Modern.az

Gürcüstandakı azərbaycanlı tələbələr: "Azərbaycanın ayırdığı pullar şəffaf bölünmür"

Gürcüstandakı azərbaycanlı tələbələr: "Azərbaycanın ayırdığı pullar şəffaf bölünmür"

3 Fevral 2011, 12:48

Samirə İsmayılova: “Azərbaycan tərəfin ayırdığı pulun necə, hansı kriteriyalara görə verildiyi bilinmir”

Müsahibimiz Gürcüstan Azərbaycanlıları Tələbələri Assosiasiyasının (GATA) sədri Samirə İsmayılovadır. O həm də Gürcüstan Texniki Universitetinin informatika va menecment ixtisasının üçüncü kurs tələbəsidir. Samirə ilə Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrin problemləri, son illər bu sahədə hökumətin gördüyü işlər və s. barədə söhbətləşdik. Əvvəlcə Samirə təşkilatlarının hansı amal uğrunda mübarizə apardığıından, hansı işləri gördüklərindən danışdı.

HƏMYERLİLƏRİMİZ NİYƏ QEYDİYYATI OLMAYAN UNİVERSİTETLƏRİ SEÇİR?

- Gürcüstan Azərbaycanlıları Tələbələri Assosiasiyasını yaratmaqda məqsədiniz soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiyasını sürətləndirmək idi. Gürcü dilini bilmədən,  təhsil almadan, ölkədəki situasiyadan xəbərsiz olub cəmiyyətə inteqrasiya etmək mümkünsüzdür. 2008-ci ildə Kvemo-Kartli regionundan təxminən 12 nəfər məzun dövlət ali məktəblərinə qəbul olunub. Dmanisi və Bolnisidə yaşayan azərbaycanlılar arasından isə bircə nəfər də dövlət ali məktəblərinə qəbul olunmamışdı. Buna görə də işimizə dövlət ali məktəblərində azərbaycanlı gənclərin sayını artırmaqla başladıq. Düşünürük ki, əgər ali məktəblərdə təhsil alan soydaşlarımızın sayı bu gün 5, sabah 10 nəfər olsa, bu, gələcək ziyalılarımızın sayının çox olması deməkdir. Say artdıqca rəqabət də güclənəcək və  onların içərisindən daha güclüləri ilə daha çox şeylərə nail olmaq mümkün olacaq.

- Vurğuladınız ki, dövlət ali məktəblərinə qəbulun çoxalmasına çalışırsınız. Gürcüstandakı özəl ali məktəblərdə təhsilin keyfiyyəti aşağıdır?

- Xeyr. Hətta bəzi özəl universitetlər təhsilin səviyyəsinə görə daha güclüdür. Söhbət ondan gedir ki, azərbaycanlılar həmin özəl ali məktəbləri deyil, qeydiyyatı olmayan, diplomları dövlət tərəfindən tanınmayan ali məktəbləri seçirlər. Həmin universitetlərin tələbələrinin tərkibinə diqqət yetirsək, görərik ki, əksəriyyəti Gürcüstan və Azərbaycandan olan soydaşlarımızdır. Çünki həmin universitetlərə qəbul imtahansızdır, bu cür ali məktəb rəhbərlərini ancaq və ancaq pul düşündürür.  Sonda isə həmin universitetlərin məzunları diplom əllərində işsiz qalırlar.

“DƏHŞƏTƏ GƏLİRƏM...”

- Soydaşlarımızın sayının dövlət ali məktəblərində artması üçün hansı işləri görürsünüz, hansı layihələri gerçəkləşdirirsiniz?

- 2010-cu ildə üç layihə həyata keçirmişik. İlk azərbaycanlı təşkilatı idik ki, Abituriyentlərin Konstitusiya Mərkəzindən layihə udduq. Layihə çərşivəsində sayt yaratmışıq və abituriyentlər üçün treninqlər keçiririrk. Gürcüstanın Təhsil Nazirliyi də bizi dəstəkləyir və bizimlə əməkdaşlıq edir. Etnik azlıqlarla bağlı yenilik olanda Təhsil Nazirliyi birinci bu barədə məlumatı bizə göndərir və biz bunu Azərbaycan dilinə tərcümə edib yerlərdə məktəb  direktorlarına təqdim edirik. Bundan başqa, Amerikanın Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə “Körpü” təşkilatı ilə birgə layihə həyata keçiririk. Layihə çərçivəsində 100 azərbaycandilli məktəb seçmişik ki, trenerlərimiz həmin məktəblərin 11 və 12-ci sinif şagirdləri ilə görüşür, onlara ali təhsil almaq üçün nə etməli olduqlarını izah edirlər. Ali məktəblərə hansı sənədlər lazımdır, imtahanlar nə vaxt keçirilir, hansı fənlərdən imtahan olacaq, ali məktəblərə qəbulla bağlı neçə proqram var, kimlər hansı proqram üzrə sənəd verə bilərlər və s. kimi lazımi məqamlara aydınlıq gətirir, abituriyentlərin suallarını cavablandırırıq. Onu da deyim ki,  Gürcüstan hökumətinin etnik azlıqlarla bağlı qəbul etdiyi proqramların hamısı gürcü dilində olduğu üçün etnik azlıqlar bunu əldə edə bilmirlər. Demirəm ki, bunda resurs mərkəzləri günahkardır. Elə direktorlar var ki, ya gürcü dilini bilmir, ya da onlarda maraq yoxdur ki, məlumatları şagirdlərə çatdırsınlar. Buna görə də  məktəblərə gedib qayıdandan sonra mobil telefonumu yerə qoya bilmirəm, şagirdlərdən ardıcıl zənglər gəlir. Dəhşətə gəlirəm. Ali məktəblərə qəbulla bağlı o qədər suallar verirlər. Çünki onların bu barədə məlumatları yoxdur, məlumata ehtiyacları böyükdür. Elə şagirdlər var ki, onlara düzgün istiqamət verilmir. Onlar arasında təbliğat aparılır ki, dövlət universitetində oxumağı neynirsiniz, özəl məktəblər yaxşıdır, çünki imtahan vermədən qəbul olunursan, təhsil haqqı da azdır, üstəlik burda oxusan təqaüd də alacaqsan. Nəticədə uşağın gələcəyini sual altında qoyurlar.

MARNEULİ MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ BÖLGÜ ŞƏFFAF APARILMIR

- Azərbaycanın bəzi şirkətləri, həmçinin dövlət orqanları Gürcüstanda təhsil alan tələbələrə təqaüd ayırır. Amma tələbələrlə görüşümüz zamanı onlar təqaüd ayrılarkən ayrı-seçkiliyə yol verildiyini bildirir, təqaüdün bir sıra hallarda tanışçılığa əsasən verildiyini söyləyirlər...

- İlk növbədə Gürcüstan azərbaycanlılarına göstərdikləri diqqətə, qayğıya görə, “SOCAR-Azərbaycan”a, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, həmçinin “Gilan Holding”ə təşəkkür edirik. Onlar bizimçün əllərindən gələni edirlər. Amma Gürcüstanın Marneuli Mədəniyyət Mərkəzində bölgü şəffaf aparılmır. Mən də daxil olmaqla tələbələr məhz bundan narazıyıq.

- Bölgü necə aparılır, hansı kriteriyalara əsasən tələbələrə təqaüd ayrılır?

- Problem ondadır ki, təqaüd alacaq tələbələrin siyahısını hazırlayan Marneuli Mədəniyyət Mərkəzi bunu açıqlamır. Azərabyacanın Gürcüstandakı səfiri ilə görüşdə də bu barədə söhbət etmişik, ona da narazılığımızı bildirmişik. Pulun necə, hansı kriteriyalara görə verildiyi bilinmir. Marneuli Mədəniyyət Mərkəzində siyahı müəyyənləşdirilir və pul siyahıdakı tələbələrin hesabına köçürülür. Şəxsən mən 3 dəfə sözügedən mərkəzə müraciət emişəm. Müraciətimin ardınca mərkəzə gedəndə isə hər dəfə deyiblər ki, sənədlərin itib, bir də müraciət et. Onu da deyim ki, mənim kimi tələbələr çoxdur. Yəni bu boyda Marneuli Mədəniyyət Mərkəzində elə bir sistem yarada bilməyiblər ki, sənədlər itməsin. Biz demirik ki, təqaüd niyə ona, buna verilir, bizə yox. Bizim də təşkilatda təqaüd alanlar va. Amma biz şəffaflıq istəyirik. Azərbaycan tərəfinin bizə ayırdığı pulun şəffaf bölgüsünü istəyiik. Forma müəyyənləşdirsinlər ki, hansı prinsiplərə görə təqaüd verilir və bunu tələbələrə də açıqlasınlar ki, bilək. Bu zaman heç bir tərəf narazı qalmaz. Bizə deyilmişdi ki, dövlət imtahanı verib universitetlərə qəbul olan tələbələrə veriləcək. Amma bizim apardığımız araşdırma nəticəsində bəlli oldu ki, bu təqaüd dövlət universitetində oxumayan, qeydiyyatdan keçən və hətta keçməyən özəl universitetin tələbələrinə də verilir. Abituriyntləri qeydiyyatı olmayan universitetlərdə təhsil almağa şirnikləşdirmək üçün onların təqaüd alacağını bildirirlər. Təəssüflər olsun ki, Kvemo-Kartli regionunda yaşayan soydaşlarımız bilmirlər ki, indi təqaüd alsalar da, belə universitetlərin diplomları Gürcüstan hökuməti tərəfindən tanınmır, yəni bu diplomlarla öz ölkələrində iş tapa bilməyəcəklər.

“QƏZETLƏR VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRMİRLƏR”

- Azərbaycanlı şagirdlərlə görüşürsünüz. Onlar gələcək təhsilləri barədə nə düşünürlər?

- Azərbaycanlı uşaqların əksəriyyəti Azərbaycana getmək və orada Azərbaycan dilində təhsil almağı planlaşdırırlar. Bizim isə məqsədimiz budur ki, həmyerlilərimiz Gürcüstanda qalıb Gürcüstan hökumətinin onlara yaratdığı şəraitdən istifadə edib elə öz vətənlərində ali təhsil alsınlar. Bununla da karyeralarını başqa ölkədə deyil, öz ölkələrində qursunlar.

- Dediniz ki, azərbaycanlı şagirdlər məlumatsızlıqdan əziyyət çəkirlər. Amma Gürcüstanda Azərbaycan dilində çıxan qəzetlər az deyil. Hətta Azərbaycan hökumətinin maliyyələşdirdiyi qəzetlər də var...

- Bəli, qəzetlər var, amma keyfiyyətləri çox aşağıdır. Amma hərə özünü öyməyə çalışır. Qəzetlərdə özlərini öyməyə ayırdıqları enerjini effektiv işlərə ayırsalar, nəticə daha yaxşı olar. O maliyyələr ki, qəzetlərə ayrılır, həmin qəzetlər öz vəzifələrini yerinə yetirmirlər. Yaxud da həmin qəzetlər bu qəzetə ehtiyacı olmayan adamlara paylanır. Onu da deyim ki, Gürcüstanın İTV kanalında da həftədə iki dəfə azərbaycanca xəbərlər verilir. Amma nəzərə alaq ki, soydaşlarımızın burada verilən xəbərləri hər zaman izləmək imkanları olmaya bilər.

“MƏQSƏDİMİZ LİDERLƏR HAZIRLAMAQDIR”

- Gürcüstan hökumətinin etnik azlıqlar üçün reallaşdırdığı “4+1” proqramı qəbul ediləndə də bunu soydaşlarımıza çatdırmaq yəqin ki, o qədər də asan başa gəlməyib...

- Elədir. Bu proqram yeni yarananda məlumat vermək üçün Kvemo-Kartlinin azərbaycanlılar yaşayan bir sıra regionlarına getmişdik. Təsəvvür edin, proqrama əsasən, soydaşlarımız 4 imtahan əvəzinə bircə məntiqdən imtahan verərək hazırlıq kurslarına qəbul olunmaq imkanı əldə edir və 1 il ərzində gürcü dilini öyrənmək şansı qazanırlar. Bu, etnik azlıqlar üçün böyük bir şansdır. Bu proqram öz dəyərini göstərməsə idi, yəni proqrama az uşaq maraq göstərsə idi, bu ildən bu proqramı aradan qaldırıb başqa proqram üzərində işləyəcəkdilər. Buna görə də biz və digər təşkilatlar da çalışdıq ki, azərbaycanlıları proqram barədə məlumatlandıraq ki, sənəd verənlər çox olsun. Təsəvvür edin, əgər 2008-2009-cu illərdə cəmi 25 nəfər tələbə dövlət ali məktəblərinə qəbul olmuşdusa, 2010-cu ildə 178 nəfər bu proqramla hazırlıq kurslarına qəbul oldu. 45 nəfər əsasən gürcü və rus məktəblərini bitirən soydaşlarımız isə gürcülər kimi 4 imtahan verib tələbə adını qazandılar.

-  “4+1” proqramı ilə ali məktəblərin hazırlıq kurslarına daxil olan azərbaycanlı tələbələrlə necə, əməkdaşlıq edirsinizmi?

- Bəli, layihələrimizdən biri ötən il gürcü dili hazırlıq kursuna qəbul olan 178 azərbaycanlı tələbə ilə  bağlıdır. Çalışırıq ki, onlara arxa duraq və şərait yaradaq ki, universitetərdə təhsil almaqdan əlavə, boş vaxtlarını da səmərəli keçirsinlər. Hətta tələbələrin hər imtahandan sonra topladıqları ballarla da maraqlanırıq. Çünki sonda onlardan 30 nəfər imtahanlardan ən yüksək bal yığanları seçib treninq-seminarlar keçəcəyik. Məqsədimiz liderlər hazırlamaqdır. Bir neçə təşkilat 1 ay ərzində onlara kütləvi informasiya vasitələri, insan hüquqları, konstitusiya, demokratiya və digər mövzularda seminarlar keçəcək. Eyni zamanda Gürcüstan parlamentinə, Təhsil Nazirliyinə, Prezident Aparatına, bir sıra muzeylərə ekskursiyalar təşkil edəcəyik. Onları bir sıra ali məktəblərlə də tanış edəcəyik ki, bu il ixtisas və universitet seçimində çətinlik çəkməsinlər. Həmin uşaqları regionlardan gəlib paytaxtda oxuyan gürcü tələbələr, eyni zamanda burda doğulub böyüyən tələbələrlə görüşdürəcəyik. Bu layihə onların gələcək həyatlarında lider olmaq üçün böyük şərait yaradacaq. Bundan sonra hər şeyi daha real görə biləcəklər.

SOYDAŞLARIMIZA DƏRS DEYƏN GÜRCÜ MÜƏLLİMİNİ İŞDƏN AZAD EDİBLƏR

- Ümumiyyətlə, 178 tələbədən neçə faiznin ali məktəblərə qəbul olma şansı var?

- Məncə, 75 faizi keçə biləcək. 

- Ermənilərdə vəziyyət necədir? Onlarda neçə nəfər hazırlıq kursuna daxil ola bilib?

- Ermənilərdən 121 nəfər keçib. Onlar zəifdilər. Azərbaycanlıların qəbul zamanı əldə etdiyi ən aşağı bal demək olar ki, ermənilərin ən yüksək balıdır.  Ermənilərin balı 21-dən, azərbaycanlıların balı isə 25-dən başlayır. Çünki ermənilər çox zəifdilər. Bizdə ən yüksək bal 57, onlarda 32 olub. Sözügüdən proqramla imtahan verən 250 azərbaycanlıdan 178 nəfəri, 170 ermənidən də 121 nəfəri qəbul olunub. Hazırlıq kursunu bitiən azərbaycanlı tələbələrdən 102 nəfər ən yüksək bal toplayanlar imtahan verib ali məktəblərə qəbul olunacaqları təqdirdə Gürcüstan hökuməti hər birinə il ərzində 2250 lari (təxminən 1120 AZN-L.M) ayıracaq.

- Eşitdiyimizə görə, azərbaycanlı tələbələri sıxışdırdığına görə ali məkətəblərdə gürcü dilindən dərs deyən gürcü müəllimi işdən çıxarıblar...

- Bəli. Gürcüstan universitetlərindən birində təhsil alan azərbaycanlı tələbələr bizə müraciət etdilər ki, onlara gürcü dilindən dərs deyən müəllim deyib ki, “Azərbaycanda gürcü məktəbləri yoxdur, niyə görə burda təhsil almaq üçün Gürcüstan hökuməti sizə şərait yaratmalıdır”. Bu da tələbələrə çox pis təsir etmişdi. Biz də Təhsil Nazirliyinə müraciət etdik. Bir həftədən sonra həmin müəllimi universitetdən çıxardılar.

- Ötən ilin aprelində Gürcüstan parlamentində “erməni soyqırımı” məsələsi gündəmə çıxarılacaqdı. Deyəsən, bunun da qarşısı məhz sizin təşkilatın sayəsində alınıb...

- Bizə məlumat bu məsələnin parlamentin iclasına çıxarılmasına bir gün qalmış çatdı. Əmin idik ki, bunu Gürcüstan hökuməti qəbul etməyəcək, amma ermənilərin bu barədə parlamentdə durub çıxış etməsi, yaxud elə bircə kəlmə “erməni soyqırımı” deməsi bəs idi. Elə gürcü deputatlar var ki, onların bu barədə, ümumiyyətlə, məlumatı yoxdur və nəticədə məlumatı olmayan beşcə nəfərə bu, təsir etsə idi, kifayət idi. Buna görə də dərhal parlamenrin sədrinin adına məktub yazdıq və azərbaycanlı deputat Ramin Bayramova da müraciət etdik. Ramin müəllimdən xahiş etdik ki, məktubun parlament sədrinə tez çatmasına kömək etsin. Sağ olsun, bizə kömək etdi və “erməni soyqırımı”nın Gürcüstan parlamentində müzakirə olunması saxlanıldı.


Lalə Musaqızı
Tiflis

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq