Modern.az

"Binqəqədidəki dəhşətli yanğın qəsdən törədilib" - Məhkəmədə ŞOK AÇIQLAMA

"Binqəqədidəki dəhşətli yanğın qəsdən törədilib" - Məhkəmədə ŞOK AÇIQLAMA

Aktual

16 Avqust 2016, 14:02

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 19 may 2015-ci ildə yaşayış binasında baş vermiş yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə proses davam etdirilib.

Modern.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

Məhkəmədə təqsirləndirilənlərdən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyov iştirak ediblər.

Prosesdə iştirak edən "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi Miryusif Mahmudov ifadəsində deyib  ki, o, özünü təqsirli bilmir və yanğın hadisəsi qəsdən törədilib. Təqsiləndirilən şəxsin sözlərinə görə, binanı yandıranlar Bakıda keçirilən Avropa Oyunlarından öncə vəziyyəti gərginləşdirmək məqsədilə binaya od vurublar.


Miryusif Mahmudovun sözlərinə görə, keyfiyyətsiz məhsul istehsal etmək niyyətində olsaydılar, şirkəti öz adına deyil, başqa şəxslərin adına təsis edərdi:

“Hadisə baş verən gün yanan binanın qarşısına gəldim. Sonra səhhətim pisləşdi. Yanğın heç vaxt bu şəkildə ola bilməzdi. Yanğın baş verən vaxt mənə xəbər etdilər ki, MTN-dən ofisimizə yoxlama gəlib. Mən dərhal ofisə qayıtdım və gördüm ki, 29 MTN işçisi şirkəti yoxlamağa gəlib. Məni idarəyə dəvət etdilər. Orda ifadəmi aldıqdan sonra prokurorluğa apardılar. Bir az əvvələ qayıtmaq istəyirəm.

 2012-ci ildə MTN "Texnikabank"da əməliyyat keçirdi və bizim oradakı bank hesabımızı öyrəndikdən sonra bizə qarşı təqiblər başladı. Bizi MTN-ə dəvət etdilər. 2014-cü ildə mən qəti şəkildə telefonlarımın dinləndiyinə və avtomobilimin izləndiyinə əmin oldum".

Miryusif Mahmudov Binəqədidəki yanğının təxribat olduğunu deyib:

"Mən demirəm ki, bu hadisəni sabiq Milli Təhlükəsizlik Nazirliyi edib, sadəcə, başıma gələnləri danışıram".

Sonra təqsirləndirilənlərdən biri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzovun səhhəti ilə əlaqədar məhkəmə ekspertizası təyin edilib.

Hakim bildirib ki, ekspert qarşısında sual qoyulacaq ki, bu şəxsin səhhəti necədir, məhkəmədə iştirakı mümkündürmü?

Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

 

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi