınca dirəyin bərkidilməsi işlərinə başlanılıb. Əldə etdiyimiz məlumata görə, təhlükəsizlik tədbirləri təxminən saat 9.00-da nəticə verib. Hazırda bayraq endirilmiş vəziyyətdədir. Ərazidə tədbirlər davam etdirilir. Mövzünü izləyirik.
Modern.az