Modern.az

Qeyrət, a vətəndaşlar

Qeyrət, a vətəndaşlar

16 Avqust 2016, 13:25

QABİL

 

 

Mən düşməni söymürəm, –

Düşmənlə söyüşəcəksən?

Özümkünü döymürəm, –

Öz-özünlə döyüşəcəksən?

Ya düşməni məhv edər,

Ya da təslim olarlar.

Üçüncü şey bilmirəm,

Siz biləni, bəlkə var?..

 

Özümkünün əlindən

Yanıram-tökülürəm.

Hap-gop dolu dilindən,

Tərsə-məssəb felindən,

Yanıram-tökülürəm!..

 

Ay dönüm başınıza,

Gəlsə də, gəlməsə də

Bu söhbət xoşunuza,

Deyəcəyəm, yanıram,

Deməyin ki, xalqımı,

Millətimi danıram...

Bu dükanım-bazarım, –

Yox insaf, yox mürüvvət.

O da deputatlarım, –

Tamaşalı xəcalət.

Bu zənən hamamını

Axı görür erməni...

Yer yarılsa götürməz,

Allah haqqı, yer məni.

 

Azımız cəbhələrdə,

Çoxumuz veyil-veyil,

Sabirə qurban olum –

Vallah, bu qeyrət deyil:

“Kim nə deyər bizdə olan qeyrətə,

Qeyrətimiz bəllidir hər millətə”.

Canlı-canlı qəbirlər,

Qanlı-qanlı qəbirlər,

Al duvağlı qəbirlər,

Köksü dağlı qəbirlər

Düzüldükcə yan-yana, –

Qansız biganəlikdən,

Cansız biganəlikdən

Şəhidlər gəlir cana...

 

Neçə kəndim, qəsəbəm

Əldən gedib dalbadal,

Bilet alverçisiylə

Qaynaşır neçə vağzal.

Qarabağım, Qazağım

Köməyə çağırdıqca,

Qoç igidim nərəylə,

Cəbhədə bağırdıqca,

Maşın soyur, ev yarır

Öz quldur başkəsənim.

 

Açılmış hesabların

Bəs hanı haqq-hesabı?

Hanı dəftər-kitabı?

Bə neyləyim, qatmayım

Millətimin ovqatını,

Kişi bazara çəkər

Yaralı sovqatını?!

 

“Niyə bəs böylə bərəldirsən

A qare, gözünü?

Yoxsa bu ayinədə

Əyri görürsən özünü!”.

Barmağını yum görüm,

Nəyi yalan deyirəm?

Mumla görüm, mum görüm, -

Sənə filan, filan,

Filan... deyirəm!

Əlil arabasından,

Zəlil arabasından,

Qoltuq ağaclarından

Mənfəət güdən oğul!

Ermənidən yamansan

Vicdan haqqı, sən, oğul!

“Fitnə göyərir

Torpağımızdan

Daşımızdan -

Tarac edirək, bac alırız

Qardaşımızdan.

Çıxmaz, çıxa bilməz də

Bu adət başımızdan”

Cinayət özümüzün,

Xəyanət özümüzün,

Nə “Xocalı, Xocalı” –

Salmısan, dayan görüm.

Orda olmamalıykən

Olub iş-işdən keçən,

Fəlakət özümüzün.

Rəzalət özümüzün.

Xəcalət özümüzün

Axı kim zəhərləyir

Bir-bir hüceyrəmizi?

Elə hey, hey tərsinə

Durub hərləyir bizi?!

 

Dayanacaqda adam

Saatlarla dayanır.

Yanıb-tökülür, əsir,

Əsir, çərləyir, donur.

Söylənməkdən, söyməkdən

Qalmır özgə əlacı:

Vətənə də yağdırır,

Millətə də yağdırır

Lənəti acı-acı...

Niyə incik salırıq

Bu qara gündə xalqı,

Bu gün od tutub yanan

Bətən mülkündə xalqı?!

Ey xalq, millət, tez gətir,

Qur mizan-tərəzini!

İşləri tez sahmanla,

Hərc-mərci tez bitir,

Qur mizan-tərəzini!

Heç yel dəyirmanıyla

Belə döyüşmək olmaz,

Belə durub-oturmaq,

Belə danışmaq olmaz.

Müharibə qanunlu

Hökm çıxar, qərar yaz! -

“Ağlar bizə torpaqlar,

Dağlar-dərələr, daşlar,

Qeyrət, a vətəndaşlar!

Hümmət, a vətəndaşlar!”.

 

7 aprel, 1992.

 

ÇALMA, QABOY

 

 

Heç vaxt boyanmamış qana

Qarabağ bugünkü kimi.

Bir baxın dağa-arana –

Tanınmaz olmayıb heç vaxt

Aran-dağ bugünkü kimi,

Heç kim görməmişdi yana

Bu torpaq bugünkü kimi.

 

Bəsdi inlədin, qaboy!

Bəsdi sızıldadın, dayan!

Ah-naləni kənara qoy,

Nə yasin –  fatihə, filan?!

Bu, bir deyil, bu, beş deyil,

Bu, baş deyil, bu, leş deyil,

Vətəni qoyaq tabuta?

Sonra da ayaq üstündə

Dalaq bir anlıq sükuta?..

 

Bəsdir inildədin, qaboy,

Qulaqlarım döyənəkdir,

Şıdırğıdır bu qanlı toy

Düşmən əlində avtomat...

Səninkində dəyənəkdir...

Xəyanətin barını dər.

Xocalıya qəzəb göndər.

Mən igidəm, əlim boşdur,

Hara gedim bəs boş əllə?

Yağıların qəlbi daşdır,

Daş yumşalmaz bəmlə, zillə.

Bizə silah gərək, qaboy,

Çalma, bir iş görək, qaboy!

Hanı xalqın sərkərdəsi,

Hanı yurdun başbiləni?

Sərkərdənin gəlsin səsi!

Öldük eşitməkdən səni...

Ərkim sənə çatır, qaboy,

Çalma, nərəm batır, qaboy!

 

Üç gündən bir, beş gündən bir

Bu nə matəm havasıdır?

BMT-dən səsim gəlir –

Yox, bu millət işi deyil:

Dava sərhəd davasıdır,

Dava torpaq davasıdır,

Namus, qeyrət davasıdır.

Qüdsi Qur’an davasıdır

Qara xaçla.

Qədim Turan davasıdır

Qara xaçla,

Dayan, qaboy, asta fülə,

Körükləmə, döndük külə...

 

Dörd dövrəmdə min bir qorxaq,

Xalq ki, birdir, xalq vahiddir!

İsti yerdə əsir qorxaq,

Əsrarəngiz yollarında

Buz heykəli qundaq-qundaq...

Cahan şahid –  xalq şahiddir.

Nə qəddarmış yağım, qaboy,

Dağ üstündən dağım qaboy!

 

Çalma, çalma göz yaşlarım

Boğur məni,

İlk çərşənbəm, ilk baharım

Boğur məni.

Çalma, qaboy,

Biz çalmamış

Şanlı zəfər havasını...

Düşmənimdən bac almamış,

Qələbəylə bitirməmiş, -

Oğul kimi bitirməmiş

Ana vətən davasını.

Çalma, çalma almayınca

Bəkarətin qisasını.

Papağımı yerə soxan

Xəcalətin qisasını.

Tarixlərdə törənməmiş

Cinayətin qisasını.

Çalma, qaboy,

Çalma, qaboy!

Qisas dolu ürəyimdən

Sən də qisas alma, qaboy

 

26 mart, 1992.

 

 

 

İNANMAQ  ÖZ YERİNDƏ...

 

Mən də vətəndaş kimi,

Alışıb-yanmıram bəs?!

Buna inanmıram bəs:

Bir qarış torpağım da,

Bir salxım üzümüm də,

Bir atlas yarpağım da,

Dərədəki moruğum,

Zirvədəki qarım da,

Xırda obalarım da

Özgənin olmayacaq,

Düşmənə qalmayacaq.

Fəqət, inanmaq azdır,

Alışıb-yanmaq azdır,

Deyingən qarılar tək

Gəzib-dolanmaq azdır...

 

 

2000

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?