Modern.az

Azərbaycanda 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Azərbaycanda 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılıb

5 Fevral 2011, 16:01

Məhkəmə-Hüquq Şurasının məhkəmə sistemində korrupsiya ilə mübarizəyə həsr olunmuş iclası keçirilib. Modern.az xəbər verir ki,  iclasda Ali Məhkəmənin, bütün apellyasiya instansiyası məhkəmələrinin rəhbərliyi, ixtisaslaşmış, habelə rayon (şəhər) məhkəmələrinin sədrləri iştirak edib.

Ədliyyə Naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, 2010-cu ildə məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə təkcə son illər ərzində ölkəmizdə 20-dək yeni regional məhkəmələr, o cümlədən apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlayıb, iş yükünün azaldılması məqsədilə hakimlərin və məhkəmə aparatı işçilərinin ştat sayı 2 dəfəyədək artırılıb, yeni qaydalarla, şəffaf və obyektiv prosedurlar əsasında 235 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunublar.

Kobud qanun pozuntuları və digər neqativ hallara yol verilməsi ilə bağlı hakimlər barədə 128 intizam icraatı, o cümlədən 11 nəfər barədə korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam icraatları başlanılıb, korrupsiya ilə bağlı 7 nəfərin səlahiyyətlərinə xitam verilib və ya aşağı işə keçirilib. Ümumiyyətlə isə fəaliyyətlərinin qiymətləndirilməsi və yol verilmiş  pozuntulara görə 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılıb.  
İclasda o da qeyd edilib  ki, görülmüş tədbirlərə, o cümlədən kobud qanun pozuntusu və digər nöqsanlara görə hakim korpusunun hər üçündən birinin intizam məsuliyyətinə cəlb edilməsi və ya səlahiyyətlərinə xitam verilməsinə baxmayaraq, korrupsiya, süründürməçilik, vəzifədən sui-istifadə hallarını tam aradan qaldırmaq mümkün olmayıb.
Təhlillər göstərir ki, bəzi hakimlər tərəflərin bərabərliyi və çəkişmə prinsipinin, müdafiə hüququnun real təmin olunmasına şərait yaratmır, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşaraq vətəndaşlarla kobud rəftara yol verirlər. Süründürməçilik, o cümlədən məhkəmə proseslərinin təyin edilən vaxtda başlamaması, məhkəmə qərarlarının, habelə apellyasiya şikayətlərinin vaxtında göndərilməməsi, qərarların icraya yönəldilməsində gecikdirmələr, vəsatətlərə lazımi diqqət yetirilməməsi, iddia ərizələrinin bəzi hallarda əsassız qaytarılması, məhkəmə qərarlarının icrasına nəzarətdən hakimlərin özlərini kənarlaşdırması vətəndaşlarda haqlı narazılıq və şikayətlərlə nəticələnir.

Məhkəmə sənədlərinin keyfiyyətsiz, bəzən isə formal tərtibi, qanunvericiliyin tələblərinə zidd olaraq tərəflərlə qeyri-prosessual münasibətlərə yol verilməsi, ədalətli məhkəmə araşdırması hüququnun həyata keçirilməsində pozuntular, vahid məhkəmə təcrübəsinin və cəza siyasətinin formalaşmaması ciddi narahatlıq doğurur.

İclasda məhkəmə fəaliyyətində yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi, yuxarı instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən aşkar edilən korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər neqativ hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi vurğulanıb.

Nazir həmçinin, iclasda vahid məhkəmə təcrübəsinin və cəza siyasətinin formalaşması üzrə tədbirlər müzakirə edilib, məhkəmələrdə vətəndaşların qəbuluna diqqətin artırılması, bu işin ən səriştəli əməkdaşlara həvalə edilməsinin vacibliyi qeyd edilib, hakimlər üçün davamlı tədris kurslarının proqramlarında korrupsiyaya qarşı mübarizə, Hakimlərin Etik Davranış Kodeksinin tələbləri ilə bağlı mövzuların daxil edilməsi tapşırılıb.

Sonda iclasda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev, Şura üzvləri və məhkəmə sədrləri məhkəmə fəaliyyətində qeyd edilən pozuntulardan ciddi nəticələr çıxarılaraq, icra və əmək intizamına əməl edilməsi, neqativ halların, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmaların, insanların əsassız get-gələ salınmasının qarşısının alınması üzrə qəti tədbirləri vurğulayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?