Modern.az

Amerikanın Azərbaycana göndərdiyi yeni səfir gəlib

Amerikanın Azərbaycana göndərdiyi yeni səfir gəlib

7 Fevral 2011, 10:11

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına təyin etdiyi yeni səfir Metyu Brayza artıq Bakıya gəlib. 
Azərbaycan gələcəyi günü səbirsizliklə gözlədiyini bildirən M.Brayza təyinatın uzun çəkdiyi üçün üzrhaxlıq edib. Amma gəlişini «gec olsun güc olsun» atalar sözü ilə ifadə edib.

"Azadlıq" radiosunun məlumatına görə, Bakıya yenidən ABŞ-ın səfiri qismində qayıtmaqdan şərəf duyduğunu bildirən səfir iki ölkə arasında dostluq münasibətlərinin gücləndirilməsini və sülhün dərinləşməsini həvəslə gözlədiyini deyib.
«Biz sülhün, əmin-amanlığın, bundan başqa demokratik təsisatların yaradılması və gücləndirilməsində maraqlıyıq».
Mattew Brayza qısa çıxışdan sonra səfirlik əməkdaşlarının müşayəti ilə hava limanı tərk edib.

Onun Azərbaycana səfir təyin olunması bir müddət ləngiyib.

ABŞ prezidenti Barak Obama Brayzanı ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə 2010-cu ilin mayında namizəd verib. Amma avqustun 3-də məsələ Xarici Əlaqələr Komitəsində səsverməyə çıxarılarkən senator Barbara Bokser buna etiraz etmişdi. Buna görə səsvermə təxirə salınmışdı.

2010-cu il, sentyabrın 21-də ABŞ Senatının Xarici Əlaqələr komitəsinin işgüzar iclasında M.Brayzanın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi təsdiq edilib.
Xarici Əlaqələr Komitəsinin iclasında senatorlar Barbara Bokser və Robert Menendez bunun əleyhinə çıxıblar.

Kaliforniya senatoru Barbara Bokser xüsusi bəyanat yayaraq M.Brayzanın Azərbaycan və Türkiyəyə yaxınlığından narahat olduğunu, onun Bakıda səfir vəzifəsinə münasib namizəd olmadığını bildirib.

Bryazaya səs verməyəcəyini bəyan edən Nyu-Cersi senatoru Robert Menendez isə fikrini onun “Azərbaycan ərazisində yerləşən erməni məzarlıqlarının dağıdılmasına adekvat reaksiya verməməsi” sözləri ilə ifadə edib. Həmçinin də Brayzaya irad tutub ki, o, «erməni soyqırımı»nı tanımayıb.

M.Brayza səfir təyin edilməzdən əvvəl ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı, Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri vəzifəsində çalışıb. Bundan əvvəlsə Brayza Ağ Evdə Milli Təhlükəsizlik Şurasında Avropa və Avrasiya şöbəsinin direktoru olub. O, həmçinin ABŞ prezidenti və Dövlət Katibinin Xəzər regionu üzrə xüsusi müşaviri vəzifəsini tutub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?