Prezident İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilən iclasında verilmiş tapşırıqlardan irəli gələn vəzifələr “Bakıelektrikşəbəkə” ASC-də müzakirə edilib.
“Bakıelektrikşəbəkə” ASC idarə heyətinin sədri B.Rzayev çıxışında dövlət başçısı İlham Əliyevin tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdırıb, mərkəzi və yerli strukturlarda abonentlərin haqlı narazılıqlarına səbəb olan mövcud mənfi halların, o cümlədən vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün ciddi tədbirlər görülməsinə dair konkret göstərişlər verib.
İclasda abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, enerji istehlakçılarının şikayətləri üzrə operativ tədbirlərin görülməsi məqsədi ilə iş planının hazırlandığı bildirilib, fasiləsiz fəaliyyət göstərən “Qaynar xətt”in təşkil edildiyi, mənfi hallarla bağlı olan şikayətlərə obyektiv baxılması və nöqsanlara yol vermiş hər bir əməkdaş barəsində qanunauyğun ölçü götürülməsi xüsusi vurğulanıb.
Qeyd olunub ki, son bir ildə istehlakçıların şikayətləri əsasında əmək və xidmət intizamının pozulması hallarına yol vermiş 2 əməkdaş barəsində materiallar hüquq-mühafizə orqanlarına göndərilib, 11 nəfər tutduğu vəzifələrindən azad edilib,184 əməkdaş barəsində əmək qanunvericiliyində nəzərdə tutulan digər intizam tənbehi tədbirləri görülüb.
Modern.az