Modern.az

“Pul verirəmsə, zibili hara gəldi atmalıyam” məntiqsizliyi – ARAŞDIRMA

“Pul verirəmsə, zibili hara gəldi atmalıyam” məntiqsizliyi – ARAŞDIRMA

Ölkə

18 Avqust 2016, 19:09

Görünür yay mövsümünün də öz dəbli mövzuları var. Adamlarımız istirahət üçün şəhərdən kənara çıxır və “kabab istirahəti”nin nəticələrinə, yəni zibil atılmış ərazilərə daha tez-tez rast gəlinir.

 

“Facebook”da çoxları bu barədə yazır. Başa düşən də, düşməyən də təhqir-tənqid edir,söyür. Əladır, görün nə qədər irəli getmişik. Fəal ictimai mövqe nümayişi yalnız və yalnız sevindirir.

 

Amma...bəlkə, bilmirəm mental xüsusiyyətdir, yoxsa elə insani yanaşmadır ki, insan özünü tənqidi, yaxud, ümumiyyətlə tənqidi sevmir. Kimsə yazmır ki, ay qardaşlar, ay bacılar bu zibilləri yollara, təbiət ərazilərinə, şəhər və küçələrə atan kimdir?

Deyirəm, bu suala cavab verə bilməmək üçün heç bir səbəb yoxdur. Yalnız gərək ölkədə yaşamayasan ki, görməyəsən...  

 

 

“Azərbaycanlıların Göygölə rüsvayçı münasibəti”

       Bir neçə gün əvvəlQafqazinfo” saytında belə bir başlıqlı yazı diqqətimi çəkdi, həm də ona görə ki, yazının 7 mindən çox oxunuşu var idi. Mövzu o idi ki, Göygöl Milli Parkını gələn ziyarətçilər zibilləndirilir və buna görə parkın rəhbərliyi cəzalandırılıb.

 

Həqiqətən, rüsvayçı münasibətdir. Təbiətə gəlib, onun gözəlliyindən zövq almaq əvəzinə, hara gəldi zibil atıb, adımızı rüsvay edirik. Biz zibilləyirik, parkın işçiləri cəzalandırılır. Bilirsiniz niyə?

Ona görə ki, bu zavallı işçilər gələn minlərlə adamın arxasınca gəzib, onların tökdüklərini toplamayıblar ... 

Sual edirəm:“Biz bu qədərmi etinasızıq? 

Daha bir maraq yaradan sual: “Bu qədər oxucu sayı özümüzü tənqid edən başlığa görədir, yoxsa cəzalandırılan işçilərə görə?.. 

Niyə Göygöl mövzusunu açıram deyib soruşan olsa, deyim ki, “facebook”daki yayın ən dəbli mövzuları sırasında Göygöl də var.

 

        Hər kəs yazır... Biri yazır: “zibillidir”, digəri “biletdən gələn pullar hara gedir ki, zibillər təmizlənmir?” sualı, başqa birisi isə “pul verirəmsə, zibili hara gəldi atmalıyam” kimi məntiqsiz yanaşma ilə adamları çaşdırır, fəallıq nümunəsi göstərən insanlarımızı yanlış səmtə sürükləyir. Reallığı olduğu kimi görmək əvəzinə, süni, həqiqəti əks etdirməyən fikirlərin formalaşdırılmasına rəvac verilir.    

 

 

Paytaxt küçələri zibillidir, yoxsa...

Əlbəttə, bu sual bir az yersiz görünə bilər, amma məntiqlidir. Çünki hər bir sakin zibillərin daşınmasına görə (adambaşına) icra hakimiyyətlərinə, kommunal idarələrə pul ödəyir.

 

         Məgər Bakının küçələrində, parklarda, bulvarda zibil yoxdur? Nə qədər istəsəniz var. Şəhərin küçələrində, parklarda da nə qədər istəsən zibil qabları görə bilərsən. Hamımız şahidik ki, şəhərdə zibil qutusunu qoyub əlimizdəki tullantını yerə atanlardanıq. Onda,sadəcə müqayisə edin, Bakı küçələri zibillidir, yoxsa?

Nəzərə alaq ki, Göygöl xüsusi mühafizə olunan gözəl, füsunkar təbiət ərazisidir və ora zibil atmağa öz torpağını, Vətənini sevən adamın ürəyi gəlməz.  Amma görünür, hər kəs bu cür fikirləşmir, bəlkə də heç torpağını da sevmir... 

 

Paytaxtda da belədir, doğma şəhərinə biganə olanlar zir-zibilini avtomobillərdən düz yolun ortasına atır. 

Belə çıxır ki, biz hər yerdə bizik. Dağda da, meşədə də, şəhərdə də. Çoxlarıdüşünür ki, pul verirəmsə, zibili hara gəldi atmalıyam.

Ona görə “facebook”da dəbli mövzulardan yazanda seçməyin bu şəhərdir, bu Göygöldür və ya hər hansı dəniz sahilidir. Seçəndə yalnız özümüzü seçək, yerindən asılı olmayaraq zibilliyənləri...

 

 

                                                                   Böhtan atanlar və şəffaflıq istəyənlər üçün...

Göygöl Milli Parkında giriş pullarının haraya xərclənməsi və daxil olan vəsaitin məbləği, o cümlədən ümumi vəsaitin idarə olunması barədə də sosial şəbəkədə bəzi istifadəçilərin dedi-qodularına rast gəldiyimdən bu söhbətlərə aydınlıq gətirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərdim. 

 

Əvvəlcədən qeyd edim ki, ehtimal olunduğu kimi, sorğuma verilən cavablar o qədər şəffaf və aydındır ki, həqiqət və ədaləti sosial şəbəkədən axtaranların ürəyincə olacaq və rəsmi qurumun reaksiyası təqdir ediləcək.

Lakin qərəz və kinini püskürmək üçün əsası olmayan yorumlarla populist çıxışlar edənlər məyus qalacaq.  ETSN-nin cavabı:  

                           

“Göygöl Milli Parkını 2016-cı il avqustun 17-dək 121 min vətəndaş ziyarət edib. Bunların 63723 nəfəri müvafiq qaydada bilet almaq yolu ilə Milli Parka daxil olub. 57277 nəfər imtiyazlı şəxslər kateqoriyasına aid olduğundan (Nazirlər Kabinetinin 21 aprel 2015-ci il tarixli 114 nömrəli qərarına əsasən məktəbəqədər uşaqlar, məktəblilər və onları müşayiət edən müəllimlər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən şəxslər imtiyazlı şəxslər kateqoriyasına aid edilir) onlar giriş pulundan azad edilib.

 

Bu günə qədər Göygöl Milli Parkının xüsusi fonduna giriş pulu, nəqliyyat xidməti və digər mənbələr hesabına ilin ötən  dövrü ərzində 160 min manatdan çox vəsait daxil olub (bunun 127446 manatı giriş biletlərindən, qalan 32554 manatı digər xidmətlərdən) və bu barədə mütəmadi olaraq vergi orqanlarına hesabat təqdim edilir.

 

Nazirlər Kabinetinin 21 aprel 2015-ci il tarixli 114 nömrəli qərarına əsasən bütün Milli Parkların ərazisinə (yüksək dağlıq əraziləri istisna olmaqla) giriş pulludur və 2 manat təşkil edir.

 

Nazirlər Kabinetinin daha əvvəl qəbul olunan 12 iyul 2005-ci il tarixli 134 nömrəli qərarına uyğun olaraq isə milli parklara girişdən və digər xidmətlərdən daxil olan vəsaitlər müvafiq idarələrin (milli parkların) xüsusi fondlarına toplanır və yalnız həmin milli parkın infrastrukturunun qurulması, təbiət obyektləri komplekslərinin bərpası və saxlanılması, turist təyinatlı obyektlərin tikintisi və bu kimi tədbirlərə xərclənə bilər.

Milli Parkda giriş və digər xidmətlərin göstərilməsi ciddi maliyyə blankı sənədi statusundadır, müvafiq lisenziyası olan mətbəədə çap etdirilən giriş biletləri və digər sənədlər əsasında həyata keçirilir. Hər ay bu barədə vergi orqanlarına müvafiq hesabat verilir. Aidiyyəti rayon maliyyə şöbəsinin yazılı razılığı olmadan vəsaitlərin istifadəsi (yəni bank hesabından çıxarılıb hansısa tədbirə yönəldilməsi) mümkün deyil.

 

Qeyd edək ki, xidmətlərin keyfiyyəti və daxil olan vəsaitlərin dövriyyəsinə nəzarət olunması məqsədilə  nazirliyin bir-biri ilə təşkilatıasılılığı olmayan 3 qurumunun əməkdaşları ərazidə ciddi nəzarət həyata keçirir.”

 

 

Göygöl Milli Parkında vəsaitlərin mənimsənilməsindən danışmaq vicdansızlıqdır

 

Sorğuma verilən rəsmi cavabda qeyd edilir ki, bu günə qədər toplanan vəsaitlərdən 1 qəpik belə istifadə olunmayıb: “Lakin yığılan vəsaitlərin Göygöldən Maralgölə gedən 6 km uzunluğunda yolun bərpasına, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə (turistləri daşımaq üçün yeni avtobusların, elektromobillərin  alınması), yeni turist marşrutları üzrə cığırların yaradılmasına, ərazidə velosiped yolunun çəkilişinə və digər ehtiyacların ödənilməsinə xərclənməsi nəzərdə tutulub.

 

Amma bu o demək deyil ki, Maralgölə gedən yola asfalt və ya beton döşənəcək. Burada istifadə edilən nəqliyyat vasitələrinin tez sıradan çıxmaması üçün yalnız çuxurlar doldurulacaq. Bura xüsusi qorunan təbiət ərazisidir”.

 

Yeri gəlmişkən, bu münasibət məni də düşündürdü. Həqiqətən də nazirlik təbiətə həssas münasibət aşılayır. Fikrimcə, doğrudan da  biz təbiəti özümüzə uyğunlaşdırmamalıyıq, özümüz ona uyğunlaşmalıyıq. Avtobuslar isə yaşlılar və uşaqlar üçündür. Bura vəhşi təbiətdir, istirahət parkı deyil...    

Sorğuya cavabda deyilir ki, Milli Parkın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün alınması planlaşdırılan elektromobil daşıyıcıların qiyməti - 8 adamlıq 22125 manat, 6 adamlıq 18644 manat, 28 nəfərlik “Hyunday” markalı avtobusların qiyməti isə 100 min manat civarındadır:

 

“Hazırda Milli Parkda turistlərin daşınması üçün nazirliyin alıb təhvil verdiyi 3 ədəd “Qazel” və 2 ədəd “Hyunday”markalı avtobuslardan istifadə olunur. Yeni və müasir nəqliyyat vasitələrinin alınması sərnişinlərin Milli Parkın daxilində daşınması işinin daha da təkmilləşdirilməsinə xidmət edəcək.”

 

Verilən cavabdan belə qənaətə gəlinir ki, bu qədər şəffaflıq olduğu halda Göygöl Milli Parkında yığılan vəsaitlərin mənimsənilməsi haqqında faktsız-sübutsuz danışmaq ən azı vicdansızlıqdır.

 

Sorğuya verilən cavabda deyilir: “Ərazidə fəaliyyət göstərən obyektlər və onların gəlirlərinə gəldikdə, bu obyektlər özəl şirkətlərin uzunmüddətli icarəsinə verilib və onlardan hələ ki Milli Parkın xüsusi fonduna hər hansı ödəmə olunmayıb.

 

Belə ki, gəlirlərin iaşə obyektlərinin təminatının yüksəldilməsinə, ətrafının abadlaşdırılmasına, bu obyektlərin qəbul olunan standartlara uyğunlaşdırılmasına yatırılması nəzərdə tutulub. Sadalanan işlər başa çatandan sonra buradan daxil olan icarə haqları da Milli Parkın xüsusi fonduna köçürüləcək.”

 

 

Başqalarının tullantılarını toplamaq nazirlik əməkdaşının vəzifə borcu deyil...

 

“Göygöl Milli Parkı ərazisinin zibillənməsi,  əslində  uşaqdan böyüyə hamımızı düşündürməlidir”, - deyə açıqlamada vurğulanır: “Bəzən məsələnin mahiyyətindən xəbəri olmayanlar bunun səbəbini “Ekologiya Nazirliyinin işçilərinin ərazini zibillərdən yaxşı təmizləməməsi və ərazidə zibil qablarının sayının azlığı ilə” izah edirlər. Amma əsl həqiqət ondan ibarətdir ki, vətəndaşlarımız onları əhatə edən təbii mühitə münasibətdə kifayət qədər etinasızdır.

Təəssüf  ki, buna hər addımda rast gəlirik, insanlarımız hətta yaşadıqları binanın, məhəllənin, şəhərin zibillənməsində bilavasitə iştirakçı olur”.

 

Hesab edirik ki, nazirliyin rəsmi açıqlamasında deyildiyi kimi, Göygölün zibillənməsi də məhz buradan qaynaqlanır. Çünki Göygölə gələnlərinəksəriyyəti öz vətəndaşlarımızdır. Yəqin çoxları bilir ki, dünyanın heç bir yerində istər milli parklarda, istərsə şəhərlərdəki parklar və ya küçələrdə hər 50 və ya 100 metrdən bir zibil qabı qoyulmur, yalnız  dayanacaq yerlərində və ya müvafiq intervallara əsasən konteynerlər yerləşdirilir və insanlar ondan uzaqda belə yaranan tullantılarını gətirib məhz orada boşaldırlar.

Belə çıxır ki, sahəsi yüz min hektarla ölçülən meşə fondu torpaqlarında da həmin intervalla zibil qabı yerləşdirilməlidir?

 

Bununla belə, fikrimcə, Göygöldə baş verənlərə görə Göygöl Milli Parkının əməkdaşlarınında məsuliyyəti var,onlar ərazini zibilliyənlərə qarşı sərt inzibati tədbirlər görməlidirlər. Ərazidə kifayət qədər zibil qabları qoyulub, tullantıların atılmasını qadağan edən nişanlar və plakatlar vurulub. Daha  başqalarının biabırcasına səpələdiyi tullantıları toplamaq nazirlik əməkdaşının vəzifə borcu deyil, olsa-olsa insanlıq borcudur.

 

Əgər kimsə 2 manat vəsait ödəyib,  Milli Parka girdiyi üçün məişət tullantısını hara gəldi atmaqda özünü haqlı sayırsa, bu ən aşağı mənəviyyatın göstəricisidir...

 

 

Son söz əvəzi

 

Sosial şəbəkə hər kəsin istədiyi mövzu ilə bağlı fikrini bildirməsi üçün tribunadır. Ancaq bu imkandan sui-istifadə edib böhtan atmaq  savadsızlıq və ədəbsizlikdir. Ağzını açıb cinayət tərkibli ittiham irəli sürməzdən əvvəl düşünmək lazımdır: sən özün kimsən? Bəlkə də araşdırsaq, görərik ki, kimisə ittiham edənlərin özləri elə ittiham obyektidir.

 

    Azər Hüseynbala

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub