Modern.az

Şamaxı Rayon İcra Hakimiyyəti TƏKZİB ETDİ

Şamaxı Rayon İcra Hakimiyyəti TƏKZİB ETDİ

16 Avqust 2016, 21:14

Şamaxı Rayon İcra Hakimiyyəti bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatları təkzib edib. İcra hakimiyyətindən Modern.az saytına verilən məlumata görə, şəhidlik zirvəsinə ucalmaq qəlbində böyük Vətən sevgisi olan hər kəsin ən müqəddəs arzusudur:

Azadlığımız, müstəqilliyimiz uğrunda canlarından keçən övladlarımız torpağımıza, dövlətimizə, millətimizə şərəf və başucalığı gətiriblər. Dövlətimiz də öz qəhrəman oğullarına daim diqqət və qayğı ilə yanaşıb, adlarını əbədiləşdirib, nəsillərə örnək göstərib. Şanlı Ordumuz aprel döyüşlərində nəyə qadir olduğunu sübut etdi, əsgərlərimiz vətən yolunda qurban getməyə hazır olduqlarını bir daha təsdiqlədi. Dövlətə, dövlətçiliyə daim sədaqətli olan Şamaxı da bu döyüşlərdə Samir Kaçayev, Nazim Zəkərəyev və Elşən Səlimov kimi mərd oğullarını şəhid verdi. Bütün Şamaxı əhli, ziyalılar, şagirdlər, sadə insanlar, bir sözlə, geniş ictimaiyyət izdihamlı dəfn mərasimində qürurla, fəxarətlə iştirak etdi, gənclər şəhid məzarları önündə and içərək onların qisasını alacağına söz verdi.

Rayon İcra Hakimiyyəti şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ilk gündən lazımi addımlar atmış, konkret işlər görmüş və bu gündə bu istiqamətdə işlər davam etdirilir. Belə ki, şəhidlərimiz Elşən Səlimov və Nazim Zəkərəyevin qəbirüstü abidələri artıq ucaldılıb. Hətta təkcə aprel döyüşlərində yox, həmçinin 2015-ci ilin dekabr ayında şəhid olmuş Taleh Həmidovun da qəbirüstü abidəsi rayon İcra Hakimiyyəti tərəfindən sifariş verilib. Çox təəssüflər olsun ki, ucuz reytinq arxasınca qaçan bəzi üzdəniraq mətbuat işçiləri məsuliyyətsiz yazılarla çıxış edərək yanlış məlumatlar yayırlar.

Politika.az saytında 15.08.2016-cı il tarixdə saat 18:08-də “Narazılıq: Aprel şəhidinə hələ də başdaşı qoyulmayıb” başlıqlı məqalə qeyd olunub, guya şəhid Samir Kaçayevin məzarı diqqətdən kənarda qalıb, yada belə düşmədiyi bildirilib. Bu xəbəri izləyən ziyalılar, Samirin tələbə yoldaşları, həmkəndliləri, xüsusilə atası Ziyəddin kişi bərk qəzəblənib. Ziyəddin kişi deyir ki, mən fəxr edirəm ki, oğlum vətən uğrunda şəhid olub və reklam xatirinə, ucuz şöhrət naminə şəhid adından istifadə edən böhtançılara deyərdim ki, elin qınağından qorxsunlar, şəhidlərin adından sui-istifadə etməsinlər. Oğlum Samirin məzarının üstü götürülüb, Rayon İcra Hakimiyyətinin və təhsil aldığı Dövlət Rəssamlıq Akademiyasının birgə əməyi ilə abidəsi də hazırdır, bu günlərdə tamamlanacaq.

Xalqa xidmət etməli olan qələm ona qarşı çevriləndə ikrah doğurur, nifrət yaradır. Hər qarış torpağı şəhid qanı ilə suvarılan, güllərinin ləçəyində şəhid qanı əks olunan bu Vətən bizimdir. Gəlin onu, onun uğrunda canından keçənləri uca tutaq, ucalaq, böhtan yazıb, ucuz olmayaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı