Modern.az

Həmyerlimiz retro avtomobillərin festivalına qatılıb

Həmyerlimiz retro avtomobillərin festivalına qatılıb

27 Avqust 2016, 22:44

Avqustun 27-də Vyanada retro avtomobillərin festivalı başlayıb. İki gün davam edən “Vyana klassika günləri” adlı festivalda müxtəlif dövrlərə aid 250-dən artıq avtomobil iştirak edir.

 

Festival çərçivəsində təşkil olunan müsabiqədə isə avtomobillərin texniki göstəriciləri, onların saz vəziyyətdə olması və müvafiq məsafələri əvvəlcədən təyin edilmiş zaman çərçivəsində qət etməsi yoxlanılır. Günün sonunda isə avtomobillər şəhərin mərkəzi küçələri ilə hərəkət edərək, parada çıxırlar.

 

Modern.az saytı "Azərtac"a istinadən xəbər verir ki, ilk dəfədir bu festivalda Vyanada yaşayan həmyerlimiz, retro avtomobillər həvəskarı Ramiz Mirzəyev də iştirak edib. O, festivala 1922-ci ilin istehsalı olan “Dort” markalı avtomobillə qatılıb.

 

İxtisasına görə aviasiya sahəsində çalışan Ramiz Mirzəyev hələ uşaqlıqdan avtomobillərə həvəs göstərib, hətta 16 yaşlı yeniyetmə olarkən müxtəlif ehtiyat hissələrindən iki yerlik avtomobil də düzəldib.

 

Bu istək onu heç zaman tərk etməyib və Ramiz Mirzəyev həmişə yenidən təmir edilərək istifadəyə yararlı hala gətirilməsi mümkün olan qeyri-adi retro avtomobil axtarışında olub. Belə bir avtomobili 2010-cu ildə əldə edən Ramiz Mirzəyev uzun zəhmətdən sonra bütün detallarını orijinal vəziyyətdə saxlamaqla, 1922-ci ildə ABŞ-da istehsal olunmuş dörd yerlik “Dort” markalı avtomobili yenidən “həyata” qaytara bilib. Bu il mayın 1-də isə o, bu retro avtomobillə ilk dəfə şəhər gəzintisinə çıxıb.

 

Ramiz Mirzəyev müsahibədə bildirib ki, cəmi 26 min ədəd buraxılmış “Dort” markalı avtomobil modelindən hazırda dünyada işlək vəziyyətdə olan cəmi 3 nümunə mövcuddur. Onlardan ikisi həmin avtomobilin vətəni ABŞ-da olsa da, Ramiz Mirzəyevin sahibi olduğu nüsxə isə Avropada yeganədir.

 

1915-1924-cü illər ərzində 100 mindən çox avtomobil istehsal edən “Dort Motor Car Company” sonra “Chevrolet” şirkəti tərəfindən alındı və öz adı ilə avtomobil istehsalını dayandırdı. Öz dövrü üçün bir sıra innovativ üstünlüklərə malik olan avtomobildə ilk dəfə sürət sabitləşdirici texnologiya da tətbiq olunub. 4 silindrli mühərriklə təchiz olunmuş avtomobil 22 at gücünə sahibdir və saatda 60 km sürətlə hərəkət edə bilir.

 

Həmyerlimiz Azərbaycan bayrağının dalğalandığı retro avtomobillə yaxın müddətdə digər Avropa ölkələrində təşkil olunan festivallara da qatılmaq niyyətindədir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir